AZ

Milli oyanış dövrünün ilk lüğəti

Yurdsevər ziyalının bu kitabı qiymətli dilçilik qaynağıdır

Prezident İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında 3 fevral 2025-ci il tarixli Sərəncamında qeyd olunur ki, Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır.

Üzeyir Hacıbəylinin çoxşaxəli elmi-publisistik və ictimai-siyasi fəaliyyətində dilçilik və lüğətçilik sahəsində çalışmaları da önəmli yer tutur. Onun 22 yaşında tərtib etdiyi “Türk-rusi və rusi-türk lüğəti”nə o zaman ana dilimiz öz adı ilə - türk dili adlandığından belə ad qoyulub. Lüğətin üz qabığında başda “Üzeyir bəy Hacıbəyov” yazılıb. Kitabın adından sağda isə qeyd edilib: “Qəzetə və cəraidlə məşğul olanlardan ötrü pək lüzumlu bir dəstur-ül əməldir” (“Qəzet və jurnalla məşğul olanlardan ötrü çox lazımlı bir təlimatdır” - E.M.). Qarşı tərəfdə isə “Mətbuatda müstəməl (işlənən - E.M.) siyasi, hüquqi, iqtisadi və əsgəri sözlük” yazılıb.

94 səhifədə əsas hissə, 30 səhifədə əlavədən ibarət olan kitab, eyni zamanda, izahlı lüğət olaraq dəyərlidir. Üzeyir bəy zəruri hallarda siyasi-hüquqi, hərbi terminlərin dilimizdə izahını vermişdir. Bunların bir çoxu bu gün də əhəmiyyətlidir, yazıda və canlı ünsiyyətdə işlədilməyə layiqdir. Lüğətin tərtibində sözlərin mənşəyi və hansı dilə aid olduğunu bildirən işarələrdən istifadə edilməsi də təqdirəlayiqdir. Məsələn, “lat” - latınca, “nem” - almanca, “ə” - ərəbcə və s.

Lüğətə Məhəmməd Əmin Rəsulzadə qısa, lakin maraqlı ön söz yazmışdır. “Naşir tərəfindən” adlı ön sözün mətnini olduğu kimi təqdim edirik: “Mətbuat artdıqca, tərəqqi və təkamül meydan aldıqca camaat arasında mədəni müəssisə və işlər çıxdıqca ədəbiyyat da bollaşıb yeni istilahat və ibarət meydana gəliyor. Üsuli-məişət dəyişdikcə tərzi-lisan da dəyişir. On il bundan irəlidəki sözlərlə bugünkü əhval və ouza (vəziyyət - E.M.) ifadə ediləmir. Avtomabil olduğu yerdə öküz arabası ilə ektefa etmək (irəli getmək - E.M.) olmaz. İştə Rusiyənin köhnə tərzi - idarə əsiranəsini darbadağın edən hərəkəti - əhraranə mətbuata vəsih (geniş - E.M.) bir meydan açdı. Həmin fürsətdən istifadə edib qəzetə və jurnala həsrət olan müsəlman aləmi birdən-birə müxtəlif qəzetə və jurnallar ilə doldu.

Qəzetəçi və jurnalçılarımız müxtəlif məsələlərdən, iqtisadi, siyasi, ictimai və qeyri məsələlərdən bəhs açıb da camaatın anlayamayacağı yeni istilahat və ibarət estemalına məcbur oluyorlar. Hörmətli qəzetə oxuyan vətəndaşlarımıza bu yolda bir müavinəti-mənəvi etmək üçün qələm arğadaşımız Üzeyir bəy Hacıbəyov həzrətlərinin bu qəsd ilə tərtib verdiyi qamus (lüğət - E.M.) türki-rus və rusi-türkisinin nəşrinə eğdam etdik.

Bu qamus həm rusca bilən, həm də rusca bilməyib fəqət türkcə oxuyan qarelərə (oxuculara - E.M.) yarayır. Türki qismində bəzi çətin sözlərə müfəssəl izahat və bəyanat verilmişdir. Hal-hazırda türk lisanına girmiş ərəb və fars əlfazından (sözlərindən-E.M.) başqa bir qədər əcnəbi Yuropa təbirati-siyasiyəsi daxil olduğundan həman təbirlər dəxi əcnəbi tələffüzü ilə yazılıb mənası bəyan edilmişdir və bir çoxunun, ədibi-şəhir (məşhur ədib - E.M.) Əli bəy Hüseynzadə tərəfindən dilimizə tətbiqi lüzumlu görünən ərəb və ya farsca müqabili yazılıbdır. Məsələn, mütləqiyyət, ictimaiyyət, zəmindarlıq və sairə.

Hər halda bu qamus qəzetə oxuyub yazanlara yaxşıca bir dəstur-əməldir”.

