AZ

Bolqarıstan Slovakiya və Macarıstana axan rus qazını kəsir...


Aİ-də enerji şaxələndirilməsi sürətlənəcək və Rusiya Avropa qaz bazarında tam olaraq mövqelərini itirəcək

Bolqarıstan Rusiya qazının Macarıstana və Slovakiyaya tranzitini dayandırmağa hazır olduğunu bəyan edib. Bolqarıstan Avropa İttifaqının üzvü olaraq, ümumi enerji siyasətinə uyğun hərəkət edəcək və 2027-ci ilin sonuna qədər Rusiya qazından tam imtina planını dəstəkləyir.

Hazırda Rusiya qazı Bolqarıstandan keçən “Türk axını” kəməri ilə Macarıstana və Slovakiyaya çatdırılır. Əgər Bolqarıstan tranziti dayandırsa, bu ölkələr həmin marşrutla qaz ala bilməyəcəklər.

Bolqarıstanın energetika naziri Jeço Stankov bildirib ki, ölkə 2028-ci ilə qədər Rusiya qazının idxalı və tranzitindən imtina etməyi planlaşdırır.

Baş nazir Rosen Jelyazkov vurğulayıb ki, Bolqarıstan yaxın perspektivdə Rusiya qazının istifadəsi və tranziti ilə bağlı Aİ-nin qərarlarına qoşulacaq.

Macarıstan və Slovakiya Rusiya qazından ciddi asılıdır – onların qaz idxalının təxminən 70 faizi Rusiyadan gəlir. Tranzitin dayandırılması bu ölkələrdə enerji qiymətlərinin bahalaşmasına səbəb ola bilər.

Ekspertlər hesab edir ki, Macarıstan və Slovakiya Rusiyadan asılılığı mayeləşdirilmiş təbii qaz (LNG) idxalı ilə kompensasiya edə bilər. Bunun üçün Aİ-dəki terminallardan istifadə olunacaq.

Bolqarıstan region ölkələri ilə birgə ABŞ-dan LNG alınması üçün tenderlərdə iştirak barədə danışıqlar aparır.

"Greenpeace" təşkilatı qeyd edir ki, Rusiya qazının boru kəməri ilə ixracının azalmasına baxmayaraq, Avropaya Rusiya LNG-sinin tanker daşımaları artıb.

Avropa Komissiyası isə 19-cu sanksiyalar paketində 2027-ci ilin yanvarından etibarən Rusiya LNG-nin idxalını tam qadağan etməyi və Rusiya enerji şirkətləri ilə bütün əməliyyatları dayandırmağı təklif edib.

Sofiya Slovakiya və Macarıstana gedən "Türk axını" kəmərini dayandırsa nə baş verə bilər?

Baki-xeber.com nəşrinə görə, əgər Sofiya “Türk axını” kəməri vasitəsilə Slovakiya və Macarıstana gedən Rusiya qazı tranzitini dayandırsa, bir neçə nəticə baş verə bilər.

Birincisi bu, Macarıstan və Slovakiya üçün enerji böhranı yarada bilər. Çünki onları rus qazına bağlayan heç də Rusiyaya məhəbbət deyil, ehtiyacdır.

Bu ölkələr Rusiya qazından təxminən 70% asılıdır. Tranzitin dayanması onların qaz təchizatında qısa müddətdə ciddi çatışmazlıq yarada bilər. Bu səbəbdən qazın qiyməti kəskin bahalaşacaq, enerji və istilik xərcləri yüksələcək, sənaye müəssisələri ciddi zərbə alacaq.

Bəs bu ölkələrin alternativ mənbələrə yönəlmə imkanları nə qədərdir?

Macarıstan və Slovakiya məcburən LNG (mayeləşdirilmiş qaz) idxalına üstünlük verməli olacaqlar. LNG əsasən Yunanıstan, Xorvatiya, Polşa və Almaniya terminalları üzərindən alınacaq. Lakin bu, boru qazından bahalıdır, yəni enerji bazarında əlavə təzyiq yaradacaq.

Macarıstan və Slovakiya uzun müddətdir Aİ-də Rusiya qazına sanksiyaların əleyhinə çıxır. Əgər Bolqarıstan tranziti dayandırsa, Budapeşt və Bratislava Sofiyaya və Brüsselə kəskin etiraz edə bilər. Bu, Aİ daxilində yeni siyasi gərginliklərə yol aça bilər.

