"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin 2-ci tur matçında evdə "Kopenhagen"i məğlub etdi - 2:0.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Futbolçularımı və azarkeşləri təbrik edirəm. Bu gün sanki meydanda birlikdə idilər, bir-birilərinin arxasında idilər. Şükür Allaha, belə gözəl qələbə əldə olundu. Qarşımızda "Kopenhagen" olsa da, futbolçular çəkinmədi, çox ciddi mübarizə apardı. Xüsusilə, ikinci hissədə... Belə böyük turnirlərdə dözmək lazım gələn anlar olur. Bunu ikinci hissədə etdik. Rəqib dəyişikliklərlə daha çox risk aldı. Bəzi top itkilərimiz oldu. Amma bu cür mübarizə aparmaq, qarşıdakı böyük oyunlarda bizə çox fayda verəcək. Rəqibin məşqçiləri ilə oyundan əvvəl danışdıq. Çox yaxşı iş görürlər. Az da olsa, iş prinsipləri ilə maraqlandıq. Onlar da həmçinin. "Kopenhagen" yaxşı komandadı.
- Püşkatmadan əvvəl sizə desəydilər ki, iki oyundan sonra 6 xal qazanacaqsız, buna inanardız?
- Bəlkə hamıda bu inam olmaya bilər. Amma məndə həmişə inam olub. Keçən il çox yaxşı oyunlar keçirsək də, cəmi bir qələbə qazandıq. İnanırdım ki, oyunumuzu qoruyub-saxlaya bilsək, bu mövsüm daha yaxşı nəticə olacaq. Göründüyü kimi, çox gözəl göstərici var. Həmişə inamla işləyirəm, futbolçularıma da inamla yanaşıram. Onlara meydanda inamlı olmağı tövsiyə edirəm. İnam olmasa, bu cür oyun oynamaq olmaz. Futbol kollektiv oyunudu. Birimiz komandadan çıxsaq, qorxsaq, uğur əldə etmək olmaz. İnam həmişə olub. Bəzən deyirlər ki, hər şeyə real baxmaq lazımdı. Düzdü. Ancaq meydana inamsız çıxsaq, uduza bilərik. Bəli, məğlub olduğumuz oyunlar olub, amma hamı mübarizəmizdən razı qalıb.
- Kiçik, futbol ölkəsi olmayan ölkənin təmsilçisi kimi Çempionlar Liqasının liderlər qrupunda olmaq necə hissdi?
- Çox gözəl, çox xoş... Biz Azərbaycanın "Qarabağ"ıyıq. Buna sevinirəm. Bu yerlərdə olmaq möhtəşəmdi. Cənab prezident də bizi təbrik edib. Ona da təşəkkür edirəm. Deməli, məsuliyyətimiz daha da artır. Bizə rahat olmaq yoxdu. Daha da inanaraq, güvənərək, çalışıb irəli getməliyik.
- Əvvəllər xüsusilə Türkiyə klublarının oyunlarına zövqlə baxırdıq. İndi əksinə olub. Türk dünyası, Türkiyə mətbuatı "Qarabağ"ı öz nəhənglərinə nümunə göstərir...
- Hamısına təşəkkür edirəm. Uğur olan yerdə, diqqət, inam, xoş sözlər olacaq. Bu, bizi yanıltmalı deyil. Çünki uğursuzluq da var. Buna da hazır olmalıyıq. Hər halda, ancaq sevinirik ki, qardaş, nəhəng Türkiyədə "Qarabağ"a dəstək olurlar. Bu bizim üçün böyük dayaq, böyük sevincdi. Oyundan əvvəl də "Qalatasaray"ı təbrik etmişdim. İndi də edirəm. Həmişə Türkiyə klublarının hər birinə azarkeşlik edirik. Onlara uğurlar arzu edirəm.
- Komanda 2008-ci ildən bu yana bir neçə dəfə "pley-off"un astanasında dayandı. İndi də növbəti mərhələnin astanasındasız. Avrokuboklarda planlarınızın zirvə nöqtəsi hansıdı?
- Biz çox şey istəyə bilərik. Neçə illərdi ki, burdayam. Bu komandanın məsuliyyəti haqda danışmışam. "Qarabağ" məşqçi kimi daha ciddi olmağımda, formalaşmağımda əsas silah olub. Ola bilərdi ki, başqa klubda da uğurlu nəticələrim olsun. Amma orda bu qədər ciddi ola bilməzdim. Hardasa yorulardım. Amma bu komandanın adı məni nə yorulmağa qoydu, nə də inamsız, məsuliyyətsiz olmağa... Əsas hədəf bu komandanı sağlam qoruyub-saxlamaq idi. Bilirdim ki, uğur gələcək. Həmişə futbolçularımdan əsgərlər kimi vuruşmağı tələb etmişəm. Demişəm ki, ölüm, güllə qarşısındasız. Şükürlər olsun ki, komandam çox nadir hallarda yorğun olduğuna görə nəsə edə bilməyib. Amma hədəfim həmişə o olub ki, bu inamı, mübarizəni qoruyub-saxlayaq. Belədə uğur özü gələcək. Futbolda hər il daha yaxşısını etmək və ya eyni nəticələri qazanmaq demək olar ki, mümkün deyil. Böyük klublar da bir il çempion olurlarsa, növbəti il ola bilmirlər. Hamı inkişaf edir, hamı yenilik axtarır. Biz bəzən az transfer edirik, bəzən futbolçunu çox araşdırırq. Qarşılığını Allah verəcək...
