AZ

Ermənilər və gürcülər maaşla bizdən daha tez ev ala bilir - Mərkəzi Bankın belə səlahiyyəti var?..


Firdovsi Şahbazov: “Bu o demək deyil ki, Gürcüstanla Ermənistan Azərbaycandan varlı ölkədir”

Azərbaycanda əhalinin yeni mənzil almaq imkanları zəifləyir. Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2025-ci ilin ilk yarısı üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.

Hesabatda bu barədə birbaşa deyilməsə də, əhali tərəfindən mənzil alışının çətinləşdiyini göstərən bir neçə göstərici açıqlanır. Hesabatdan məlum olub ki, Bakı şəhərində maaşla mənzil almaq üçün 217 ay, yəni 18 il 1 ay işləmək lazımdır. Yəni Cənubi Qafqaz ölkələrinə baxanda biz sonuncu yerdəyik. Tbilisidə maaşla mənzil almaq üçün 12-14 il, İrəvanda 9-11 il işləmək lazımdır. Avropa ölkələrinə baxsaq yenə ən sondayıq: Avropada ən pis göstərici Serbiyadadır – 16,8 il, ən yaxşı vəziyyət isə İslandiyadadır – cəmi 5,6 il. Bu o deməkdir ki, Azərbaycanda maaşlar az, mənzillərin qiyməti isə bahadır. Qazanc az olanda qiymət aşağı olmalıdır, amma bizdə əksinədir.

Maraqlıdır, Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda mənzil almaq üçün daha çox işləməyin lazım olması nə dərəcədə doğrudur? Niyə bu qədər fərq var? Ümumiyyətlə, Mərkəzi Bankın belə hesablama, təhlil aparmaq səlahiyyəti varmı?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, bu, müəyyən parametrlərə görə müəyyən edilir: “Əvvəla, bu o demək deyil ki, Gürcüstanla Ermənistan Azərbaycandan varlı ölkədir. Təbii ki, yox. Sadəcə, müəyyən parametrlər var ki, ona əsasən belə hesablama aparılır. Məsələn, 2024-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 1009 manat (593,6 dollar) olub. Bu, Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir. Müqayisədə Ermənistanda orta aylıq məvacib 900 dollara yaxın olub. Gürcüstanda 2024-cü ildə orta aylıq əmək haqqı 753,4 dollar olub. Görünür, buna əsasən hesablama aparılaraq müəyyən edilib ki, Bakı şəhərində maaşla mənzil almaq üçün daha çox vaxt tələb olunur. Yoxsa Azərbaycanda elə sahələr var ki, orada işləyənlər ayda 5-10 min manat maaş alırlar. Məsələnin digər tərəfi onunla əlaqədardır ki, Azərbaycanda pul çox olduğu üçün Tbilisi və İrəvanla müqayisədə Bakının mənzil bazarında qiymətlər daha yüksəkdir. Üstəlik, əhalinin sayı da çoxdur, Bakıda daha çox əhali cəmləşib. Bütün bunlar qiymətlərə ciddi təsir edir. Çünki tələbat böyükdür. Mərkəzi Bankın belə hesablama aparmasına gəldikdə isə, əgər qanunvericilik bunu qadağan etsəydi, hesabatda bunlar öz əksini tapmazdı. Görünür, müəyyən çərçivə daxilində bəzi təhlillərin, müqayisələrin aparılmasına icazə verilir”.

Vidadi ORDAHALLI

Seçilən
67
baki-xeber.com

1Mənbələr