***

Üzeyir bəyin lüğətə daxil etdiyi ictimai-siyasi-hərbi istilahlar onların mənası ilə yanaşı, eyni zamanda, əhəmiyyətli öyrədici və təlqinedici keyfiyyətlərə malikdir. Bunu bəzi nümunələr əsasında gözdən keçirək:

Absolyutizm (lat.) – bir dövlət tərzi-idarəsidir ki, onun padşahı mütləqdir, yəni külli-ixtiyar sahibdir, mütləqiyyət, idarəye - mütləqe - Absolyutizm

Ettehade - eslam (ə) – yəni islam tayifələrinin birləşməsi və özlərini hər bir təcavüzatdan mühafizə və müdafiə etmək arzusu – Panislamizm.

İdarəye-mostəğele – dövlətdə bir cürə tərzi - idarədir ki, camaat üçün qanun və nizam tərtib etmək padşah ilə vüzəranın əlində olub cəmaət bu işə qatışmayır. Padşah dəxi külli ixtiyar sahibidir - Samoderjavie, Avtokratiya

İdarəye - məşrutə – padşahın ixtiyaratı küll və hədsiz olmayan bir dövlətdir ki, orada ümum məmləkət üçün qanun qoymaq və nizamlar tərtib etmək camaat vəkillərindən ibarət olan “Məclisi-məbusan”ın həll və müzakirəsi ilə olub, padşah dəxi təsdiq ediyor. Vəzirlərdən ibarət olan hökumət isə bu qanun və nizamnamələri icra ediyorlar və özləri də Məclisi-məbusan qabağında məsul və cavabdehdirlər – Konstitusionnıy obraz pravleniya.

Oportunizm (lat.) – İdareye - məşrutəsi olan dövlətlərdə tərəqqipərvər firqələrin öz məqsədlərinə yetişmək üçün hər bir fürsət ilə nəfbərdar olmaq qabiliyyətləri, fürsət yabi – Opportyunizm.

Ultimatum – birilərinə qoyulan axır ki və qəti şərt, şərti- axir - Ultimatum.

Qomandan (lat.) – qoşun böyüyü – Komandir.

Kontr-admiral – Bəhriyə mirlavası (general mayora mütabiq olan dərya mənsubu)

Onbaşı (fr.) – böyük saldat – Yefreytor.

Patrul (fr.) – gecələr şəhəri gəzmək üçün qoşundan təyin olunan qaravul, gecə gəzməsi - Patrul.

Parol (fr.) – müharibədə öz adamlarını düşməndən seçmək üçün qaravul əsgərlər arasında istemal olunan işarəli sözlər, esme - şəb - Parol Təxliyə (ə.) – boşaltmaq; işğal edilmiş bir şəhəri, ya səngəri qoşundan xali etmək – Evakuasiya.

Təmamiyyəte mülkiyə (ə) – bir dövlətin yer və mülk cəhətincə öz tamam halında olması – Territorialnaya çelosnost.

Hüriyyəti şəxsiyye – hər kəsin hər bir ədalətsiz və naşayəstə (nalayiq - E.M.) təcavüz və təhqirdən azad olması – Svoboda Liçnosti.

Lüğətdə sosializm, sosial demokratiya, sosial revolyusion firqəsi, taktika, strategiya, şovinizm və sair ifadələrin sadə dildə anlamı və rusca qarşılığı diqqətçəkicidir. Məsələn:

Şovinist – yalançı vətənpərəst.

Qanuni Əsasi – Məşrutəli ya cümhuriyyətli dövlətdə əsas və bünyad (təməl - E.M.) ettexaz edən bir qanundur ki, dövlətin tərzi təşkilini və idarəsini bildirir - Konstitusiya

Müsavat – bərabərlik, hamının hüquqca bərabər olması – Ravenstvo.

Millət (ə.) bir adət və dildə olan cəmiyyət – Nasiya

Qala bəyi (tr.) – şəhər hakimi – Qradonaçalnik.

Üzeyir bəyin lüğətində xüsusilə, siyasi terminlərin izahı və şərhinə diqqət yetirilmiş, sadə, anlaşıqlı dildə mürəkkəb ifadələrin açılışı təqdim edilmişdir. XX əsrin əvvəllərində çar Rusiyası və Avropa ölkələrinin mətbuatında tez-tez işlədilən siyasi, ictimai ifadələrin əhalinin müxtəlif təbəqələrinin maariflənməsinə yardımçı olmasına təşəbbüs edilmişdir. Bu lüğətdəki tərcümə və izahlar dövri mətbuatda dərc olunan ictimai-siyasi məzmunlu məqalələri, siyasi mətləbləri anlamaqda xalqa əhəmiyyətli dərəcədə kömək etmişdir.

Bir neçə nümunəyə nəzər salaq:

Məclisi məbusan – idarəye məşrutəli dövlətlərdə ən ali Məclisdir ki, onun üzvləri məmləkətin əhalisi tərəfindən intixab olunmuş vəkil və ya məbuslardır (nümayəndələr - E.M.). Məclisin vəzifəsi vəzi - qəvanin və idareye - məmləkətdir. Bütün məmurlar – vəzirdən tutmuş ən kiçik məmura qədər bu Məclis qabağında məsul və cavabdehdirlər. Məclisi məbusanın üzvləri əhalinin öz içindən olub da bütün ehtiyacati - həyatiyəyə dürüst aşna olduğundan əhalinin həyat və məişətinə müvafiq qəvanini-vəz etməklə məmləkəti xodsər (özbaşına - E.M.) məmurların keyfi idarələrindən azad ediyor və bununla həm dövlətin şövkətinə və həm də əhalinin rifahına kömək yetirirlər – Parlament.

