AZ

“Bir gecədə qərar qəbul edib məktəbli avtobuslarını tətbiq etmək düzgün deyil” — EKSPERT (FOTOLAR)

Oktyabrın 1-dən Bakıda “məktəbli avtobusları” layihəsinin icrasına başlayıb.

Avtosfer.az xəbər verir ki, layihə ilkin mərhələdə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edir. Avtobus xidmətindən istifadə üçün aylıq abunə haqqı məsafəyə görə dəyişir. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub. Layihə çərçivəsində xidmət göstərilən məktəblər arasında Elitar Gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 saylı məktəblər yer alır.

Nəzərdə tutulan layihə ilə bağlı avtobusların fəaliyyətindən 1200 şagird xidmətdən yararlanır və şagirdlər birbaşa evdən götürülməklə məktəbə gətirilir.
İctimaiyyəti maraqlandıran məsələ isə, layihənin nə qədər effektiv olmasıdır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, məktəbli avtobusları artıq pilot layihə kimi tətbiq edilməyə başlayıb:



“Biz bunu alqışlayırıq. Hər halda, effektiv olub-olmayacağından asılı olmayaraq, belə bir addımın atılması təqdir olunmalıdır. Burada isə təbii ki, sistemli bir işin qurulmasının tərəfdarıyıq. Dövlət proqramında da qeyd olunduğu kimi, şəhərin mərkəzində daha ciddi problemlər yaradan məktəblər seçilməli idi.

Ümid edirəm ki, həmin məktəblər seçilib və pilot layihə kimi məhz orada məktəbli avtobuslarının tətbiqi həyata keçirilir. Bunların nə qədər effektiv olacağını zaman göstərəcək və biz ümid edirik ki, yaxşı nəticə əldə olunacaq.

Amma bir problem var: bizdə təhsil müəssisələri ilə orada təhsil alanların yerləşmə məsələsi arasında tərs mütənasiblik mövcuddur. Deyək ki, Yasamalda yaşayan uşaq gedib Nəsimi rayonunun ən ucqar bir nöqtəsində məktəbə yazılır ki, guya dərs yaxşı keçirilir, müəllimlər daha savadlıdır. Yaxud Suraxanıda yaşayan şagird gəlir, şəhərin mərkəzində, “İçərişəhər” metrosunun yanında məktəbə yazılır. Bu isə əlavə fəsadlar yaradır.

Məsələn, “İçərişəhər” metrosunun ətrafındakı məktəblərdə sıxlıq yaranır və burada məktəbli avtobusları tətbiq olunur. Amma əgər bu avtobuslar həm ətraf ərazilərdəki uşaqları, həm də Suraxanıda yaşayan uşaqları daşımağa çalışsa, onda vəziyyət çətinləşəcək. Avtobus 15-16 uşağı yığandan sonra bir uşağa görə Suraxanıya getməlidirmi, getməməlidirmi? Bu da əlavə suallar doğurur.

Ümumiyyətlə, Suraxanıda yaşayan uşaq niyə Yasamaldakı və ya Səbaildəki məktəbə getməlidir? Elm və Təhsil Nazirliyi bu məsələni araşdırıbmı? Suraxanıda, Qaradağda və ya Binəqədidəki məktəblərdə nə kimi problemlər var ki, valideynlər uşaqlarını şəhərin mərkəzinə aparmağa üstünlük verirlər”?

Ekspert əlavə olaraq qeyd edib ki, Nazirlik müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı addımlar atdı və savadsız müəllimlər sistemdən uzaqlaşdırıldı:
“Ümid edirik ki, onlar rüşvət yolu ilə yenidən dərsə qayıtmayacaqlar. Əgər bütün müəllimlər eyni səviyyədə imtahandan keçibsə, niyə valideynlər hələ də uşaqlarını yaxınlıqdakı məktəblərə həvalə etmirlər?

Burada başqa məsələlər də var. Məsələn, bəzi məktəblərdə cinayətə meyilli şagirdlər ortaya çıxır, məktəbə bıçaqla gəlirlər. Bəzi hallarda məktəblərin ətrafında narkotik istifadə edən şəxslər görünür. Bu da valideynlər arasında qorxu yaradır və insanlar həmin məktəblərdən uzaq durmağa çalışırlar. Halbuki, ola bilər ki, narkotik istifadəçiləri məktəblə heç bir əlaqəsi olmayan şəxslərdir, sadəcə ərazidən istifadə edirlər.

