AZ

Türk Dövlətləri Təşkilatının blok deyil və hansısa ölkəyə siyasi təsir etmək məqsədilə yaradılmayıb

ain.az, Bizimyol saytına istinadən bildirir.

“Türk Birliyi strateji əhəmiyyətli bir birlikdir. Mövqeyi həmrəylik türkdilli dövlətlərin inkişafı və təhlükəsizliyi baxımından çox vacibdir. Dünyada gedən müharibələr, qarşıdurmalar, təhlükələr bu birliyin vacibliyini ortaya qoyur və onu aktuallaşdırır. Çünki birlik, həmrəylik, qarşılıqlı münasibət olmadan dövlətlər öz təhlükəsizliklərini təmin etmək iqtidarında deyillər. Bu, Azərbaycanın timsalında son illərdə özünü aydın göstərdi. Azərbaycan təkləndi, 90-cı illərin əvvəllərində torpaqları erməni təcavüzkarları tərəfindən işğal olundu. Sözsüz ki, bu, erməni işğalı deyildi, ermənilərə dəstək verən, təcavüzkarları silahlandıran onlara kömək göstərən dövlətlərin bilavasitə səylərinin nəticəsi idi”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını təkbaşına işğal edə bilməzdi, o dövrdə ermənilərə xarici qüvvələr böyük dəstək verirdilər.

Tahir Rzayev

“Ölkədəki özbaşınalıq, idarəçiliyin olmaması, ağıllı rəhbərin hadisələrə, real baxımdan yanaşmaması torpaqlarımızın işğalına səbəb oldu. Türk dövlətləri və Azərbaycan bundan nəticə çıxardı. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra ilk çağırışı azərbaycanlıların bir araya gəlməsi, türkdilli dövlətlərin birləşməsi, həmrəyliyi çağırışı oldu. Azərbaycançılıq ideologiyası ortaya atıldı, beynəlxalq münasibətlərə yeni təkan verildi. Prezident İlham Əliyevin son illər bu istiqamətdə gördüyü işlər əvəzolunmazdır. Cənab Prezidentin çox müdrik siyasət nəticəsində artıq Türkiyə ilə münasibətlər son dərəcə yaxşılaşdırıldı.

Türk birliyi ideyası ortaya atıldı və bunu ilk dəstəkləyən dövlət sözsüz ki, Azərbaycan oldu və nəticələr göz önündədir. Türkdilli dövlətlərlə keçirilən görüşlər, söhbətlər, dövlət rəhbərlərinin bir araya gəlməsi, vacib məsələlərdə milli maraqlarda bir-birinə dəstək vermələri, Türk Dövlətləri Təşkilatının yaranmasına imkan yaratdı. Bu gün bu təşkilat ən mötəbər tədbirlərdə öz sözünü deməyə qadir olan bir qüvvəyə çevrilib”-deyə deputat bildirib.

Tahir Rzayev vurğulayıb ki, Azərbaycan Türk birliyinin strateji arxitektoru, lokomotivi rolunu oynayır və onun formalaşmasında yaxından iştirak edir. Deputatın fikrincə, Türkdilli dövlətlərin Azərbaycana gəlməsi, Azərbaycan prezidentinin bu ölkələrə səfərləri, dövlət rəhbərlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərləri, Azərbaycanda gedən möhtəşəm işlərlə tanışlığı, yeri gəldikcə Azərbaycana mənəvi və maddi dəstək vermələri qarşılıqlı əməkdaşlığa yeni imkanlar yaradıb.

Deputat hesab edir ki, bu gün Türk birliyində Azərbaycanın yeri öncüldür, çünki cənab Prezident, eləcə də türkdilli dövlətlərin rəhbərləri daimi olaraq sülh uğrunda, demokratiya, azadlıq, haqq, ədalət uğrunda öz səslərini ucaldır və bu istiqamətdə bir-birinə mühüm dəstək verirlər.

“Sözsüz ki, bir çox Avropa dövlətləri və Qərb bu birliyin əleyhinədir. Bəzən bu təşəbbüslər, bu mövqe onları qıcıqlandırır. Ancaq dövlətimizin rəhbəri dəfələrlə bildirib, Türk birliyi sülhün, azadlığın, insan haqlarının, bəşəriyyətin xoşbəxt gələcəyinin tərəfdarıdır. Bu, bir blok deyil. Hansısa ölkəyə təsir etmək məqsədilə yaradılmayıb və bu niyyətlərdən, bu məqsədlərdən tamamilə uzaqdır. Türkdilli dövlətlərin birləşməsi, Türk Dövlətləri Təşkilatının ətrafında yeni qüvvələrin səfərbər olunması, bizim milli maraqlarımıza, eləcə də, türk xalqlarının maraqlarına tamamilə uyğundur. Bu, milli təhlükəsizliyə, inkişafa, insanların xoşbəxt yaşamasına bir dəstəkdir”-deyə Tahir Rzayev bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
bizimyol.info

1Mənbələr