AZ

“Avropa Siyasi Birliyi” və Azərbaycan: maraqlar, imkanlar və perspektivlər

Avropa Siyasi Birliyi (European Political Community - "EPC") ideyası Avropa İttifaqı ilə onun hüdudlarından kənarda olan ölkələr arasında, xüsusən də Ukraynada davam edən müharibə kimi geosiyasi böhranlar kontekstində siyasi dialoqun dərinləşdirilməsi zərurətinə cavab olaraq yaranıb.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra (2022-ci ilin fevralı), Avropa dəyərlərini paylaşan, lakin Aİ və ya NATO-ya üzv olmayan ölkələr arasında koordinasiya ehtiyacı Avropada kəskinləşdi. Bu, yeni əməkdaşlıq formatları üzrə müzakirələrə səbəb oldu. 

"Avropa Siyasi Birliyi" təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Əsəs məsələ bundan ibarətdir ki, "EPS" Aİ-yə alternativ deyil, dialoq və gücləndirilmiş əməkdaşlıq platformasıdır. O, institusional inteqrasiyanı nəzərdə tutmur, siyasi və praktiki məsələlərə diqqət yetirir.

"EPC" ideyası ilk dəfə 2022-ci il mayın 9-da (Avropa Günündə) Strasburqda Avropa Parlamentində müzakirələr zamanı elan edilmişdir. Avropa ölkələri üçün siyasi əməkdaşlıq üçün yeni platforma yaradılması aşağıdakı istiqamətlər bəyan edilmişdir:

•    Ümumi dəyərləri bölüşmək;
•    Daha güclü təhlükəsizlik üçün səy göstərmək;
•    Aİ üzvü olmayan və ya yaxın gələcəkdə üzvlük üçün hazır olmayan ölkələri birləşdirmək.

Avropa Siyasi Birliyinin məqsədləri

Avropa ölkələri arasında siyasi dialoqun dərinləşdirilməsi.

Təhlükəsizlik, enerji, infrastruktur və miqrasiya sahələrində əməkdaşlıq.

Aİ ölkələri və onların qonşuları arasında etimadın gücləndirilməsi.

Namizəd ölkələr üçün dərhal Aİ üzvlüyünə alternativ yaradılması.

İştirakçılar

Bütün 27 Aİ ölkəsi və Aİ-dən kənarda olan demək olar ki, bütün Avropa ölkələri daxildir, o cümlədən:

Böyük Britaniya,
Ukrayna,
Qərbi Balkan ölkələri,
Norveç, İslandiya, İsveçrə,
Türkiyə,
Gürcüstan,
Moldova,
Ermənistan, 
Azərbaycan və s.

Avropa Siyasi Birliyinin sammitləri

"EPC"-nin ilk sammiti 6 oktyabr 2022-ci ildə Çexiyanın paytaxtı Praqada baş tutdu. Praqa sammitində 44 (bu rəqəm bizim üçün xüsusi əhəmiyyət kəsb edir) Avropa lideri iştirak etdi. Məhz Praqa görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, bundan sonra sülh prosesində yeni dönəm başladı.

Digər sammitlərə nəzər yetirək:
•    6 oktyabr 2022-ci il - Praqa, Praqa qalası
•    1 iyun 2023-cü il - Moldova, Mimi qalası, Bulboaka (Kişinyovdan 35 km kənarda)
•    5 oktyabr 2023-cü il - İspaniya, Qranada (Qranada Konfrans Mərkəzi / Əlhamra)
•    18 iyul 2024-cü il - Böyük Britaniya, Blenheym Sarayı, Vudstok,
•    7 noyabr 2024-cü il - Macarıstan, Budapeşt, Puşkaş Arena
•    16 may 2025-ci il - Albaniya, Tirana (Skanderbeq Meydanı)
•    2 oktyabr 2025-ci il - Danimarka Kopenhagen

Prezidenti İlham Əliyevin Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirakı böyük nəticələrlə yadda qaldı. Qeyd edək ki, "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirdilər.

Plenar iclaslarda və ondan sonra keçiriləcək dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olundu.

Prezident İlham Əliyev Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu ilə keçirdiyi görüşdə Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdırmış, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini bildirmişdir. Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmış, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanmışdır. Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə keçirdiyi görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan və Ermənistan liderinin vasitəçilər olmadan, ikitərəfli dialoqu sülh prosesinə təkan verir və tərəflər arasında etimadı gücləndirir. Əbu-Dabi və Vaşinqton görüşlərindən sonra Kopenhagen görüşü də sülh trekinin daha da genişlənməsinə səbəb oldu.

Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildirdilər. Onlar, həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu dedilər.

Görüşdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola toxunuldu, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair əldə edilmiş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının həcminin artdığı bildirildi.

