AZ

Hələbdə kürd qüvvələri ilə Suriya ordusu arasında toqquşma baş verib

Hadisə hökumət qüvvələrinin yenidən dislokasiya planı fonunda baş verib...

Bazar ertəsi axşam saatlarında Suriyanın Hələb şəhərində kürd silahlı birləşmələri ilə Suriya hökumət qoşunları arasında şiddətli toqquşmalar qeydə alınıb.

Poliqon xəbər verir ki, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Telekanalın Suriya Müdafiə Nazirliyinə istinadən bildirdiyinə görə, hökumət qüvvələrinin hərəkəti “yenidən dislokasiya planı çərçivəsində” həyata keçirilir. Nazirlik bəyan edib ki, Dəməşq öz razılaşmasına sadiq qalır və hər hansı yeni hərbi əməliyyat aparmaq niyyətində deyil.

“Biz Suriya Demokratik Qüvvələri ilə imzalanmış razılaşmaya sadiq qalırıq və döyüş əməliyyatları aparmaq planımız yoxdur”, deyə nazirliyin açıqlamasında qeyd olunub.

Kürd mənbələri isə toqquşmaların səbəbi kimi “müvəqqəti hökumətə bağlı silahlı qrupların təxribatlarını və tanklardan istifadə etməklə irəliləmə cəhdlərini” göstəriblər.

ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri (SDF) Suriyada və İraqda “İŞİD”ə qarşı mübarizədə Vaşinqtonun əsas tərəfdaşlarından biri hesab olunur. Mart ayında ABŞ-nin vasitəçiliyi ilə SDF və Dəməşq arasında qarşılıqlı anlaşma əldə edilmişdi. Razılaşmaya əsasən, 2025-ci ilin sonunadək kürd hərbi və mülki strukturları Suriya Mərkəzi Hökumətinin tərkibinə inteqrasiya olunmalı idi.

Həmin anlaşmanın davamı olaraq, bu həftə ABŞ-ın Suriyadakı yüksək rütbəli diplomatı və Yaxın Şərq üzrə Birləşmiş Qüvvələrin komandanı ölkənin şimal-şərqinə səfər edərək SDF lideri Məzlum Abdiylə görüşüblər. Görüşdən sonra yayılan bəyanatda abdi vurğulayıb ki, kürdlər “bütün suriyalılar üçün vahid və ədalətli Suriya qurmaq məqsədində” qətiyyətlidirlər.

Suriya prezidenti Əhməd əl-Şəraa isə daha əvvəlki açıqlamasında bildirmişdi ki, mərkəzi hakimiyyət bütün etnik və siyasi qrupları qəbul etməyə hazırdır.

“Silahın yeganə sahibi dövlət olmalıdır”, deyə prezident qeyd edib.

Hazırkı toqquşmaların gedişatı bölgədə əldə edilmiş müvəqqəti siyasi sabitliyə təhlükə yarada bilər və müşahidəçilər bu hadisələri Dəməşq–kürd münasibətlərinin gələcəyi baxımından həyəcanverici siqnal kimi qiymətləndirirlər.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr