AZ

Bakıdan ucuz ev almaq istəyənlərin diqqətinə: Bu şərtlərlə mümkün olacaq

Mərkəzi Bankın yeni hesabatı bir daha göstərir ki, Bakıda mənzil bazarındakı vəziyyət hələ də əhalinin gəlir səviyyəsi ilə uzlaşmır. Rəsmi məlumata əsasən, paytaxt sakinlərinin maaşla mənzil sahibi olması üçün orta hesabla 18 ildən çox çalışması tələb olunur. Müqayisə üçün qeyd edək ki, Gürcüstanda bu rəqəm 13 il, Ermənistanda isə 10 ildir. Maraqlıdır ki, Azərbaycan həm orta aylıq əmək haqqına, həm də adambaşına düşən ÜDM göstəricisinə görə bu ölkələrdən geri qalır. Buna baxmayaraq, mənzil qiymətləri Bakıdakı kimi yüksək deyil.

Bəs, həm orta aylıq əmək haqqı, həm də adambaşına düşən ÜDM göstəricisinə görə onlardan geri qalsaq da, bizdə mənzil niyə daha bahadır?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov News24.az-a açıqlamasında bildirib ki, bu prosesin əsas mərhələsi 2020-ci ildən sonra başlayıb və qiymət artımı bir sıra iqtisadi və struktur səbəblərlə bağlıdır:

“Bizdə kəskin bahalaşma 2020-ci ildən sonra başladı. Nə vaxt ki, azad olunmuş ərazilərdə kütləvi inşaat başladı, bu zaman bir çox tikinti materiallarının qiyməti artdı. Bundan başqa, şəhərsalma və tikinti normativləri sərtləşdirildi. Əvvəllər 1 hektarda 50 min kvadratmetr inşa olunurdusa, indi tətbiq olunan sərt tələblər nəticəsində bu göstərici azaldı və maya dəyərinə birbaşa təsir etməyə başladı".

Ekspertin sözlərinə görə, qiymət artımına təkcə tikinti normativləri və material xərcləri deyil, bazarın struktur dəyişiklikləri və rəqabətin azalması da ciddi təsir göstərib:

“Son illər tikinti şirkətləri arasında rəqabət azalıb. Rəqabətin zəifləməsi isə qiymətlərin təbii şəkildə yüksəlməsinə gətirib çıxardı. Üstəlik, pandemiyadan sonrakı dövrdə tikinti sektorunda logistik xərclər və işçi qüvvəsinin dəyəri də artdı. Bütün bunlar mənzillərin satış qiymətlərinə təsir göstərdi”.

Elnur Azadov həmçinin qeyd edib ki, Azərbaycandakı qiymət artımı region ölkələrinə nisbətən daha kəskin olub:

“Gürcüstan və Ermənistanda bu tendensiya daha mülayim keçib. Çünki orada əhali artımı bizim qədər deyil. Azərbaycanda əhali artımı və urbanizasiya sürəti daha yüksəkdir, bu da mənzil tələbatını artırır və nəticədə qiymətləri yuxarı çəkir".

Problemin həlli yollarına gəlincə, ekspertin sözlərinə görə, ciddi tədbirlər planı görülməlidir: 

"Ölkədə 100-ə yaxın tikinti şirkəti var ki, onlar tikinti üçün lazımi icazələri ala bilmirlər. Bu, sektorun inkişafına ciddi maneə yaradır. Hazırda Bakıda olan yüksəkmərtəbəli binaların əksəriyyəti məhz həmin tikinti şirkətləri tərəfindən inşa olunub. Lakin artıq 5-6 ildir ki, yeni tikintilər üçün icazələr verilmir. Bu isə bazarda mənzil təklifini azaldaraq qiymətlərin süni şəkildə artmasına səbəb olur. Digər tərəfdən ölkədə 16 minə yaxın istismar müddəti bitmiş bina mövcuddur. Bu binalarda yaşayan minlərlə ailə faktiki olaraq təhlükə altındadır. Çünki həmin tikililər artıq texniki cəhətdən köhnəlib, istismar üçün yararsız vəziyyətə düşüb. Bu həm sosial, həm də təhlükəsizlik baxımından ciddi problemdir".

Elnur Azadov qeyd edib ki, dövlət səviyyəsində sistemli addımlar atılmalıdır: 

"Həm bu binaların sökülməsi və yenidən tikilməsi üçün mexanizm yaradılmalı, həm də tikinti şirkətlərinə icazə prosesləri sadələşdirilməlidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icazəverici qaydaları daha çevik və şəffaf etməlidir ki, həm iqtisadi dinamika bərpa olunsun, həm də əhalinin təhlükəsiz yaşayış şəraiti təmin edilsin. Bu məsələnin uzanması həm tikinti sektoruna, həm də ümumi mənzil bazarına mənfi təsir göstərir. İcazə mexanizmlərinin yüngülləşdirilməsi nəticəsində həm yeni yaşayış komplekslərinin inşası sürətlənəcək, həm də köhnə, istismar müddətini bitirmiş binaların yenilənməsi prosesi reallaşacaq. Bu, nəticə etibarilə həm vətəndaşların rifahına, həm də iqtisadi inkişafa xidmət edəcək. Belə davam edərsə, mənzil qiymətlərində ucuzlaşma mümkün deyil, bahalaşma getdikcə artacaq".

Aqil Qarayev 


Seçilən
103
news24.az

1Mənbələr