AZ

COP29-un “yaşıl” hədəfləri gerçəkləşir

Bakı İqlim Fəaliyyəti Həftəsi bir daha sübut etdi ki, iqlim dəyişmələri ilə mübarizə yalnız ekoloji tədbirlər çərçivəsində məhdudlaşa bilməz. Bu proses sosial rifah, məşğulluq, təhsil, səhiyyə və gənclərin inkişafı ilə sıx bağlıdır. Azərbaycanın COP29 Sədrliyi məhz bu mühüm əlaqəni ön plana çıxararaq beynəlxalq iqlim gündəliyinə daha geniş, inklüziv və humanist baxış təqdim etdi.

Tədbirin ikinci günündə “AnewZ” Televiziyasının Baş redaktorunun müavini Orxan Amaşovun moderatorluğu ilə keçirilən panel sessiyada diqqət mərkəzində olan əsas məsələ iqlim tədbirləri ilə sosial müdafiə arasındakı qarşılıqlı asılılığın qlobal yanaşma kimi təqdim olunması idi. COP29-un Prezidenti Muxtar Babayevin də vurğuladığı kimi, sosial müdafiə iqlim dayanıqlığının fundamental sütunlarından biridir. Onun sözlərinə görə, səhiyyə, təhsil və məşğulluq sahələrində dayanıqlığın möhkəmləndirilməsi olmadan iqlim tədbirləri uzunmüddətli nəticə verə bilməz.

Bu yanaşma Azərbaycanın Sədrliyinin ortaya qoyduğu strateji fəlsəfəni əks etdirir: iqlim tədbirləri yalnız ekoloji nəticələrlə deyil, sosial təsirlərlə də ölçülməlidir. Bu baxımdan, gənclərin iştirakı xüsusi vurğulandı. Bakı Maliyyə Çərçivəsi, Yaşıl Təhsil Tərəfdaşlığı və UNICEF ilə birgə təsis edilən Uşaqlar və İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu gələcək nəsillərin qlobal iqlim gündəliyində söz sahibi olmasına geniş imkanlar açır. Azərbaycanın gənclərə verdiyi strateji önəm bu təşəbbüslərlə bir daha nümayiş etdirildi.

Korporativ davamlılıq istiqamətində də mühüm mesajlar səsləndi. Milli Məclisin deputatı, COP29-un yüksək səviyyəli iqlim çempionu Nigar Arpadarai bildirdi ki, biznes üçün iqlimə uyğunlaşma artıq seçim deyil, rəqabətqabiliyyətin təminatı üçün zəruri şərtdir. Bazar reallıqları da bu həqiqəti təsdiqləyir: günəş enerjisinin ən ucuz elektrik mənbəyinə çevrilməsi və elektrikli avtomobillərin sürətli artımı iqtisadi transformasiyanın istiqamətini açıq şəkildə göstərir.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin açıqlamaları da diqqətəlayiq oldu. O, konfransın gənclərin baxışlarının ən çox nəzərə alındığı platformalardan biri olduğunu qeyd etdi və vurğuladı ki, elmi əsasların danışıqlarda kompromislərdən üstün tutulması Azərbaycanın Sədrliyinin prioritetlərindən biridir. Bu isə iqlim razılaşmalarının yalnız siyasi iradəyə deyil, həm də elmi məntiqə əsaslanmasını təmin edir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev isə çıxışında qeyd etdi ki, sosial islahatlar iqlim tədbirləri ilə paralel həyata keçirildikdə daha geniş təsir gücünə malik olur. Son illərdə əməkhaqqı və pensiyaların əhəmiyyətli dərəcədə artırılması, sosial müavinətlərin genişləndirilməsi və rəqəmsal xidmətlərin tətbiqi əhalinin sosial dayanıqlığını gücləndirmişdir. Bu amil iqlim siyasətinin uğurla icrası üçün möhkəm sosial baza formalaşdırır.

Beynəlxalq müzakirələrdə də Azərbaycanın yanaşmasının aktuallığı təsdiqləndi. SOCAR rəhbərliyinin elan etdiyi “xalis sıfır emissiya” hədəfi ölkəmizin qlobal enerji transformasiyasında məsuliyyətli oyunçu mövqeyini bir daha nümayiş etdirdi. COP30-un yüksək səviyyəli çempionu Den Yoşpenin vurğuladığı kimi, adaptasiya və dayanıqlılığa yatırılan hər 1 dolların 10 dollar iqtisadi fayda gətirməsi bu sahəyə diqqətin artırılmasını zəruri edir.

