AZ

Fındıq, badam və qoz bağlarında məhsuldarlıq azalıb, qiymətlər artıb

"Son illərdə Azərbaycanda fındıq, badam və qoz istehsalında nəzərəçarpacaq azalma müşahidə olunur. Bu azalma həm məhsuldarlığın aşağı düşməsi, həm də istehsal xərclərinin artması ilə bağlıdır. Mövcud vəziyyət fermerlərin gəlirinə birbaşa təsir göstərir və bazarda məhsul qiymətlərinin artmasına səbəb olur".

Bu sözləri Operativ Media-ya açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli deyib.

O bildirib ki, məhsuldarlığın azalması kənd təsərrüfatında bir sıra struktur problemlərlə bağlıdır:

"Son mövsümlərdə bölgələrdə su çatışmazlığı, keyfiyyətli gübrə və pestisidlərin məhdudluğu ciddi şəkildə hiss olunur. Bu amillər ağacların vegetasiya dövrünə mənfi təsir göstərir və nəticədə məhsul həm miqdar, həm də keyfiyyət baxımından azalır.

Fermerlər zərərvericilərlə mübarizə aparmaq üçün müxtəlif tədbirlər həyata keçirsələr də, bazarda satışa çıxarılan bəzi pestisidlərin keyfiyyəti kifayət qədər yüksək deyil və bu, onların səmərəsini azaldır. Eyni zamanda, idxal olunan gübrələrin keyfiyyəti aşağı olduğundan torpağın məhsuldarlığı qorunmur. Nəticədə istehsal azalır və məhsulun maya dəyəri artır.

Digər tərəfdən, iqlim dəyişiklikləri də məhsuldarlığın azalmasında mühüm rol oynayır. Quraqlıq, qeyri-sabit yağıntılar və ekstremal hava şəraiti məhsulun yetişmə prosesinə mənfi təsir göstərir. Bu şəraitdə fermerlər məhsuldarlığı artırmaqda çətinlik çəkirlər.

Belə vəziyyətdə kənd təsərrüfatı istehsalçıları məsrəfləri kompensasiya etmək üçün məhsulu daha yüksək qiymətə satmağa çalışırlar. Bu isə bazarda qiymətlərin artmasına gətirib çıxarır. Lakin alıcıların alıcılıq qabiliyyəti nəzərə alınsa, bu proses daxili bazarda tarazlığı poza bilər.

Ümumilikdə, fındıq, badam və qoz kimi ixrac potensialı yüksək olan məhsullar üzrə istehsalın azalması həm ölkə daxilində, həm də ixrac bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Problemin həlli üçün suvarma sistemlərinin təkmilləşdirilməsi, keyfiyyətli gübrə və pestisidlərin idxalı və fermerlər üçün dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi vacibdir.”


Ayşən Sadıxzadə

Seçilən
32
operativmedia.az

1Mənbələr