AZ

XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilir YENİLƏNİB  

Oktyabrın 1-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, hökumət rəsmiləri, həmçinin ədəbiyyat nümayəndələri və xarici qonaqlar iştirak edirlər.

Sərginin media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) XI Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə iştirak edir.

Açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu qeyd edib ki, beynəlxalq miqyasda keçirilən bu sərgi Azərbaycanın mədəni potensialını, nəşriyyat işinin inkişafını və dünya ədəbiyyatı ilə əlaqələrinin möhkəmlənməsini nümayiş etdirir. O, bu cür layihələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında bildirib ki, kitab sərgiləri cəmiyyətin mədəni həyatında mühüm hadisədir. Onun sözlərinə görə, belə tədbirlər təkcə yeni kitabların təqdimatı deyil, həm də oxu mədəniyyətinin inkişafına, mütaliə vərdişlərinin güclənməsinə, elmi və ədəbi fikir mübadiləsinə geniş imkanlar yaradır. Akademik vurğulayıb ki, bu sərgilər milli-mənəvi dəyərlərimizin təbliğinə, dünya ədəbiyyatı ilə yaxından tanışlığa və Azərbaycanın zəngin elmi-mədəni irsinin tanıdılmasına xidmət edir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva diqqətə çatdırıb ki, bu kimi beynəlxalq sərgilər yalnız mədəniyyətin deyil, həm də maarifləndirmənin, xüsusən hüquqi biliklərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, insan hüquqları üzrə maarifləndirməyə xidmət edən belə tədbirlər cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən mənimsəməsinə, dövlət qurumlarının fəaliyyətində isə şəffaflığın və məsuliyyətin artmasına zəmin yaradır.

Tədbirdə digər çıxış edənlər - Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev və mədəniyyət nazirinin müavini Fərid Cəfərov sərginin ölkədə kitab mədəniyyətinin inkişafında əhəmiyyətini vurğulayıblar. Onlar sərginin yazıçılarla oxucular arasında körpü rolunu oynadığını, həmçinin yeni nəslin ədəbiyyata marağının artırılmasına və milli ədəbi irsin təbliğinə töhfə verdiyini bildiriblər.

Müasir dünyanın aktual çağırışlarına uyğun olaraq “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr edilən builki Bakı Beynəlxalq Kitab Sərgisində 23 dövlətdən 68 xarici təşkilat (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.) və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edir.

XI Bakı Beynəlxalq Kitab Sərgisi indiyədək ən çox xarici iştirakçının təmsil olunacağı sərgi kimi tarixə düşəcək. İspaniya, Küveyt və İndoneziya ilk dəfə olaraq sərgidə iştirak edir.

Sərgi çərçivəsində 7 gün ərzində təqdimat zonalarında, stendlərdə, konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılıb. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Bu il sərginin fəxri qonaq ölkəsi Qətər Dövlətidir. Qətər tərəfi sərgiyə dövlət rəsmiləri, tanınmış elm və ədəbiyyat xadimləri, incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti ilə qatılıb. Sərginin Beynəlxalq salonunda Qətərin özünəməxsus mədəni irsini, çağdaş ədəbiyyatını və bədii incilərini əks etdirən ekspozisiya yer alıb. Bundan əlavə, uşaqlar üçün nəzərdə tutulmuş xüsusi zonada kiçik yaşlı ziyarətçilər üçün interaktiv təqdimatlar, uşaq ədəbiyyatı nümunələri və mədəniyyət proqramları təşkil olunacaq.

Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, eləcə də məşhur xarici yazıçılar sərgidə iştirak edirlər.

Bu il ilk dəfə olaraq sərgi salonları beynəlxalq təcrübəyə uyğun olaraq formalaşdırılıb. Bakı Ekspo Mərkəzində bu il iki salon istifadəyə götürülüb. Xarici iştirakçılar Beynəlxalq salonda təmsil olunurlar.

Kitab sənayesi sektorunun yerli və xarici subyektləri arasında ticari münasibətlərin intensivləşdiyini nəzərə alaraq, bu il ilk dəfə olaraq sərgidə “Əməkdaşlıq zonası”(Networking Zone), “İllüstratorlar divarı” (Illustrators Wall), “İmza zonası” (təqdimat zonasında görüşü bitən yazıçının kitablarının imzalanma mərasimi üçün) yaradılıb.

Sərgidə əvvəlki illərdə olduğu kimi azyaşlı oxucular üçün xüsusi dizayn edilmiş “Uşaq aləmi”, uşaqlar üçün nağıl saatları, tamaşalar və s. tədbirlər təşkil olunacaq. Yəni, bir ailənin hər bir fərdi üçün sərgidə mütaliə imkanı yaradılıb.

Xatırladaq ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Sərgiyə giriş ödənişsizdir.

Seçilən
9
4
azerbaijan-news.az

5Mənbələr