Beləliklə, Bakı İqlim Fəaliyyəti Həftəsi göstərdi ki, COP29 yalnız texniki danışıqlar meydanı deyil, sosial müdafiə, gənclərin iştirakı və beynəlxalq əməkdaşlığın qovuşduğu geniş platformadır. Azərbaycanın Sədrliyi iqlim gündəliyini humanist və inklüziv yanaşma ilə zənginləşdirərək beynəlxalq ictimaiyyətə yeni strateji perspektiv təqdim etdi.

Eyni zamanda, dünən dərc olunan COP29-un Dayanıqlılıq Hesabatı Azərbaycanın qlobal iqlim diplomatiyasında tarixi nailiyyətə imza atdığını təsdiqlədi. Hesabatda vurğulanır ki, COP29 dayanıqlılıq prinsiplərinin bütün mərhələlərə –planlaşdırmadan icraya və irsə qədər –ardıcıl tətbiqi ilə indiyədək təşkil olunmuş ən nümunəvi iqlim konfranslarından birinə çevrilib.

Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü yeddi əsas öhdəlik tədbirin həm “yaşıl”, həm də inklüziv xarakterini təmin edib. Xalis sıfır hədəfinə nail olunması ilə COP29 ölkəmizdə tamamilə bərpa olunan enerji ilə təmin edilən və emissiyaları kompensasiya olunan ilk beynəlxalq tədbir kimi tarixə düşüb. 160 elektrikli nəqliyyat vasitəsi isə on minlərlə nümayəndənin ekoloji təmiz mobilliyini təmin edib.

Bununla yanaşı, “Sıfır poliqon” siyasəti çərçivəsində tullantıların çeşidlənməsi, təkrar emalı və kompostlaşdırılması uğurla həyata keçirilib. Satınalmaların böyük hissəsinin yerli resurslardan təmin edilməsi daşınma ilə bağlı emissiyaların azaldılmasına mühüm töhfə verib. Tədbirin inklüzivliyi də xüsusi diqqət mərkəzində saxlanılıb, surdotərcümə xidmətləri və maneəsiz infrastruktur COP29-u əlçatan beynəlxalq platformaya çevirib.

Hesabatda yerli potensialın gücləndirilməsi ayrıca vurğulanır. 3000-dən çox könüllü, işçi və dövlət nümayəndəsi dayanıqlıq üzrə təlimlərdən keçərək uzunmüddətli bacarıqlar əldə edib. Bu, Azərbaycanın yalnız ev sahibi kimi deyil, həm də gələcək iqlim tədbirlərinin idarə olunması sahəsində bilik və təcrübə ixrac edən ölkə kimi mövqeyini möhkəmləndirib. COP29, həmçinin ISO 20121:2024 beynəlxalq sertifikatı ilə təsdiqlənərək dayanıqlı idarəçiliyin ən yüksək standartlarına cavab verdiyini sübuta yetirib. Bu, Azərbaycanın qlobal iqlim gündəmində liderlik iddiasını və beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətini daha da gücləndirib. COP29 Azərbaycan Əməliyyat Şirkətinin baş icraçı direktoru Nərmin Carçalova qeyd edib: “Biz sübut etdik ki, dayanıqlıq yalnız şüar deyil, real fəaliyyət ola bilər. Bu irs təkcə Azərbaycana deyil, bütün beynəlxalq ictimaiyyətə məxsusdur.”

Bir sözlə, Azərbaycanın təşəbbüskarı olduğu bu nümunəvi model gələcəkdə keçiriləcək beynəlxalq iqlim tədbirləri üçün yol xəritəsi rolunu oynaya bilər. COP29-un uğuru göstərdi ki, müasir çağırışlara cavab verərkən məsuliyyətli idarəçilik, innovasiya və inklüzivlik yeni qlobal keyfiyyət mərhələsi açır.

Səbuhi MƏMMƏDOV,
Rauf İBRAHİMOV (foto)
XQ

Seçilən
20
1
xalqqazeti.az

2Mənbələr