AZ

İblisə məktub Kənan Hacının yeni hekayəsi

ain.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Kənan Hacının "İblisə məktub" hekayəsini təqdim edir. Yatanları yuxudan oyatmaq vəzifəsini həyətdəki qəfəsə salınmış tutuquşu öz boynuna götürmüşdü. Tək ördək Səlimə arvadın qapısını dimdiyilə döyüb fasiləsiz qaqqıldayırdı. Səhər yeməyinin vaxtı keçirdi deyin, əsəbiləşmişdi. Hansı ağacdansa qopub düşmüş sarı yarpaq öz kögləsi ilə oynayırdı. Taleyin qəfil döngəsini burulub bu həyətlə üzbəüz qalmış yazıçı kətilin üstündə oturub siqaretini tüstülədirdi. Dəmir darvazanın ağzında dayanmış köhnə qara “Jiquli” süfrəyə qonmuş peyin milçəyinə oxşayırdı. Dağlı çörəyinin qoxusu bütün məhəlləyə yayılmışdı. Deyəsən, Solmaz xalanın təndirxanası işə düşmüşdü, yuxudan kal durmuş məhəllə kişiləri çörək növbəsinə tələsirdilər. Təndir tezbişən qazan idi elə bil, çörəyi yap, gözünü yum-aç, çıxar. Beş-on dəqiqədən sonra təndirxananın önündəki uzun növbə əriyib yoxa çıxırdı. İşə tələsənlər yeyin addımlarla avtobus dayanacağına tələsirdi. Yazıçı bütün bunları müşahidə edirdi. O, bütün gecəni oyaq keçirmişdi. Yuxusunu ərşə çəkən nə idi, görəsən?O, ruhunu iblisə satmaq haqda düşünürdü. Amma bunun yolunu bilmirdi; bu vaxtacan iblislə alış-verişi olmamışdı. Bəs səbəb nə idi ki, binəva bu qərara gəlmişdi? İblis hara, yazıçı hara?! Məsələ burasında idi ki, yazıçı nəfsinə məğlub olmuşdu. Olur belə şeylər, hamımız insanıq. Yazıçı göydən zənbillə düşməmişdi ki. O da hər bir insan kimi bu dünyada bir az pul və xoşbəxtlik arzulayırdı. Hesab edirdi ki, bu vaxtacan bihudə yaşayıb, səmərəsiz bir işlə məşğul olub.O, xoşbəxtliyin nisbi anlayış olduğunu yaxşı bilirdi, bunu bilə-bilə nəfsin üzünə gülümsəyirdi. Nəfs onun qulağına pıçıldayırdı ki, bəsdir kasıb yaşadın, bu dünya kef, əyləncə yeridir. Sən də vaxtını fövtə vermə, iblislə razılığa gəl, o səni dünya malından ğəni edəcək. Heç olmasa, bundan sonra adam kimi yaşa. O qələm ki, sənə var-dövlət gətirmir, onu qır tulla. Arvad-uşaq da bir gün görsün, özün də cənnəti nağd bu dünyada yaşa. Nağdı qoyub nisyənin dalınca qaçma. O dünyaya etibar yoxdu... Qohum-əqraba yazıçının evinə qonaq gələndə kitab rəflərindəki kitabları görüb dodaq büzürdülər. “Nəyivə lazımdır bu kitablar? Tulla getsin, evdə nəfəs almaq olmur, zalım oğlu. Bu toz-tozanağın içində necə yaşayırsan?” Bu cür tənə-təhnizlər yazıçını bezdirmişdi. Arvadı da qohumlarla həmrəy idi; arada ərindən xəlvət əlinə keçən kitabı, jurnalı zibillərin gözünə qatıb tullayırdı. Zavallı yazıçı axtardığı kitabı tapa bilmirdi.Yazıçı sübh obaşdan tərəddüd körpüsünün kənarında oturub dərin fikrə qərq olmuşdu. Ehtiyac içində keçən ömrü, yazdığı kitablar gözünün qabağına gəlirdi. O