Qosmopolitizmə (yun.) vətən oğlu olmayıb “dünya oğlu” olmaq əqidəsi; Bu əqidə sahibləri bəzən kütahbinlikdən (darbaxışlılıq- E.M.) ibarət olan vətənpərvəri və millətpərəstliyi kənara atıb ümum insanlara bir nəzər ilə baxmağı əfsəl bilirlər və ümum insanları üfuğğət və qardaşlığa dəvət ediyorlar. İnsaniyyət pərvəri – Kosmopolitizm.

Qomunizm (lat.) – Əgər qədim zamanlarda “qomunizmə”dən ibarət əmval və əmlakın və hətta arvadların da bir adama məxsus olmayıb hamıya mütəəlləğ olması idi, yəni məlum bir mal və əmlaka və hətta bir arvada da hamı şərik idi, indi “qomunizmə” odur ki, heç bir kəsin xüsusi bir şeyi olmayıb hər bir şeyi dövlətə və yainki müstəqil və muxtar olan cəmiyyətlərə mütəəlləğ olsun ki, bunlar da hər kəsə bərabərcə bir şuğl (iş, məşğulluq - E.M.) versin və hər kəs hər bir məhsulatdan musəvi surətdə mustəfid (bərabər surətdə faydalansın - E.M.) olsun. “Kommunizmə”nin “sosializm”dən fərqi odur ki, “sosializmə” ancaq bir sərmayə və alat kəsbin və istehsalının ümumiliyini tələb etdiyi halda, “qomunizmə” hər bir şeyin ümumiliyini tələb ediyor, iştirakiyyət – Kommunizm.

Makiyavellizm – hiylə və təzvirli (saxtakarlıqlı - E.M.) olan politika, əxlaq və ədəbi nəzərə almayıb hiylə və politika ilə dolanma - Makkiavelizm.

Mühafizəkar – mövcud olan qaydaları saxlamağa və yeni heç bir şeyi qəbul etməməyə çalışan adam. Dövlətin köhnə tərzi -idarəsini hifz etmək arzusunda olan – Konservator.

Militarizmə (lat.) – qoşunbazlıq, dövlətlərin qoşunlarını gücləşdirib də bu novilə sülhü-ümumini saxlamaqlarıdır ki, bunun artıq məsarif və məxarici olduğuna görə əhaliyə iqtisad cəhətincə zərərdir - Militarizm.

Sesessionist (lat.) – bir dövlətin əhalisinin müxtəlif dillərinə görə qisimlərə bölünməsi tərəfdarı – Sesessionist.

Separatizmə (lat.) – muxtariyyət – tabe olduğu bir dövlətdən ayrılmaq və öz-özünə olmaq arzusu, siyasət və ya dinə ayrılmaq həvəsi – Separatizm.

Demokratiya (yun.) – dövlətdə bir günə tərzi idarədir ki, bütün hökumət və ixtiyarat, məsələn, qəvanin qoymaq, dövlət varidatını lazım olan yerlərə məsrəf etmək və məmləkəti dolandırmaq işləri padşahda olmayıb ümum millət əlində olur. Millət öz nümayəndə və vəkilləri vasitəsilə istər hökuməti-mərkəziyyəni, istər hökuməti-məhəlliyəni əlinə alıb özü məmurlar təyin ediyor. Məmurlar dəxi ən böyüyündən ən kiçiyinə kimi hər vəxt millət qabağında məsul olurlar - İdarəye-amiyə - Demokratiya.

Lüğətin sonunda yer almış rusca-türkcə hissəsində izahsız şəkildə A-dan Э-yə 1000-ə yaxın çoxişlənən ifadənin rus dilindən türkcəyə (azərbaycancaya) qarşılığını verməklə, Üzeyir bəy yazarlara və oxuculara asanlıqla maraqlandıqları, yaxud yazılışı və tələffüzünü bilmək istədikləri sözün türkcə qarşılığını tapmağı, izahını bilmək istədikdə isə lüğətin də həmin türkcə sözü tapıb geniş mənasını oxumağı asanlaşdırmışdır.

Ümumən, Üzeyir bəyin zəngin və çoxsahəli irsinin tərkib hissəsi kimi “Türk-rusi və rusi-türk lüğəti” dilçilər, politoloqlar, hüquqşünaslar, hərbçilər üçün indi də öz dəyərini saxlayan maraqlı izah və şərhlərlə zəngindir və geniş tədqiq və təbliğ edilməyə layiqdir. Bunun üçün əski əlifbada tərtib edilən bu lüğətin indiki latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr edilməsi dahi mütəfəkkirin anadan olmasının 140 illiyinə daha bir töhfə olardı.

Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru

Seçilən
4
1
xalqqazeti.az

2Mənbələr