AZ

Sabiq prezidentlər Paşinyana qarşı dəhşətli “fakt” çıxardılar - 70 ədəd "Döyüş xaçı"...


Son günlərdə Ermənistanın sabiq prezidentlərinin mövcud hakimiyyətə qarşı yenidən aktivləşməsi müşahidə olunur. Bu fonda Azərbaycan faktoru xüsusi qabardılır. Məsələn, Ermənistanın ikinci prezidenti Robert Köçəryan qeyd edir ki, hərbi büdcənin ixtisar edilməsi Ermənistanın maraqlarına və təhlükəsizliyinə xidmət etməyən məsuliyyətsiz addımdır:

"Belə bir vəziyyətdə Azərbaycan hərbi büdcəsini artırır, Ermənistan isə onu kəsir. Heç bir izahım yoxdur. Bu, məntiqlə izah edilə bilməyən məsələdir. Sadəcə spekulyasiya etmək olar. Bu, ona görə edilir ki, Əliyev dəfələrlə Ermənistanın hərbiləşdirilməsinə imkan verməyəcəyini bəyan edib. Biz bilmirik ki, bağlı qapılar arxasında nə danışırlar, Paşinyan hansı şifahi vədlər verib ki, məntiqi olaraq bu addımları atır. Hər halda, bu şəraitdə hərbi büdcənin kəsilməsi Ermənistanın maraqlarına xidmət etməyən və təhlükəsizliyini gücləndirməyən məsuliyyətsiz addımdır”. Köçəryan 10 noyabr byaantına da toxunub: “10 noyabr sənədini bu gün mövcud olanlarla müqayisə etsək, onu hətta yuxu sənədi də adlandırmaq olar. Həmin sənəd həm də Qarabağın mövcudluğunu nəzərdə tuturdu. Vaşinqton sənədinə gəlincə, Birləşmiş Ştatlar elə ölkə deyil ki, siz sənəd imzalayasınız və iki-altı ay sonra onu ləğv edəsiniz, “bunu qəbul etmədiyimizi” bəyan edəsiniz. Bu, Birləşmiş Ştatlar üçün hər şeyi çox çətinləşdirir. Dövlətlər İran-Ermənistan qaz kəmərinin tikintisinə qəti şəkildə qarşı idilər, lakin biz onda ABŞ-la yaxşı münasibətlər qurduq və davam etdirdik. Ermənistan hətta Minilliyin İnkişaf Məqsədlərinə də daxil edildi. İndi durum başqadır. Çünki müqavilələrdə heç nə nəzərdə tutulmayıb. Əgər Trampa zəng edib desələr ki, Əliyev bunu etmir, o zaman Tramp cavab verəcək: Əliyevdən məyus olmuşam. Bu sənəddə başqa mexanizmlər olmadığı üçün bu işin sonu olacaq. 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmalardan ABŞ və Azərbaycan qazanclı çıxdı, Ermənistan yox. ABŞ bununla regionda formalaşacaq yeni dəhlizə nəzarət qazandı. Həmçinin İranla sərhədə faktiki nəzarət imkanını əldə etdi. Eyni zamanda Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsinə çalışdı. Azərbaycan da istədiyi kimi, Ermənistan ərazisindən dəhliz imkanı qazandı. Minsk qrupunun buraxılmasına və 907-ci düzəlişin dayandırılmasına nail oldu. Bəs Ermənistan nə qazandı? Heç nə! Biz heç bir üstünlük əldə etmədik. Tək qazanc baş nazir Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampdan imzalı foto alması oldu”. Köçəryan iddia edib ki, Ermənistanı parçalayan mühüm faktorlar var: “Gəlin, Azərbaycan nə istəyirsə, onu verək, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana istədiyini verək. Sabah baş nazir Nikol Paşinyan deyəcək ki, fransalı həmkarı Emmanuel Makrona da, ABŞ prezidenti Donald Trampa da istədiyini verməliyik. Bu adam Tereza ana kimi Ermənistanın əleyhinə çalışır. Xoşbəxtlikdən qız doğulmayıb, yoxsa bu, milli biabırçılıq olardı”. O, irəvanın Rusiyadan imtina edib Avropaya üz tutmasını da tənqid edib. Bildirib ki, Avropa İttifaqına üzvlük üçün aydın qaydalar mövcuddur və bu prosedurlarla Avropa Komissiyasının rəsmi saytında tanış olmaq mümkündür. Köçəryan hesab edir ki, Ermənistan hökumətinin atdığı addımlar bu tələblərə uyğun deyil və onlarda məntiq yoxdur. Onun sözlərinə görə, bu addımların sırasında Xarici İşlər Nazirliyində yeni strukturun yaradılması da yer alır. Qeyd edək ki, Nikol Paşinyan ölkənin Xarici İşlər Nazirliyində Avropa inteqrasiyası departamentinin yaradılması barədə qərar qəbul edib. Yeni departament Avropa departamentindən ayrılaraq fəaliyyət göstərəcək.