AZ

Menstrual dövr niyə pozulur? – Ginekoloq səbəbləri sadalayır

Qadın sağlamlığı və hamilə qalmaq qabiliyyəti hormon balansından asılıdır. Menstrual dövr isə bu balansın əsas göstəricisidir.

E-saglam.az xəbər verir ki, ginekoloq Yekaterina Fyodorova menstrual pozğunluqlara səbəb olan əsas vərdişlər və amilləri izah edib.

Tez-tez səyahətlər və saat qurşağının dəyişməsi

Tez-tez saat fərqli ölkələrə səyahət edən qadınlarda melatonin ifrazı pozulur. Bu hormon yuxu və oyanıqlıq ritmini tənzimləyir. Dəyişikliklər nəticəsində bədənin bioloji saatı qarışır və cinsi hormonların səviyyəsi dəyişir, bu da menstrual dövrə təsir edir.

Yuxu çatışmazlığı

Qadın orqanizminin normal fəaliyyəti üçün gecələr 7–8 saat fasiləsiz yuxu vacibdir. Gecə oyaq qalmaq və yuxusuzluq hormon istehsalını pozur, nəticədə dövr qeyri-müntəzəm olur.

Fiziki fəaliyyətin azlığı və ya həddən artıq yüklənmə

Həm idmanın həddən artıq olması, həm də tam hərəkətsiz həyat tərzi hormonal sistemi pozur. Orta səviyyədə və davamlı hərəkət orqanizmin ən sağlam seçimidir.

Çox arıq olmaq və ya kəskin çəki itkisi

Yalnız artıq çəki deyil, həddindən artıq arıqlıq da menstrual pozğunluğa səbəb ola bilər. Çünki cinsi hormonların bir hissəsi dərialtı piydə yaranır. Çəkinin qəfil azalması və ya artması dövrün dayanmasına və ya uzanmasına gətirib çıxarır.

Yağlardan tam imtina

Pəhriz saxlayan qadınlar bəzən yağları tam çıxarır, bu isə səhvdir. Ginekoloq qeyd edir ki, zeytun yağı, qoz, avokado kimi məhsullardakı təbii yağlar hormon sintezi və vitaminlərin (A, D, E) mənimsənməsi üçün vacibdir.

Pestisidlər və kimyəvi maddələrlə təmas

Tədqiqatlar göstərir ki, pestisidlər (bitki mühafizə vasitələri) hormonların istehsalını azalda və ya tam dayandıra bilər. Onlarla tez-tez təmasda olan qadınlarda menstrual dövr uzanır. Həkim mümkün qədər təmiz və ekoloji məhsullar yeməyi tövsiyə edir.

Kofeinin çox istifadəsi

Gündə 1–2 fincan qəhvə zərərli deyil, amma həddən artıq kofein qan damarlarını daraldır, ağrılı menstruasiyaya və əsəbilik, gərginliyə səbəb ola bilər.

Daimi stress

Stress zamanı ifraz olunan kortizol hormonu qadın hormonlarının sintezini zəiflədir. Bu da menstrual siklin gecikməsi və ya dayanmasına gətirib çıxarır.

Ginekoloqların fikrincə, menstrual dövrün pozulması təkcə xəstəliklərdən deyil, yuxu rejimi, qidalanma, stress və həyat tərzindən də asılıdır. Sağlam yuxu, balanslı qidalanma və emosional sabitlik qadın hormon balansını qorumağın əsas açarıdır.Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
65
e-saglam.az

1Mənbələr