AZ

ABŞ: Rusiyanın tərəfində Ukraynada 5 minədək kubalı döyüşür

Vaşinqton müttəfiqlərini BMT-də Kubaya qarşı sanksiyaların ləğvinə qarşı səs verməyə çağırır...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, ABŞ hakimiyyəti öz diplomatlarına BMT-də Kubaya qarşı embarqonun ləğvini tələb edən qətnaməyə qarşı çıxmaq üçün müttəfiqlərə təzyiq göstərməyi tapşırıb. Reuters agentliyinin məlumatına görə, bu barədə 2 oktyabr tarixli ABŞ Dövlət Departamentinin daxili teleqramında bildirilir.

Sənəd Tramp administrasiyasının dünyanın müxtəlif ölkələrindəki onlarla ABŞ səfirliklərinə göndərilib. Teleqramda qeyd olunur ki, BMT-nin müzakirə etdiyi qətnamə “əsassız şəkildə” Kubadakı sosial-iqtisadi problemlərə görə məsuliyyəti ABŞ-ın üzərinə qoyur, halbuki bu problemlərin səbəbi “Kuba rəhbərliyinin korrupsiyası və səriştəsizliyidir”.

Reuters-in əldə etdiyi məlumata əsasən, sənəddə Kubaya qarşı irəli sürülən təxminən 20 ittiham yer alır. Onların arasında ABŞ-ın iddiasına görə, Havana hökumətinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə fəal dəstək verməsi də var.

Teleqramda bildirilir: “Şimali Koreyadan sonra Kuba Rusiya təcavüzünə ən çox xarici döyüşçü göndərən ölkədir. Təxminlərə görə, hazırda Ukraynada Rusiyanın tərəfində 1 000-dən 5 000-dək kubalı döyüşür.”

Dövlət Departamenti Reuters-in sorğusuna cavab olaraq bu iddianın detalları barədə məlumat verməkdən imtina edib. Yalnız qeyd olunub ki, Kuba hakimiyyəti “öz vətəndaşlarını Rusiya-Ukrayna müharibəsində alətə çevrilməkdən qoruya bilməyib”.

Son həftələrdə ukraynalı rəsmilər də ABŞ Konqresinin üzvlərinə Rusiya tərəfindən kubalıların döyüşlərə cəlb olunmasının miqyasının artdığı barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, Kubaya qarşı ABŞ embarqosunun ləğvini tələb edən qətnamə hər il BMT Baş Assambleyasında səsverməyə çıxarılır. ABŞ və İsrail adətən bu sənədə qarşı səs verir.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr