AZ

Yazar: “Ədəbiyyat, mədəniyyət daha heç bir işə yaramır”

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Cəlil Cavanşir: “Belə bir iyrənc dünyada, aclığın, səfalətin, savaşın hökm sürdüyü bir çağda Nobel Mükafatı ilə maraqlanmaq, bu tip "şənliklərə" vaxt itirmək mənasızdır”

“Bütün mükafatlar dəyərsiz və əhəmiyyətsizdir və heç biri insanlığa xidmət etmir”

2025-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı açıqlanıb. Bu il mükafat 71 yaşlı macar yazıçısı Laszlo Krasznahorkaya verilib. İsveç Akademiyasının açıqlamasında bildirilib ki, müəllif bu mükafata “apokaliptik qorxu içində belə, incəsənətin gücünü təsdiqləyən təsirli və vizioner yaradıcılığına görə” layiq görülüb.

Qeyd edək ki, müasir macar yazıçısı və ssenaristi, dünya ədəbiyyatında postmodern üslubun ən mühüm nümayəndələrindən biri Laszlo Krasznahorkay 1954-cü ildə Macarıstanda dünyaya gəlib. Əvvəl hüquq ixtisası üzrə oxuyub, daha sonra Budapeştedə macar dili və ədəbiyyatı üzrə təhsil alıb. 2015-ci ildə “Buker” mükafatına layiq görülüb, dəfələrlə Nobel mükafatına namizəd göstərilib.

Laszlo Krasznahorkay Mərkəzi Avropa ədəbi ənənəsinin böyük epik yazıçılarından biri sayılır. Onun yaradıcılığı Franz Kafkadan Tomas Bernarda qədər uzanan xəttin davamı kimi absurdizm və qrotesk elementləri ilə səciyyələnir.

Eyni zamanda, yazıçının əsərlərində Şərq düşüncəsinə yönələn, daha təfəkkürlü və incə tonlara malik yanaşma da müşahidə olunur. Bu, onun yaradıcılığını həm fəlsəfi dərinlik, həm də ədəbi orijinallıq baxımından fərqləndirir.

Məlumat üçün bildirək ki, ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. Ədəbiyyat üzrə ilk “Nobel” mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib. Ötən il isə ədəbiyyat üzrə Nobel mükafatına 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang layiq görülüb.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatını dəyərləndirən tanınmış jurnalist, tərcüməçi İbrahim Nəbioğlu bildirib ki, Nobel mükafatını kimin alacağını təxmin etmək ən çətin işlərdən biridir. Sol təmayüllü komitə üzvlərinin kimə səs verəcəyini bilmək üçün gərək münəccim olasan: “Ancaq oxuduqlarımdan, bildiklərimdən yola çıxaraq bəzi təxminlərim vardı.

2025-ci il üçün mənim favoritim məhz Lazslo Krasznahorkay adlı 71 yaşlı macar yazıçısı idi. Çünki bu dəfə Nobel mükafatını sərhədləri dağıdan, dilləri birləşdirən, insan şüurunun metafizik qatlarına enən bir yazara veriləcəyini hiss edirdim.

Ədəbiyyat təkcə yazılı mətn deyil, o, həm də bəşəriyyətin düşüncə laboratoriyasıdır. İndi bu laboratoriyada şüurun, dilin və yaddaşın sərhədlərini genişləndirənlər qalib gəlməlidir. Bu düşüncələrimə ən uyğun gələn də elə “apokaliptik düşüncənin estetik memarı” sayılan Lazslo Krasznahorkaydır. “Krasznahorkay dünyanın xaos içindəki nizamındakı xaosu təsvir edir, cümlələri kainatın sonuna qədər uzanır”, – qulağa bir qədər fərqli gəlir, elə deyilmi?

Macar yazarın əsərləri Azərbaycan türkcəsinə çevrilibmi, bilmirəm. Amma Türkiyə türkcəsində onun “Şeytan tanqosu” (Satantango), “Dirənişin melanxolisi” (The Melancholy of Resistance), “Seiobo orada aşağıda” (Seiobo There Below) kimi məşhur əsərləri tərcümə olunub. Həm də "ChatGPT" ilə deyil, Roza Hakmen kimi usta tərcüməçi tərəfindən. Mənə elə gəlir ki, Krasznahorkay oxumaq xaosun içində nizamın hələ də nəfəs aldığını hiss etməkdir…”

Yazar Cəlil Cavanşir isə Sherg.az-a açıqlamasında artıq uzun illərdir ki, mükafat alan yazarlar və əsərlərlə maraqlanmadığını deyib:

 “Artıq Nobel Mükafatı kimi kapitalist oyunbazlıqlarla maraqlanmıram və bu ilin Ədəbiyyat üzrə Nobel Mükafatçısını tanımıram, heç bir əsəri ilə tanış deyiləm. Belə bir iyrənc dünyada, aclığın, səfalətin, savaşın hökm sürdüyü bir çağda Nobel Mükafatı ilə maraqlanmaq, bu tip "şənliklərə" vaxt itirmək mənasızdır. Dünyanın dörd bir yanında aclıqdan, səfalətdən, ehtiyacdan ölən uşaqları düşündükcə ədəbiyyatın, mədəniyyətin heç bir işə yaramadığına əmin oluram. Bütün mükafatlar dəyərsiz və əhəmiyyətsizdir və heç biri insanlığa xidmət etmir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
sherg.az

1Mənbələr