AZ

Ukrayna Silahlı Qüvvələrində yeni struktur yaradılır

Kiyev, 9 oktyabr, AZƏRTAC

Ukrayna Silahlı Qüvvələrində yeni struktur formalaşdırılır.

AZƏRTAC xəbər verir ki, Ukrayna Ali Radası Ukrayna Silahlı Qüvvələri tərkibində Kiberqüvvələrin yaradılmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda dəstəkləyib.

Deputat Yaroslav Jeleznyakın sözlərinə görə, 255 deputat qanun layihəsinin lehinə səs verib.

Qanun layihəsinə verilən izahat qeydində bildirilir ki, o, Ukrayna Silahlı Qüvvələrinin tərkibində NATO standartlarına uyğun, Ukraynanın kibermüdafiəsinə, onun suverenliyinin və ərazi bütövlüyünün kiberməkanda qorunmasına cavabdeh olacaq hərbi-texniki təşkilati strukturun yaradılmasını nəzərdə tutur.

Ukrayna Kiberqüvvələrinin əsas vəzifəsi dövlətin kibermüdafiəsi üçün hərbi əməliyyatların hazırlanması və keçirilməsi, bu ölkənin suverenliyini və bütövlüyünü kiberməkanda və ya onun vasitəsilə qorumaq olacaq.

Qeyd edək ki, kiberqüvvələr dünyanın 40-dan çox ölkəsində mövcuddur və bu, kibermüdafiənin gücləndirilməsi istiqamətində qlobal tendensiyanın bir hissəsidir.

Kiberqüvvələr müqavilə əsasında tapşırıqları yerinə yetirəcək mülki şəxsləri işə götürə biləcək.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
51
3
azertag.az

4Mənbələr