"Türk axını" kəməri dayandırılarsa, Rusiya qaz ixracında Avropaya əsas kanallarını itirmiş olacaq.

“Türk axını” Moskva üçün hələ qalan son tranzit yollarından biridir, onun bağlanması Kremlin enerji gəlirlərini daha da azaldacaq. Çünki "Türk axını"nın dayandırılması illik 15-16 milyard kubmetr rus qazının ixracına son qoyulması deməkdir. Bu isə Rusiyada elə həmin həcmdə izafi qazın yaranmasına səbəb olacaq.

Qısa müddətdə qazın Avropada qiyməti yenidən yüksələ bilər. Uzunmüddətli perspektivdə isə bu, Aİ ölkələrinin Rusiyadan asılılığı daha sürətli aradan qaldırmasına səbəb olacaq.

Yəni qısamüddətli təsir nəticəsində Slovakiya və Macarıstanda enerji böhranı, qiymət artımı və siyasi gərginlik müşahidə edilə bilər.

Uzunmüddətli təsir nəticəsində isə Aİ-də enerji şaxələndirilməsi sürətlənəcək və Rusiya Avropa qaz bazarında tam olaraq mövqelərini itirəcək.

Bəs nəyə görə Slovakiya və Macarıstan digər Aİ ölkələrinə nisbətən Rusiyadan qaz asılılığından daha çoxəziyyət cəkir?

Slovakiya və Macarıstanın digər Aİ ölkələrinə nisbətən Rusiyadan daha çox asılılıq çəkməsinin əsas səbəbləri aşağıdakılardır:

Əvvəla, hər iki ölkə quru ilə əhatə olunmuş, yəni dənizə çıxışı olmayan dövlətdir. LNG (mayeləşdirilmiş qaz) terminallarına birbaşa çıxışları yoxdur. Onlar üçün qaz idxalı ancaq boru kəmərləri vasitəsilə mümkündür. Bu səbəbdən ən yaxın, sabit və ucuz mənbə uzun illər boru kəməri ilə ötürülan ucuz Rusiya qazı olub.

Digər tərəfdən, sovet dövründən qalma boru kəmərləri və qaz saxlama infrastrukturunun çoxu Rusiya sisteminə bağlıdır. Alternativ marşrutlar (məsələn, LNG terminallarına çıxış, Cənub Qaz Dəhlizi) bu ölkələrdə kifayət qədər inkişaf etməyib. Ona görə də illərlə Rusiya qazı ən rahat seçim olub.

Bütün bunlarla yanaşı, Rusiya qazı uzun müddət nisbətən ucuz və sabit qiymətlərlə təklif olunub. Macarıstan və Slovakiya sənaye ölkələridir. Polad, kimya, maşınqayırma kimi enerji tutumlu sahələrdə Rusiya qazı onların rəqabət qabiliyyətini qoruyurdu.

Başqa mənbələrdən (LNG və ya Norveç qazı) alınan qaz daha bahalıdır.

Bu məsələdə siyasi amillər də müəyyən rola malikdir. Macarıstanın baş naziri Viktor Orban və Slovakiya hakimiyyətinin bəzi qüvvələri Moskva ilə yaxın əlaqələri indiyə qədər qoruyublar. Bu ölkələr Aİ-nin enerji müstəqilliyi siyasətinə tam qoşulmaqda tərəddüd ediblər və Rusiyaya alternativlərə gec yatırım ediblər.

Almaniya, Polşa, Baltikyanı ölkələr və digərləri artıq LNG terminallarına çıxış, Norveç qazı, Cənub Qaz Dəhlizi (Azərbaycan qazı) kimi alternativlərə yatırım ediblər.

Baltik ölkələri hətta 2022-ci ildən Rusiyadan qaz idxalını tam dayandırıb. Slovakiya və Macarıstan isə infrastruktur baxımından geridə qalıb və hələ də əsasən Rusiyadan gələn boru qazına möhtacdır.

Yəni Slovakiya və Macarıstanın əsas problemi – geosiyasi yerləşmə, infrastruktur zəifliyi və siyasi seçimin gecikməsidir. Buna görə də onlar Aİ-də Rusiyadan qaz asılılığını ən çox hiss edən ölkələr olaraq qalırlar.

Akif NƏSİRLİ

Seçilən
121
11
baki-xeber.com

10Mənbələr