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da hakimiyyətə qarşı fəallaşıb. O, iddai edib ki, Alma-Ata Bəyannaməsi Azərbaycanla danışıqlar prosesinə sıfır təsir göstərib: “Sıfır təsir. Hətta azərbaycanlılar belə arqument irəli sürmürdlər. Əgər hər şeyə Minsk qrupu tərəfindən qərar verildisə, niyə bu üç həmsədr ölkə yaradıldı?”. Sarkisyan hesab edir ki, 44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyasının hesabatının arxivə verilməsi qərarının məqsədi indiki hakimiyyətin səhvlərini və yanlış hesablamalarını ört-basdır etməkdir. O vurğulayır ki, komissiya əvvəlcə "sakit və asudə işləmək" üçün açıqlanmayan mandatla fəaliyyət göstərib və bu, hesabatın təqdim edilməsi üçün qanuni müddətin qəsdən pozulmasına gətirib çıxarıb. Bundan sonra o, iddia edib ki, hakimiyyət yaranmış vəziyyətdən istifadə edərək, müddətin bitməsini bəhanə edərək sənədi arxivə verib: “Onlar bu hesabatda nə tapa bilərdilər? Aydındır ki, öz günahları və səhvlərini. Təbii ki, nağıl danışmağa çalışacanlar da olacaq. Amma mahiyyət etibarı ilə ali baş komandan məhz Nikol Paşinyan olub”. Sarkisyan onu da qeyd edib ki, indiki hakimiyyət özü Ermənistan ordusunun döyüş qabiliyyətini şişirdib, onun qüdrət illüziyasını yaradır: “Nə mən, nə də müdafiə naziri heç vaxt Ermənistan ordusunun regionun ən güclü ordusu olduğunu iddia etməmişik. 2020-ci ilin yayında Tavuşda baş verən kiçik toqquşmalardan sonra indiki rəhbərlik 70-dən çox hərbçini "Döyüş Xaçı" ordeni ilə təltif edib. Üç prezident birləşərək heç vaxt bu qədər mükafat təqdim etməyiblər. Bunlar müzakirə edilməli olan faktlardır”. Bütün bunlara qarşı düşərgədən cavab gəlib. Nikol Paşinyan yenidən keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyana müraciət edib. Baş nazir onları bir daha debata çağırıb: “Siz üçünüz də mənə deyin görüm, debata gəlirsiz, ya yox?”. Ermənistan parlamentinin vitse-spikeri, hakim partiyanın nümayəndəsi Ruben Rubinyanın sözlərinə görə, hazırda ən xəyanətkar bəyanatlar üçün müsabiqəyə Ermənistanın ikinci prezidenti Robert Köçəryan rəhbərlik edir: "Köçəryan indi Ermənistanı guya 2020-ci ildə Tavuşda sərhəddə toqquşmalara təhrik etməkdə ittiham edib. Levon Ter-Petrosyan və onun iki siyasi "ögey övladı" - Serj Sarkisyan və Robert Köçəryan kimin ən xəyanətkar sözü deyə biləcəyini görmək üçün sanki yarışırlar. Hələlik Köçəryan qalib gəlir”. Ekspertlər qeyd edir ki, Köçəryan və Sarkisyan Paşinyanı arxadan söyməyə alışıblar, onunla üz-üzə gəlməyə qorxurlar. Sarkisyan hakimiyyətdə olanda cəmi bircə dəfə Paşinyanla üz-üzə gəlməyə qərar verdi: oteldə mətbuatın qarşısında görüşdülər və bir neçə gün sonra istefa vermək məcburiyyətində qaldı. Köçəryan və Sarkisyan Paşinyanla debatın onlar üçün yaxşı nəticə verməyəcəyini anladıqları üçün baş nazirlə üz-üzə gəlmək istəmirlər. bunu Paşinyan da yaxşı bilir.

Nahid SALAYEV

Seçilən
61
baki-xeber.com

1Mənbələr