Prezident İlham Əliyev sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini dedi. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd etdi və ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğuladı. Prezident İlham Əliyev hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətinin Azərbaycan qazını aldığını bildirdi və bunun Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını vurğuladı. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı.

Bu görüş, Avropada anti-Azərbaycan kampaniyasını həyata keçirən qərəzli dairlərə tutarlı cavab olmaqla yanaşı, regionda baş verən prosesləri arqumentləşdirilmiş şəkildə çatdırmaq üçün yaxşı fürsət oldu.

"Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə keçirdiyi görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi bildirildi və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olundu. Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunuldu, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. Ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.

Kopenhagendə Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdə Ukrayna Prezidenti də Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Prezident İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların tarixi əhəmiyyət kəsb etdiyini dedi. Dövlətimizin başçısı regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı. Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olundu. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirdi. Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Kopenhagendə Prezident İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə keçirdiyi görüşdə Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sənədin regional sülh baxımından əhəmiyyətinə toxundu, iki ölkə arasında artıq sülhün mövcud olduğunu qeyd etdi.

Görüşdə Niderland şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi vurğulandı, bunun gəmiçilik, limanların qurulması, elektrik sənayesi, kənd təsərrüfatı, şəhərsalma və digər sahələri əhatə etdiyi qeyd olundu. Söhbət zamanı Azərbaycanla Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu. Niderlandın Baş naziri ölkəmizdə COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və həmin tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyi ilə əlaqədar ciddi nəticələrin əldə olunduğunu qeyd etdi.

Prezident İlham Əliyevin Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə keçirdiyi görüş böyük maraq topladı. Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd etdi. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyinin iclasları çərçivəsində keçirdiyi çoxsaylı görüşlər içərisində ikisi daha çox diqqəti cəlb edir. Bunlar Fransa və Niderland Krallığının liderləri ilə görüşlərdir. Aİ-nin bu iki ölkəsi ən çox anti-Azərbaycan mövqe sərgiləyir, parlament səviyyəsində qəbuledilməz qətnamələr qəbul etir və onların hökumətləri Aİ daxilində razılaşdırılmış siyasət həyata keçirdilər.

Vaşinqtonda birgə bəyanatın imzalanmasından sonra Avropada Azərbaycana münasibət dəyişir, Fransa və Niderland Krallığı liderlərinin Azərbaycan Prezidenti ilə görüşlərinin başlanması bu transformasiyanın nə qədər sürətlə baş verdiyini nümayiş etdirdi.

Azərbaycan heç vaxt münasibətlərin gərginləşməsinin təşəbbüskarı olmayıb, yalnız qəbuledilməz addımlara, hərəkətlərə, bəyanatlara reaksiya verib. Bu gün həm Azərbaycan, həm də Ermənistan ən azı xarici perimetrdə münaqişə irsindən xilas olur. Ermənistan Pakistan və Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurub və Türkiyə ilə münasibətləri normallaşdırır.
Azərbaycan ABŞ-la Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalamağı planlaşdırır, Aİ ilə münasibətlərin səviyyəsini yüksəltmək üçün qarşılıqlı niyyət mövcuddur, Fransa və Niderland Krallığı ilə əlaqələr davam edir.

O da məlumdur ki, "Avropa Siyasi Birliyi"-nin 8-ci sammiti 2026-cı il mayın 4-də İrəvanda keçirilməlidir. Ermənistanda keçiriləcək bu sammit parlament seçkiləri öncəsi baş nazir Nikol Paşinyanın siyasi nüfuzuna müsbət təsir edəcək. "Vətəndaş razılığı" partiyasının yeni qurultayından sonra yenicə formalaşan Nikol Paşinyanın komandası "EPC" sammitini "Real Ermənistan" şüarı ilə yanaşı, maksimum dərəcədə öz siyasi təbliğatı üçün seçkiqabağı dövrdə istifadə etməyi planlaşdırır.

Bununla yanaşı, Avropa Siyasi Birliyinin Azərbaycanda keçiriləcək sammiti 2028-ci ilin birinci yarısına planlaşdırılıb və Bakıda keçiriləcək. Ümid edək ki, həmin dövrdə qədər Ermənistanın Konstitusiyası referendumla dəyişdiriləcək, Azərbaycana qarşı ərazi iddialarına hüquqi müstəvidə son qoyulacaq və Azərbaycanla Ermənistan arasında paraflanan sülh müqaviləsi imzalanacaq. Bununla da Cənubi Qafqazda yeni münasibətlər sistemi və təhlükəsizlik arxitekturası qurulacaq.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, 
politoloq İlyas Hüseynov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
4
olaylar.az

10Mənbələr