AZ

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü qardaş ölkələrin birliyini, qarşılıqlı əməkdaşlıq və strateji həmrəyliyini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı Türk dünyasının geosiyasi, iqtisadi və mədəni potensialının dərin təhlilinə, eyni zamanda bu birliyin gələcək inkişaf istiqamətlərinə dair konkret baxışlara əsaslanırdı. Prezidentin qeyd etdiyi kimi, bu gün Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəz kimi formalaşır.

Təşkilatın beynəlxalq nüfuzunun artması, regional sülh və təhlükəsizliyin təmin olunmasında fəal rolu, ortaq dəyərlər və tarixi köklər əsasında inteqrasiya proseslərinin güclənməsi türk dünyasının müasir beynəlxalq sistemdə strateji mövqeyini möhkəmləndirir. Azərbaycanın bu prosesdə aparıcı rolu, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində təşəbbüskar mövqeyi TDT-nin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Bu prinsip TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində də öz əksini tapmışdır. Hazırkı mürəkkəb geosiyasi şəraitdə türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi zəruridir. Azərbaycanın son illərdə əldə etdiyi tarixi Zəfər və ərazi bütövlüyünün tam bərpası regionda ədalətli sülhün və sabitliyin bərqərar olunmasında mühüm mərhələdir.

2023-cü ildə antiterror tədbirlərinin uğurla başa çatması və 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır. Bu hadisələr yalnız Azərbaycanın milli iradəsinin təntənəsi deyil, həm də Türk Dövlətləri Təşkilatının sülh və təhlükəsizlik prinsiplərinə sadiqliyinin təzahürüdür. Müasir beynəlxalq münasibətlər sistemində hərbi güc müstəqilliyin və ərazi bütövlüyünün əsas təminatçısı kimi çıxış edir. Azərbaycan bu sahədə xüsusilə Türkiyə ilə dərin əməkdaşlıq əlaqələri qurmuşdur. Son bir ildə 25-dən çox ikitərəfli və çoxmillətli hərbi təlimin keçirilməsi türk dövlətləri arasında qarşılıqlı etimad və strateji həmrəyliyin nümunəsidir. Prezident cənab İlham Əliyevin 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi barədə təklifi bu əməkdaşlığı institusional səviyyəyə qaldırmağa yönəlmiş strateji addımdır. Bu təşəbbüs, həmçinin, regionda sülh və sabitliyin qorunması baxımından önəmli rol oynayacaq.

Türk dünyasının coğrafi yerləşməsi və təbii resurs potensialı qlobal iqtisadi sistemdə yeni imkanlar açır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək mühüm tranzit mərkəzinə çevrilmişdir. 2022-ci ildən bəri Orta Dəhliz üzrə yükdaşımaların 90 faiz artması bu potensialın real nəticəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Ticarət Limanı, 9 beynəlxalq hava limanı və güclü dəniz donanması Azərbaycanın logistika sahəsində strateji üstünlüyünü artırmışdır. Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizinin açılması isə Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.

Azərbaycan enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş kimi tanınır. Hazırda 14 ölkəyə təbii qaz ixrac edən ölkəmiz bu sahədə regional lider mövqeyinə malikdir. Bununla yanaşı, Prezident cənab İlham Əliyev çıxışında bərpaolunan enerji mənbələrinə böyük sərmayələrin yatırıldığını vurğulamışdır. 2030-cu ilə qədər ölkənin enerji istehsalının 40 faizi məhz bu mənbələr hesabına təmin ediləcək. Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa istiqamətində yaşıl enerji dəhlizinin yaradılması ideyası yalnız iqtisadi deyil, həm də ekoloji dayanıqlıq baxımından strateji əhəmiyyət daşıyır. Bu təşəbbüs Türk dünyasının qlobal enerji bazarında yeni mövqeyini formalaşdıracaq.

Prezidentin çıxışında ortaq dil, tarix və mədəniyyət amillərinin türk birliyinin əsas sütunları olduğu xüsusi vurğulanmışdır. 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultay bu baxımdan tarixi hadisə kimi xatırlanır. Gələn il bu Qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi təklifi türk xalqlarının mədəni birliyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Azərbaycanın azad edilmiş ərazilərində qardaş ölkələrin dəstəyi ilə inşa olunan məktəblər, yaradıcılıq mərkəzləri və məscidlər türk həmrəyliyinin rəmzi kimi dəyərləndirilir. Füzuli, Ağdam, Cəbrayıl kimi şəhərlərdə görülən bu işlər təkcə humanitar dəstək deyil, həm də ümumtürk birliyinin mənəvi simvolu kimi çıxış edir. Qəbələdə keçirilmiş XII Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının gələcək istiqamətlərini müəyyən edən strateji mərhələ kimi tarixə düşdü. Prezident cənab İlham Əliyevin çıxışı TDT-nin siyasi, iqtisadi, enerji, müdafiə və mədəni inteqrasiya sahələrində birliyin dərinləşməsi üçün yol xəritəsi rolunu oynadı.

Türk dövlətlərinin birliyi artıq regional deyil, qlobal miqyaslı strateji güc mərkəzi kimi formalaşmaqdadır. Bu birliyin əsasında ortaq dəyərlər, qarşılıqlı etimad, dayanıqlı inkişaf və sülhə sadiqlik dayanır. Azərbaycanın təşəbbüskar və məsuliyyətli mövqeyi, həm regional təhlükəsizliyin təminində, həm də iqtisadi və enerji sahəsində əməkdaşlığın genişləndirilməsində əsas hərəkətverici qüvvə olaraq qalır.

Türk dünyasının gələcəyi birliyin möhkəmlənməsindən, ortaq məqsədlərin reallaşdırılmasından və qardaş xalqların həmrəyliyindən keçir. Qəbələ Zirvəsi bu istiqamətdə mühüm dönüş nöqtəsi kimi Türk Dövlətləri Təşkilatının tarixində öz layiqli yerini tutmuşdur.

 

Hümbət Hüseynov,

M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri

Seçilən
2
2
azerforum.com

10Mənbələr