AZ

Mütəxəssislər xəbərdarlıq edir: Hər şeyi unutmağa başlayırıq

Demans (ağıl zəifləməsi) adətən yaddaş itkisi ilə əlaqələndirilsə də, mütəxəssislər bu nevroloji xəstəliyin ilkin əlamətlərinin çox daha geniş sahəni əhatə etdiyini bildirirlər. Dünyada milyonlarla insanın yaşadığı bu müalicəsi olmayan xəstəlik, xüsusilə Alzheimer tipi ilə tanınır, lakin fərqli növləri və fərqli başlanğıc siqnalları mövcuddur.

E-saglam.az xəbər verir ki, Dementia UK təşkilatının ekspert tibb bacısı Helen Metcalfe və Alzheimer’s Research UK-dən nevroloq professor Jonathan Schott, demansın yalnız yaddaşı deyil, davranışları, dili, görmə qabiliyyətini və hətta şəxsiyyət xüsusiyyətlərini də dəyişdirə biləcəyini vurğulayıb.

Prof. Schott deyib ki, bəzən insan demansa sahib olur, lakin yaddaş itkisi açıq-aşkar hiss olunmur:

“Demans yalnız yaddaşı deyil, digər idrak sahələrini də təsir edə bilər və bəzi hallarda insanın yaddaşı normal görünsə də, xəstəlik artıq başlayıb.”

Davranış və sosial dəyişikliklər xəbərdarlıq ola bilər:

Demansın ilkin əlamətlərindən biri, insanın gündəlik sosial davranışlarında gözlənilməz dəyişikliklərdir.

Məsələn, başqasının boşqabından yemək almaq kimi sosial baxımdan uyğun olmayan hərəkətlər başlanğıc göstəricisi ola bilər. Həmçinin dad və qoxu duyğularında dəyişikliklər, bəzi qidalara qarşı ani nifrət və ya ağızda metal dadı hiss etmək kimi hallar da müşahidə edilə bilər.

Görmə halüsinasiyaları və hərəkət çətinliyi:

Lewy cisimcikli demans (LBD) zamanı görmə halüsinasiyaları tez-tez rast gəlinir. Bu halüsinasiyalar adətən xırda, səssiz və təhlükəsiz görüntülər olur — məsələn, yerə düşməyən qırıntını görmək kimi.

LBD, Parkinson xəstəliyi ilə əlaqəli olduğu üçün motor bacarıqları da zəiflədə bilər. İnsanlar çəngəl-bıçaq istifadə etməkdə çətinlik çəkə və təkbaşına yemək yeyə bilməz hala gələ bilərlər.

Şəxsiyyət dəyişiklikləri və empati itkisi:

Frontal temporal demans (FTD) daha çox davranış və şəxsiyyət dəyişiklikləri ilə özünü göstərir. Aktyor Brus Uillis də 2022-ci ildə bu diaqnozu almışdı.

Bu növ demansda insanın empati qabiliyyəti, yumor hissi və sosial duyarlılığı zəifləyir. Əvvəllər gülməli sayılan şeylər mənasız görünə bilər, bəzən isə uyğun olmayan situasiyalarda gülmə halları müşahidə olunur.

FTD-nin bəzi formalarında cinsi istəklər artaraq insanın yaxınlarına və ya yad şəxslərə qarşı uyğun olmayan davranışlara səbəb ola bilər.

Dil pozğunluğu və söz itkisi:

FTD-nin alt növü olan birincil irəliləyici afaziya (PPA) dil bacarıqlarına təsir edir. İnsanlar söz tapmaqda çətinlik çəkir, ümumiləşdirilmiş ifadələrlə danışmağa başlayırlar.

Görmə və hərəkət problemləri:

Alzheimer xəstəliyi və daha nadir olan posterior kortikal atrofiya zamanı görmə algısı pozulur. İnsan əşyanı kalabalıq səthdə seçməkdə çətinlik çəkir, bu da xüsusilə 50–60 yaş arası şəxslərdə rast gəlinir.

Yıxılmalar və yuxu pozğunluqları:

Mütəxəssislər bildirirlər ki, tez-tez yıxılma halları da demansın ilk siqnallarından biri ola bilər. Çünki dərinlik hissi pozulduqda insan basamağı səhv qiymətləndirə və əşyalara çarpa bilər.

Bundan əlavə, canlı yuxular və yuxuda həddindən artıq hərəkət də erkən mərhələlərdə müşahidə oluna bilər.

Erkən diaqnoz vacibdir:

Demans tam müalicə edilə bilməsə də, erkən diaqnoz fərdi müalicə planlarının hazırlanmasına və xəstəliyin irəliləməsinin yavaşladılmasına kömək edir.

Mütəxəssislər xəbərdarlıq edir: yalnız yaddaş itkisinə deyil, davranış, dad, qoxu və görmə kimi kiçik dəyişikliklərə də diqqət yetirmək lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
51
e-saglam.az

1Mənbələr