Buna görə də bütün dövlət qurumları birgə işləməlidir. Məktəblərdə yalnız təhsil yox, tərbiyə məsələləri də diqqət mərkəzində olmalıdır. Əks halda, yaxşı nəticələrdən danışmaq çətin olacaq.

Digər tərəfdən, məktəbli avtobusları ilə bağlı müəyyən problemlər də var. Məsələn, elanlarda yazılır ki, uşaq dərsdən bir saat əvvəl götürüləcək, dərs bitdikdən bir saat sonra qaytarılacaq. Amma praktikada bu vaxt daha uzun ola bilər. Elə hallar olub ki, uşaqları səhər saat 6-da avtobusdan götürüblər, halbuki dərs 8-də başlayır. Bu isə körpə uşaqlar üçün psixoloji və fiziki yük yaradır”.

Elməddin Muradlı son olaraq əlavə edib ki, qiymət məsələsi də narazılıq doğurur:

“Məsələn, aylıq 240 manat ödəniş tələb olunur. Valideyn isə hesablayır ki, bu məbləği ödəməkdənsə, ya taksi tutmaq, ya da öz maşını ilə uşağı aparıb-gətirmək daha sərfəlidir. Çünki vaxt baxımından da üstünlük olur — valideyn maşınla yarım saata uşağı məktəbə çatdırır, amma avtobusda bu, daha uzun çəkir.
Bütün bunlara görə məsələ ciddi təhlil olunmalı, real vəziyyət nəzərə alınmalıdır. Sadəcə bir gecədə qərar qəbul edib məktəbli avtobuslarını tətbiq etmək düzgün deyil. Elm və Təhsil Nazirliyi bu məsələyə elmi yanaşmalı, reallıqları nəzərə almalıdır. Əks halda, məktəbli avtobusları işləməyəcək, sadəcə məktəblərin qarşısında boş dayanacaq vəziyyətinə düşəcək.

Dövlətin əsas məqsədi tıxacın qarşısını almaqdır. Məktəbli avtobusları da bu məqsədlə tətbiq edilir. Amma qiymətlər və şərtlər vətəndaşlara uyğun olmazsa, insanlar bu xidmətdən istifadə etməyəcəklər. Ona görə də qiymət siyasəti yenidən nəzərdən keçirilməli, dövlət dəstək mexanizmləri tətbiq olunmalıdır”.

“2school” layihəsinin rəhbəri Mustafa Hüseynovun sözlərinə görə, bütün bu tədbirlər məktəblilərin təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etmək məqsədi daşıyır:
“Şəhərdə tətbiq olunan məktəbli avtobusları layihəsi hazırda pilot mərhələdədir və ilkin olaraq 11 ümumtəhsil məktəbini əhatə edir. Marşrutlar şagirdlərin yaşayış

ünvanlarına uyğun şəkildə formalaşdırılıb. Avtobuslar hər bir şagirdi səhər evindən götürərək məktəbə çatdırır, dərs bitdikdən sonra isə yenidən ev ünvanına qaytarır.
Layihə çərçivəsində sürücülərə də xüsusi diqqət yetirilir. Onların peşəkar təcrübəsi və müvafiq sənədləri ilkin mərhələdə yoxlanılır. Eyni zamanda, fəaliyyətləri davamlı olaraq nəzarətdə saxlanılır və mütəmadi texniki və inzibati yoxlamalar aparılır.

Hazırda bir avtobusda orta hesabla 10-dan az şagird daşınır. Lakin gələcəkdə marşrutların sabit avtobus xətləri üzrə təşkili planlaşdırılır ki, bu halda tutum 15 və daha çox şagirdə qədər artırıla bilər.

Məktəblilərin daşınması prinsipi isə sadədir: hər bir uşaq səhər saatlarında ev ünvanından götürülərək birbaşa təhsil aldığı məktəbə aparılır, dərs bitdikdən sonra isə eyni qaydada evə qaytarılır. Marşrutlar şagirdlərin ünvanlarına uyğun olaraq fərdi şəkildə planlaşdırılır”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.

Seçilən
1
3
demokrat.az

4Mənbələr