“Son günlər bir çox sosial media səhifələrində hüquq-mühafizə orqanlarının, xüsusən də polis və polis rəhbərliyinin, prokurorluq orqanlarının məqsədli şəkildə hədəfə alındığını və ağır sözlərlə təhqir olunduğunu görürəm.
İndiki vəziyyətdə polisi, prokurorluğu və onların rəhbərliyini haqsız hücumlardan müdafiə etməyi ölkəmizdə sabitliyin və əmin-amanlaığın qorunmasının vacib şərti hesab edirəm. “Sancaq media” adı altında fəaliyyət göstərən bu şəbəkəni və onun arxasında dayananları etdikləri təhqirlərə, kontekstsiz paylaşımlara görə şiddətlə qınayır və onları bu yoldan çəkinməyə çağırıram”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Deputat əlavə edib ki, bir-iki nəfərə görə onminlərlə şəxsi heyəti hədəfə almaq qaranlıq məqsədlər güdüldüyünü göstərir:
“Məqsəd insanları emosional vəziyyətə gətirmək, hissləri ilə oynamaq, psixoloji təsir etmək və onları ayaqlanmağa dəvət etməkdir. Bu konstitusiya quruluşunu zorla dəyişməyə, qan tökməyə, dağıdıcılıq etməyə çağırışdır və bu hərəkətlərin mütləq şəkildə ya bu gün, ya da sabah cəzası var.
Bu gün ölkə vətəndaşlarının təhlükəsizliyini polis qoruyur, onların sayəsində övladlarımız rahat şəkildə gəzə bilir. Bir təhlükə hiss edən kimi, dilimizdə “Allah, kömək ol” kəlməsi var, gözümüz isə polis axtarır. Belə çıxmasın ki, mən boş yerdən polisi və prokurorluq orqanlarını müdafiə edirəm. Hər sahədə çatışmazlıq var və olacaq da. Kim qanunsuz hərəkət edirsə, cəzalandırlır və cəzalandırılmalıdır.
Ölkəmizdə sabitliyin, əmin-amanlığın, dövlətçiliyin qorunmasına verdiyi əvəzsiz töhfəyə görə cənab nazirə - Vilayət Eyvazova və rəhbərlik etdiyi bütün kollektivə, baş prokuror Kamran Əliyevə və bütün kollektivinə təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, biz bütün haqq və dövlət işlərinizdə dövlət və xalq naminə yanınızdayıq”.
R.Nurullayev çıxışın davamında deputatı olduğu İmişlidə olan məsələlərə də toxunub:
“İmişli ənənəvi olaraq qum-çınqıl karxanaları məkanı kimi tanınıb və bu sahə minlərlə iş yeri yaradıb. Hazırda İmişlidə 2-3 karxanadan başqa digər onlarla karxana sahələri qapadılıb və bu da iş yerlərinin kütləvi azalmasına gətirib çıxarıb. Qım-çınqılın çıxarılması ilə bağlı yeni qaydalar müəyyənləşdirilib və bildiyiniz kimi, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il traxili Sərəncamına əsasən, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb.
Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarının tez bir zamanda açılması bağlanmış iş yerlərinin bərpasına gətirib çıxarar və bahalaşmanın qarşısını alardı. Mənzil tikintisində, digər tikinti sahələrində qum-çınqıl geniş istifadə olunur.
Məhz mənzil və tikinti sahəsində bahalaşmanın bir səbəbi də qum-çınqıla olan təlabatın kəskin artması və yerli sahibkarların bu ehtiyacı təmin edə bilməməsidir. Vacibdir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı qaydaları tezləşdirsin və icazələr verilməyə başlasın”.