kitablardan birində iblisi yaş yuyub quru sərmişdi. Görəsən, iblis o kitabı oxuyub? İblisin vaxtı hardaydı kitab oxusun? Gününü kitab oxumaqla keçirsəydi, olardı elə yazıçının bir tayı. Bəs onun işlərini kim görəcəkdi?Tinin başındakı villanın diyircəkli dəmir darvazası aramla açıldı və içəridən gözoxşayan ağ “Lexus” çıxdı. Qapı bağlandı və maşın yazıçının böyründən saymazyana şütüyüb keçdi. Sürücü ona heç gözünün ucuyla da baxmadı.Yazıçı barmaqları arasında tüstüləyən siqareti kötüyünə qədər sümürüb yerə atdı və dabanıyla əzdi. Evə girib masa arxasına keçdi və iblisə məktub yazmağa başladı. Sonuncu nöqtəni qoyandan sonra dərindən nəfəs aldı. Həyətə çıxıb sonuncu siqaretini yandırdı. Qəribə bir səksəkə içində yerinə uzandı. Arvadı və qızı hələ də şirin yuxuda idilər....Qapı şiddətlə döyülürdü. Şalvarını ayağına keçirib hövlnak özünü dəhlizə yetirdi. Qara kostyum geymiş ucaboy bir adam astanada dayanmışdı.- Kim lazımdır?- Siz, - kostyumlu adam hiyləgərcəsinə gülümsədi.- Buyurun, eşidirəm, - ev sahibi maraq hissiylə dilləndi.- Məni tanımadınız? Mən sizin məktubunuza əsasən gəlmişəm.Onu soyuq tər bürüdü, bilmədi nə cavab versin.- Haqq-hesab vaxtıdır, müəllim. Xahiş edirəm, vaxtımı almayasınız, - çağırlmamış qonaq bu dəfə sərt ifadə ilə dilləndi. - Mən... mən sizi çağırmamışam... – ev sahibi kəkələdi.Kostyumlu zavallının yaxasından tutub onu küçəyə sürüdü. Ev sahibi gələn adama yalvarmağa başladı: - Yox, üzr istəyirəm... Sizi tanıdım. Nəfsim məni yoldan çıxartdı. Mən qətiyyən sizi narahat etmək istəmirdim.Adam onu naməlum istiqamətə doğru sürüyüb aparırdı.- Dayanın! Heç olmasa, mənim bircə arzumu yerinə yetirin. Bircə arzumu!..Naməlum adam özü də anlayırdı ki, ev sahibi ilə kobud rəftar edir. Qəfildən nə düşündüsə, onun yaxasını buraxdı.- Yaxşı. Arzunuzu ərz edin. Amma bircə arzu. Tez olun, vaxtımı almayın. Başqa ünvanlara da baş çəkməliyəm. Ev sahibi ətrafa boylandı, yolun kənarında göz oxşayan ağ “Lexus” dayanmışdı.- İstəyirəm ki, sən bu maşına minib cəhənnəm olasan və bir də heç vaxt insanları narahat etməyəsən.Ev sahibi sözünü bitirməmiş baxdı ki, naməlum adam “Lexus”un sükanı arxasında əyləşib. Maşın tozanaq qoparıb bir anın içində gözdən itdi. ...Yazıçı yuxudan oyananda gün teştə çıxmışdı. Səlimə arvad ördək üçün qarğıdalı dənələyirdi, tutuquşu arvadın çiynində oturub öz nəğməsini ötməkdəydi. Yazıçı yerindən dik atılıb yazı masasına cumdu. Sübh tezdən iblisə yazdığı məktubu cırıb zibil qutusuna atdı...

7-8 sentyabr, 2025

Alim Qasımov Torontoda konsert verdi

"Ulucayın məqsədi nə ölümü, nə də səbəbini göstərməkdir" - Mətanət Vahid

Dünyanın ən hündür körpüsü tikildi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
kulis.az

1Mənbələr