BAKI, 9 oktyabr. TELEQRAF
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir.
Teleqraf xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
"Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur.
Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn edilmişlər" - Prezidentin müraciətində vurğulanır.