Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşündə yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdi. Qəbələdə baş tutan toplantı bu dəfə sülh və təhlükəsizlik mövzusu çərçivəsində aparılan effektiv müzakirələrlə yadda qaldı. Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı, praktiki tərəfdaşlığın aktual məsələləri müzakirə edildi. Azərbaycan bu dəfə də yüksək səviyyəli ev sahibi kimi təşkilatın gələcək prioritetləri ilə bağlı öz mövqeyini ortaya qoydu. Dövlət başçımız türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini bəyan etdi. Cənab Prezidentin də bəyan etdiyi kimi, ”Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və Qəbələdəki Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.”
Rəsmi Bakı türk dünyasının bir parçası kimi TDT-ni sadəcə əməkdaşlıq platforması kimi deyil, həm də geosiyasi mərkəz kimi görür və bu istiqamətdə səylərin birləşdirilməsinin tərəfdarıdır.Təşkilata üzv ölkələr əhəmiyyətli geostrateji mövqe başda olmaqla, müsbət demoqrafiya, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar kimi vacib potensialı düzgün dəyərləndirməklə qarşıda duran hədəfləri reallaşdırmağa nail olur.
Mövcud geosiyasi gərginlik fonunda qlobal aktor kimi TDT-nin nüfuzu güclənməkdədir. Budəfəki müzakirələrdə “Türk Dövlətləri Təşkilatı+” formatının yaradılması ideyası da dəstəkləndi və bu ideya son illər təşkilata xüsusi marağın artması ilə bağlıdır. Qəbələdə TDT-yə üzv ölkələrin dövlət başçılarının səsləndirdiyi mesajlardan aydın oldu ki, bu gün türk coğrafiyasının birliyi zərurətdir və türk dövlətləri bu istiqamətdə imkanları daha sıx birləşdirməyə çalışır.
Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Keçirilən tədbirlər türk ölkələrinin liderləri arasında əlaqələrin daha da gücləndirilməsi, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsi, birliyimizin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının əməkdaşı