AZ

Valideynin STEAM tədrisini tənqid etməsinə nazirlikdən MÜNASİBƏT

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məktəbdə övladına keçilən STEAM (Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyat (Math) fənlərini birgə və inteqrasiya olunmuş şəkildə öyrədən yanaşma - red.) dərsi valideyni qane etməyib.

Oxu.Az xəbər verir ki, bu barədə o, sosial hesabında paylaşım edib.

Valideyn qeyd edib ki, 3-cü sinifdə oxuyan qızına 90 dəqiqəlik STEAM dərsində hava şarı düzəltməyi öyrədiblər.

"Dərsi isə başqa fənn, fransız dili tədris edən müəllim keçir. Əgər STEAM üçün resurs yoxdursa, onu dərs proqramına salmağın nə mənası var?" - valideyn yazıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, "Buludlara doğru" dərsi ibtidai sinif şagirdlərində mühəndislik düşüncə tərzinin formalaşdırılmasına yönəlib.

"Dərs, təcrübəyə əsaslanan öyrənmə, problemin həlli və yaradıcı düşünmə kimi müasir pedaqoji metodların tətbiqi ilə şagirdlərin mühəndislik bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsini hədəfləyir. Bu proses, mühəndislik-dizayn yanaşmasının mərhələlərini (problemin müəyyənləşdirilməsi, ideyanın formalaşdırılması, prototipin hazırlanması, sınaqdan keçirilməsi və iterasiya) şagirdlərə mənimsətməklə həyata keçirilir. Dərsin tətbiqi nəticəsində şagirdlərdə aşağıdakı bacarıqlar inkişaf etdirilir:

- Analitik və yaradıcı düşünmə: Real həyat problemlərinə mühəndislik yanaşması;

- Əməkdaşlıq və qrup işi: Komanda şəklində iş və sosial bacarıqların inkişafı;

- Kiçik motorika və texniki bacarıqlar: Əl bacarıqları və qurma prosesində məntiqi ardıcıllığın qurulması;

- Müşahidə və nəticə çıxarma: Təbiət hadisələrinin və fiziki proseslərin müşahidəsi əsasında elmi nəticələrin çıxarılması.

Dərs çərçivəsində şagirdlər aerodinamika sahəsinin əsas anlayışları ilə tanış olurlar. Hava axınının cisimlərin hərəkətinə təsiri, bu təsirin cisimlərin forması və çəkisi ilə əlaqəsi əyani təcrübələr vasitəsilə öyrənilir. Bu yanaşma şagirdlərdə fiziki qanunauyğunluqların praktiki tətbiqini və mühəndislik prinsiplərinin təməlini formalaşdırır. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, STEAM-in tətbiqi nəticəsində şagirdlər hər dərs müəyyən edilmiş bilik və bacarıqlara yiyələnirlər", - deyə məlumatda vurğulanır.

Başqa fənn müəlliminin STEAM dərsi keçməsi məsələsinə gəlincə isə Nazirliyin məlumatında qeyd olunub ki, bütün fənlər üzrə yaş səviyyəsinə uyğun olaraq STEAM-in tədrisini həyata keçirmək mümkündür:

"STEAM əsaslı tədrisin tətbiqi şagirdlərdə XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək məqsədi daşıyır. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini əhatə edən bir təhsil yanaşmasıdır. Elm sahəsinə isə bütün elmlər və elmləri öyrədən fənlər daxildir. Bütün fənlər üzrə yaş səviyyəsinə uyğun olaraq STEAM-in tədrisini həyata keçirmək mümkündür. Beləliklə də ümumi təhsil pilləsi üzrə STEAM əsaslı tədrisi hər bir fənn üzrə müəllim təlim materiallarına yiyələnməklə tədris edə bilər", - məlumatda deyilir.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
oxu.az

1Mənbələr