AZ

Bakıda QDİƏT PA Sosial və Humanitar Siyasət Komitəsinin iclası öz işinə başlayıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclası öz işinə başlayıb.

Ölkə.Az-ın xəbərinə görə, QDİƏT PA Sosial və Humanitar Siyasət Komitəsinin sədri Musa Quliyev açılış nitqi zamanı bildirib ki, bugünkü iclas təşkilata üzv ölkələr üçün davamlı inkişaf baxımından mühüm əhəmiyyət kəsb edən süni intellekt mövzusuna həsr edilib. “Süni intellekt bir trend kimi bu gün dünya iqtisadiyyatının hərəkətverici qüvvəsidir. Prezident İlham Əliyev 2028-ci ilədək Azərbaycanda süni intellektin inkişafı ilə bağlı sərəncam imzalayıb və buna uyğun işlər gedir. Digər ölkələrdə də süni intellektin inkişafı ilə bağlı müvafiq sərəncamlar və qərarlar qəbul edilib”, - Musa Quliyev qeyd edib.

Deputat onu da əlavə edib ki, Bakıda keçirilən bu iclas ölkələrarası əlaqələrin inkişafına öz töhfəsini verir.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov isə bildirib ki, QDİƏT region ölkələri arasında əlaqələrin inkişafına və sıx əməkdaşlıq münasibətlərinin qurulmasına töhfə verir. “Təşkilat müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir”, - o qeyd edib.

Vitse-spiker əlavə edib ki, torpaqlarını işğaldan azad edən ölkə kimi Azərbaycan sosial siyasət sahəsində zəngin təcrübəyə malikdir və bir çox ölkələr bu təcrübədən faydalana bilər.

Vitse-spiker bildirib ki, iclasda müzakirə olunacaq süni intellekt məsələsi sosial həyatımızda xüsusi rol oynayır. “Bu baxımdan süni intellekt sosial xidmətlərin təkmilləşdirilməsi, effektiv sosial təminatın formalaşdırılmasında faydalıdır”, - o qeyd edib.

O əlavə edib ki, sosial problemlər Azərbaycan Prezidentinin yürütdüyü siyasətin prioritetini təşkil etdiyindən süni intellektin inkişafına da xüsusi diqqət yetirilir və bu istiqamətdə məqsədyönlü addımlar atılır.

Mürtəza

Seçilən
116
3
olke.az

4Mənbələr