AZ

Mənsum İbrahimov NDU-nun “Fəxri professor”u adına layiq görülüb

Naxçıvan, 8 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti (NDU) ilə Azərbaycan Milli Konservatoriyası arasında 2022-ci ildən əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ustad sənətkarlar Naxçıvana gələrək tələbələr üçün ustad dərsləri keçirlər.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, bu fikirləri Xalq artisti Mənsum İbrahimov Naxçıvanda jurnalistlərə müsahibəsində bildirib.

“Artıq bir neçə dəfə Naxçıvanda ustad dərsləri keçmişik, Konservatoriyanın gəncləri və tələbələri ilə görüşlər təşkil etmişik. Bu dəfə isə Naxçıvan Dövlət Universitetinin Elmi şurasının qərarı ilə yubileyimlə əlaqədar mənə universitetin ‘Fəxri professor’ diplomu təqdim olundu. Bu, mənim üçün böyük etimad, eyni zamanda, böyük məsuliyyət və dəyərdir. Fürsətdən istifadə edib Elbrus müəllimə və bütün Elmi Şura üzvlərinə təşəkkürümü bildirirəm. Artıq özümü bu ailənin bir üzvü hesab edirəm və Naxçıvan torpağına daha sıx gələcəyəm”, - deyə Xalq artisti vurğulayıb.

Mənsum İbrahimov əlavə edib ki, məqsəd NDU və Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlığı daha da möhkəmləndirmək, yeni musiqi məktəbinin əsasını qoymaqdır.

“Mən bir neçə dəfə burada konsert keçirmişəm və dəfələrlə efirdə də demişəm ki, Naxçıvan tamaşaçılarını çox sevirəm. Onların milli musiqiyə böyük marağı və sevgisi var. Bu gün yubiley tədbirimin Ulu Öndərin adını daşıyan sarayda keçirilməsi isə mənim üçün xüsusi əhəmiyyət daşıyır”, - deyə sənətkar qeyd edib.

Seçilən
50
38
azertag.az

10Mənbələr