AZ

Qərb Rusiyanın 140 milyard avrosunu qamarlayır - Rusiyanın cavabı isə...


Azərbaycan üçün bu prosesin mənfi təsirləri olsa da, üstünlükləri daha çoxdur

Rusiya prezidenti Vladimir Putin yeni fərman imzalayaraq xarici şirkətlərin, əsasən də Avropa kompaniyalarının Rusiyada daha tez milliləşdirilməsinə imkan yaradıb. Bu addım Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya maliyyə yardımı üçün istifadə etmək planına cavab tədbiri kimi nəzərdə tutulur.

Fərmana əsasən, şirkətlərin qiymətləndirilməsi və qeydiyyatı sürətləndiriləcək. Əməliyyatları isə “Promsvyazbank” həyata keçirəcək. İndiyədək Rusiya aktivləri milliləşdirmək əvəzinə müvəqqəti idarəetməyə verib və sonradan Kremlin yaxın oliqarxlarına ucuz qiymətə satırdı.

Aİ-də Ukraynaya 140 milyard avro həcmində kredit ayrılması müzakirə olunur. Bu, aktivlərin tam müsadirəsini nəzərdə tutmur, amma Rusiya zərəri kompensasiya etsə, pullar geri qaytarıla bilər. Planı Almaniya, İsveç və Finlandiya dəstəkləyir, bəzi ölkələr isə tərəddüd edir.

Bu qarşılıqlı iqtisadi cəzaların sonu kimin xeyrinə bitə bilər?

Baki-xeber.com nəşrinə görə, bu cür qarşılıqlı iqtisadi cəzaların sonunun necə bitməsi bir neçə faktordan asılıdır.

Avropa İttifaqı Rusiyanın aktivlərini müsadirə etmədən, onları kredit mexanizmi kimi istifadə etməyi nəzərdə tutur. Bu, beynəlxalq hüquqa daha uyğun hesab olunur.

Əgər aktivlər tam müsadirə edilsəydi, Rusiya çox sərt addımlar ata bilərdi, amma “kredit” modeli ona müəyyən “çıxış yolu” saxlayır.

Putin fərmanı ilə Qərb şirkətlərinin aktivlərini sürətli şəkildə milliləşdirə bilər. Bu, ilk baxışdan Qərbə təzyiq vasitəsi olsa da, uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatı üçün mənfi təsir yaradır. Çünkü bu fərman işə düsəndən sonra xarici sərmayələr tamamilə dayanacaq. Texnologiya və idarəetmə təcrübəsi itkisi yaranacaq. Aktivləri alan oliqarxlar onları effektiv idarə edə bilmir.

Aİ-nin əlində Rusiyaya qarşı daha böyük maliyyə və iqtisadi resurslar var. Rusiya iqtisadiyyatı isə sanksiyalara görə zəifləyib, Qərbin texnologiya və kapitalına çıxışı məhdudlaşıb.

Qısa müddətdə qarşılıqlı sanksiyalar hər iki tərəfə ziyan vuracaq, amma sonda Rusiya daha çox itirəcək.

Orta müddətdə Qərb şirkətləri Rusiyadan tamamilə çıxacaq, yeni investisiya gəlməyəcək.

Uzun müddətdə isə Rusiya iqtisadiyyatı daha çox Çin və Hindistana bağlı olacaq, Aİ isə Ukraynaya əlavə maliyyə dəstəyi verə biləcək.

Yəni ümumilikdə bu qarşılıqlı iqtisadi mübarizə Rusiyanın xeyrinə bitməyəcək, amma Aİ üçün də əlavə risqlər və xərclər yaradacaq.

Bəs bu qarşılıqlı iqtisadi mübarizə Azərbaycan üçün hansı nəticələr doğura bilər?

Avropa İttifaqı Rusiyanın aktivlərini Ukrayna üçün istifadə edərək Moskvaya təzyiqi artırır. Bu isə Aİ-nin Rusiyadan enerji asılılığını daha da azaltmaq siyasətini gücləndirir.

Azərbaycan üçün bu, qaz və neft ixracının artması deməkdir. Xüsusən də Cənub Qaz Dəhlizi (TAP, TANAP) marşrutu daha da önəm qazanır.

Rusiya ilə Qərbin münasibətləri sərtləşdikcə Avrasiya nəqliyyat xətləri dəyişir. Azərbaycan üçün Orta Dəhliz (Transxəzər marşrutu) daha strateji əhəmiyyət qazanır. Bu, həm enerji, həm də qeyri-neft ixracına üstünlük verir.

Rusiya Qərb şirkətlərini milliləşdirsə, regionda biznes mühitinə inam azala bilər. Bu, Azərbaycanı da ehtiyatlı olmağa məcbur edəcək.

Azərbaycan Rusiya ilə ticarətdə ehtiyatlı davranmalı, paralel olaraq Aİ bazarına çıxışı genişləndirməlidir.

Rusiya ilə Qərbin qarşılıqlı “aktiv dondurma” və “müsadirə” siyasəti beynəlxalq maliyyə bazarlarında risqləri artırır.

Azərbaycan bank sektoru da dollara və avroya bağlı olduğu üçün dolayı təsirlərlə üzləşə bilər.

Rusiya ilə Qərb arasında qarşıdurma dərinləşdikcə, Azərbaycan neytral vasitəçi və etibarlı tərəfdaş kimi ön plana çıxa bilər.

Bu, diplomatik çəkimizi artırmaqla yanaşı, investisiya və enerji müqavilələri üçün də fürsətlər açacaq.

Yəni Azərbaycan üçün bu prosesin mənfi təsirləri olsa da, üstünlükləri daha çoxdur. Əsas fürsətlər enerji ixracı, tranzit imkanları və Aİ ilə strateji əməkdaşlığın güclənməsidir. Mənfi tərəfi isə regional risqlərin və maliyyə bazarlarında qeyri-müəyyənliyin artmasıdır.

Akif NƏSİRLİ

Seçilən
50
baki-xeber.com

1Mənbələr