AZ

Paşinyan müxalifəti kənarlaşdırır

İnsanın yaratdığı hər yeni texnologiya, hər yeni məhsul həyatı asanlaşdırmaqla yanaşı, bəzən yeni təhlükələrin də qapısını açır. Bu gün məişət əşyalarından tibbi alətlərə qədər hər yerdə plastik məhsullarla rastlaşırıq. Statistikaya görə, dünyada hər il 400-500 milyon ton plastik istehsal olunur. Onların isə yalnız cüzi hissəsi, təxminən 9 faizi təkrar emala gedir, qalanı isə ətraf mühitdə parçalanaraq mikroplastiklərə çevrilir.

Mikroplastiklər dedikdə, diametri 5 millimetrdən kiçik plastik hissəciklər nəzərdə tutulur. Artıq sübut olunub ki, bu xırda parçalar  okeanlardan torpağa, havadan içməli suya qədər hər yerdə var. Hətta insan qanında, ana bətnindəki dölün toxumalarında, həzm orqanlarında belə mikroplastiklər aşkarlanıb. Bu fakt yalnız bu günümüz üçün deyil, gələcək nəsillərin sağlamlığı üçün də ciddi təhlükədir.

Təhlükənin miqyası düşündüyümüzdən daha genişdir. Hər bir insanın ildə təxminən 50 minə yaxın mikroplastik udduğu təsdiqlənib. Alimlər plastik çirklənmənin sağlamlığa zərər verə biləcəyi barədə xəbərdarlıq edir və plastikdən istifadənin təcili olaraq azaldılmasının vacibliyini vurğulayırlar. Onlar bildirirlər ki, bu kiçik "düşmənlər" qana keçərək hüceyrələrdə iltihab yaradır, toxumalara zərər verir, orqanizmdə xroniki xəstəliklərə zəmin hazırlayır. Son tədqiqatlar göstərir ki, mikroplastiklərin hədəfi təkcə ürək, ağciyər və sinir sistemi deyil. Artıq sümüklərimiz də təhlükə altındadır.

Beynəlxalq alimlər qrupu plastik hissəciklərin sümük iliyinə nüfuz edə bildiyini  və onun funksiyasını pozduğunu aşkar edib. Bu, sümük hüceyrələrinin böyüməsini zəiflədir, ilikdəki kök hüceyrələrin fəaliyyətinə zərbə vurur. Nəticədə sümüklərin mineral tərkibi pozulur, möhkəmliyi azalır, kövrəkləşir və sınıqlara daha meyilli olur. Bu zaman osteoporoz, yəni sümük əriməsi riski də artır. Xəstəlik üçün məlum risk faktorları arasında yaş, cins, dərman istifadəsi, pəhriz, siqaret və alkoqol istehlakı və genetika daxildir. Mikroplastiklərin sümüklərin mexaniki möhkəmliyinə təsiri hələ tam öyrənilməsə də, artan dəlillər hissəciklərin sümüyə dərindən nüfuz edə və onun maddələr mübadiləsini pozmağa qadir olduğunu göstərir.

"Osteoporosis International" jurnalında dərc edilən araşdırmada mikro və nanoplastiklərin sümüklərə təsirlərini araşdıran 62 elmi məqalə qiymətləndirilib. Laboratoriya təcrübələri mikroplastiklərin sümük toxumasını parçalayan osteoklastların əmələ gəlməsinə təkan verdiyini ortaya qoyub. Heyvanlar üzərində aparılan təcrübələrdə mikroplastiklərin skelet inkişafında ləngimə yaratdığı müşahidə olunub. Hüceyrə sınıqlarında isə sürətlənmiş qocalma, canlılığın azalması və maddələr mübadiləsinin pozulması qeydə alınıb. Ən narahatedici məqam isə odur ki, bu təsirlər xüsusilə uşaqlar və yeniyetmələrdə sümük inkişafına mənfi təsir göstərə bilər.

Əgər bu gün tədbir görülməsə, sabah daha böyük fəsadlarla qarşılaşacağıq. Çıxış yolu isə hər kəsin üzərinə düşən məsuliyyətdən keçir. Bu məsuliyyət plastikdən istifadəyə məhdudiyyət qoymaq, təkrar plastik emal sistemlərini təkmilləşdirmək, istehlak vərdişlərini dəyişməkdir. 

Bu gün atılan kiçik addımlar gələcək nəsillərin sağlamlığı üçün böyük zəmanət ola bilər. Əks halda, görünməz düşmən - mikroplastiklər yalnız təbiəti deyil, insan orqanizminin təməl dayaqlarından biri olan sümükləri də səssizcə zəiflədir.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
59
azerbaijan-news.az

1Mənbələr