AZ

Rus mediası bu yalanlarla Kremlin TDT ilə bağlı narahatlığını göstərdi - Rəy

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın aparıcı mediasında Türk Dövlətləri Təşkilatının Qəbələ sammiti barədə qərəzli məlumatlar yayılmağa başlayıb. Belə ki, sözügedən media yayımladığı məqalələrdə oxucularda sammitin nəticələri barədə mənfi təəssürat yaratmağa çalışıb.

Rusiya mətbuatı tərəfindən TDT-nın Qəbələ Zirvəsinin hədəfə alınmasında məqsəd nədir?

Bu istiqamətdə Hafta.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, yayımlanan məqalələr eyni mərkəzdən idarə olunur və hətta cümlələr də bir-birinə oxşayır.

Ekspert qeyd edib ki, Kremlin nəzarətindəki media əsas üç məqamı önə çəkib:

"Əvvəla yazıblar ki, Prezident İlham Əliyevin sammitdə Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimləri barədə təklifi guya digər üzvlər tərəfindən dəstəklənməyib. Guya Mərkəzi Asiyanın türk dövlətləri Türkiyənin istəyi ilə Şimali Kipr Respbulikasını rəsmən tanımaq istəmirlər. Eləcə də guya Türkmənistan təşkilata üzv olmaq istəmir".

Politoloq bildirib ki, sammitdə çıxış edən liderlər müxtəlif təkliflər veriblər və bu təkliflərin hamısı araşdırılacaq. O, bu baxımdan hesab edir ki, İlham Əliyevin birgə hərbi təlimlər barədə təklifinin reallaşması ehtimalı yüksəkdir:

“Rusiya mediası diqqəti ona çəkir ki, İlham Əliyev birgə hərbi təlimləri təklif etdikdən sonra digər üzv dövlətlərin liderləri bu təklifə münasibət bildirməyiblər. Kremlin nəzarətindəki media buradan yanlış olaraq belə nəticə çıxarıb ki, Mərkəzi Asiya ölkələrinin liderləri birgə hərbi təlimlərdə maraqlı deyillər. Xatırladım ki, İlham Əliyev də digər liderlərin təkliflərinə münasibət bildirməyib. Ancaq bu o demək deyil ki, o, Qazaxıstan və Özbəkistan prezidentlərinin müxtəlif mövzulardakı təkliflərinin reallaşmasında maraqlı olmayacaq.

Kreml mediası onu da yazıb ki, Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğundan Türk Dövlətləri Təşkilatı çərçivəsindəki hərbi təlimlərdə iştirak etməyəcək. Halbuki, Türkiyə və Azərbaycan Qazaxıstanla hərbi əməkdaşlığı genişləndiriblər və son illərdə 3 dövlət arasında müxtəlif səviyyələrdə hərbi təlimlər keçirilib.

Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatına üzvlüyünə gəldikdə, Türkiyə və Azərbaycan bu dövlətin üzvlüyünü dəstəkləyir, Mərkəzi Asiya ölkələri bu məsələyə ehtiyatla yanaşırlar. Rusiya mediası Mərkəzi Asiya ölkələrinin Qəbələdə Şimali Kipr Respublikasını tanımadıqlarını irəli sürüb. Halbuki, Qəbələdə bu məsələ gündəlikdə deyildi. Əsas məsələ Şimali Kipr Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundan üzvlük statusuna keçidinin təmin olunmasıdır. Bu gələcəyin işidir, ancaq Şimali Kipr Respublikasının Cumhurbaşqanının ümumi masa arxasında türk dövlətləri liderləri ilə oturmasının özü irəliyə doğru addımdır.

Türkmənistanın da təşkilata marağı artıb. Rusiya mediası Qəbələ sammitndən bir neçə gün əvvəl Türkmənistan lideri Qurbanqulu Berdıməhəmmədovun toplantıda iştirak etməcəyəni yazırdı. Rusiya mediasının yazdıqlarının əksəriyyəti yalan olduğu kimi, bu “proqnozları” da doğru çıxmadı. Əslində Rusiya mediasının yazdıqları onu göstərib ki, Kreml türk dövlətləri arasında artan inteqrasiyadan narahatdır”.

Seçilən
31
50
hafta.az

10Mənbələr