- Azərbaycanlı futbolçunun (Elvin Cəfərquliyev) oyunun ən yaxşısı seçilməsi haqda nə düşünürsüz? Ona bu uğurları tənqidlər qazandırdı?
- Əlbəttə, ilk olaraq, komandamın oyunçusunun ən yaxşı seçilməsinə, ikincisi isə onun azərbaycanlı olmasına görə çox sevinirəm. Elvin rahat futbolçu deyil. Dəfələrlə öz idman formasından çox aşağı səviyyədə olsa da, toparlana bilib. Elvində sabitlik çatışmır. Son matçlarda ciddiləşib. Bəlkə də mən onunla daha ciddi rəftar edirəm. Hamımız ehtiyatlı olmalıyıq. Elvin istənilən an öz bacarığından aşağı səviyyədə çıxış edə bilər. Ona məsuliyyəti dərk etmək, daha ciddi və böyük olmaq üçün illər lazımdı. Amma bunu gözləyəsi olsaq, işimiz yaxşı olmaz. Çalışırıq ki, hər şeyi əldə saxlayaq. Elvinin potensialı bu deyil. Daha ciddi olsa, futbol haqda çox fikirləşsə, daha yaxşısını edər.
- UEFA-nın oyunun ən yaxşı seçdiyi oyunçular beyninizdə olan seçimlərlə nə dərəcədə üst-üstə düşür?
- Heç birini ayırmaq istəməzdim. Çünki burda hər birinin haqqı var. Biri topla daha yaxşı rəftar etdi, biri yaxşı mübarizə apardı, biri taktiki baxımdan yaxşı oynadı. Hər futbolçu üzərinə düşəni artıqlaması ilə etdi. Məndən olsa, futbolçuların hamısını seçərdim.
- Hansı səhvləriniz üzərində işləyəcəksiz?
- Bu gün səhvlərdən danışmaq istəməzdim. Çünki rəqib səni səhv buraxmağa məcbur edir. Rəqibin ikinci hissədə itirəcəyi bir şey yox idi. Belə oyunlarda topa daha çox sahib olmağımızı istəyirəm. Ancaq rəqibi də nəzərə almaq lazımdı. Oyunu analiz etdikdən sonra səhvlərini normal formada həm ayrı-ayrılıqda, həm də kollektiv şəkildə futbolçulara deyəcəyik.
- Ola bilər ki, Avropanın böyük klubları sizə təklif göndərsin. Bu baş versə, hansı reaksiyanı verəcəksiz?
- Təkliflər haqda düşünmürəm. Belə hallarda daha sadə olmağa çalışmalıyıq. Komandada sabitliyin çox vacib olduğunu dedim. Ağlımda belə fikir olsa, kollektivin inamı da, sistemi də pozulacaq. Uğur qazana bilməcəyik. "Avropadan mənə təklif olmalıdı" desəm özündənrazılıq olar. Bu haqda düşünmürəm. Hələ Azərbaycandayıq. Yaxşı olar.
- Komandanın potensialını bilirsiz. "Qarabağ"ı yanvardan sonra da ÇL-də görə biləcəyik?
- Yanvardan sonra mütləq görəcəyik. Çünki oyunlarımız var (gülür). Ötən mövsüm, səhv etmirəmsə, "Dinamo" (Zaqreb) 11 xal toplasa da, "24-lüy"ə düşmədi. Bu mövsüm bəlkə 8 xal bəs etdi, bəlkə 9. Bizdən asılı olmayan məqamlar var. Hər şeyə hazır olmalıyıq. Rəqiblər bizə qarşı daha məsuliyyətli olacaq. "Benfika"nı məğlub etdikdən sonra bizə qarşı 70-80 faiz ciddi yanaşmağı düşünürdülərsə, bundan sonra 100 faiz olacaq. Bu da bizə mane ola bilər. Bizi rahat oyunlar gözləmir. Daha çox işləməliyik, daha cəsarətli olmalıyıq.
- 2017-ci ildə "Kopenhagen"lə görüşdə vurulan qol və bu gün vurulan birinci qol... Dejavü yaşadız?
- Dejavü yaşamadım. Ağlıma gəlmədi. Amma bir az oxşar qol idi. Təki belə oxşarlıqlar olsun.
- Dünən "Benfika" "Çelsi"yə uduzdu. Ardınca Joze Mourinyo dedi ki, problem "Çelsi"yə uduzmaq yox, "Qarabağ"a uduzmaqdı. Ona cavab vermək istəyərdiz?
- Yox. Mourinyoya nə sual, nə də cavab verə bilərəm.Çünki o Mourinyodu, dahi məşqçilərdən biridi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta