AZ

Yuxu apnesinin səbəbi açıqlandı

Çirkli hava, insanlarda yuxu zamanı nəfəsin müvəqqəti dayanması ilə xarakterizə olunan obstruktiv yuxu apnesini daha da ağırlaşdıra bilər.

E-saglam.az xəbər verir ki, bu nəticəyə İtaliyanın Milano-Bikokka Universitetinin alimləri gəlib. Araşdırmanın nəticələri barədə Avropa Tənəffüs Cəmiyyəti (ERS) məlumat yayıb.

Tədqiqat Avropanın 14 ölkəsindən, 25 şəhərindən olan 19 mindən çox xəstəni əhatə edib. Onların vəziyyəti havadakı PM10 toz hissəciklərinin (nəqliyyat və sənaye fəaliyyəti nəticəsində yaranan çirkləndiricilər) səviyyəsi ilə müqayisə olunub.

Alimlər müəyyən ediblər ki, PM10-un miqdarı cəmi 1 vahid artdıqda, yuxu zamanı nəfəsin dayanması və zəifləməsi hallarının (apne və hipopne) sayı saatda orta hesabla 0,41 dəfə artır.

Professor Martino Pengo qeyd edib:

“Bir nəfər üçün təsir kiçik görünə bilər, amma əhali miqyasında bu, minlərlə insanın xəstəliyin daha ağır mərhələsinə keçməsi deməkdir".

Apne simptomlarının çirkli hava ilə ən güclü əlaqəsi Paris, Lissabon və Afinada qeydə alınıb. Digər şəhərlərdə isə bu əlaqə zəif olub və ya ümumiyyətlə müşahidə edilməyib.

Həmçinin, mütəxəssislər vurğulayırlar ki, bu nəticələr praktiki tibbdə böyük əhəmiyyət daşıyır və havanın təmizliyi ilə bağlı tədbirlərin insan sağlamlığına təsirini bir daha sübut edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
40
e-saglam.az

1Mənbələr