AZ

Beynəlxalq konfransda BMT-yəçağırış– ÖZƏL

Oktyabrın 9-da Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirin açılışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.
"Tədbirdə cənab Prezidentin müraciəti oldu və bu çıxış əsasən itkin düşmüş şəxslərin araşdırılması, onların taleyinin aydınlaşdırılması məsələlərinə həsr edilmişdi. Bu mövzu, xüsusilə Ermənistanla bağlı problemlərin həllində, Azərbaycanın humanitar imicinə və diplomatik mövqeyinin güclənməsinə xidmət edən mühüm məsələdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanın humanitar imici ilə bağlı atdığı addımlar təkcə indiki mərhələdə deyil, hələ sülh müqaviləsindən əvvəl də özünü göstərmişdi. Məhz bugünkü razılığa gələn paraflanmış sülh müqaviləsində də şərtləri qalib dövlət olaraq Azərbaycan təqdim etmişdi. Ermənistan üçün də aydın idi ki, sülh müqaviləsinin imzalanması zəruridir. Baxmayaraq ki, Azərbaycan qalib dövlətdir, bu məsələyə humanitar və ədalətli yanaşma nümayiş etdirir. Bu, ölkəmizin beynəlxalq aləmdə humanitar imicinin yüksəlməsinə və möhkəmlənməsinə səbəb olub.

Siyasi şərhçinin sözlərinə görə, bu gün keçirilən konfransın özü də göstərir ki, Azərbaycan bu məsələlərə son dərəcə həssas və məsuliyyətli yanaşır. Bu, sadəcə humanitar deyil, eyni zamanda diplomatik imicin formalaşmasına da xidmət edir. Xüsusilə birinci Qarabağ müharibəsi dövrünə aid itkin düşmüş şəxslərin taleyi Azərbaycan üçün daim prioritet məsələ olub. Ermənistan tərəfindən əsir götürülən və ya öldürülən insanların taleyinin müəyyənləşdirilməsi istiqamətində dövlət səviyyəsində komissiya fəaliyyət göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti və onun rəhbərliyi vətəndaşlarının taleyinə son dərəcə həssas yanaşır. Dövlət başçısının bu məsələyə verdiyi xüsusi diqqət həm humanitar, həm də mənəvi baxımdan Azərbaycan cəmiyyətində böyük dəyər daşıyır.

"Bununla yanaşı, konfransda qeyd olundu ki, Azərbaycanın bu sahədə topladığı təcrübə digər ölkələr üçün də nümunə ola bilər. Hətta bəzi Avropa dövlətlərində də bu istiqamətdə oxşar qurumların yaradılması və Azərbaycanla əməkdaşlıq imkanlarının müzakirə olunması təklif edilib. Bu, Azərbaycanın humanitar diplomatiya sahəsində əldə etdiyi nüfuzun və beynəlxalq səviyyədə etibarlı tərəfdaş imicinin bir daha təsdiqidir", - deyə ekspert sonda vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
68
olaylar.az

1Mənbələr