AZ

Maya Sandu: Rusiya Kişineuda hakimiyyəti ələ keçirmək üçün parlament seçkilərinə müdaxiləyə cəhd edib

Kişineu, 1 oktyabr, AZƏRTAC

Sentyabrın 28-də keçirilən parlament seçkilərində Moldova Respublikasının vətəndaşları səs verməklə Rusiyanın təzyiqlərinə tab gətirmək və öz iradələri ilə inkişaf yolunu davam etdirmək bacarıqlarını nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, bunu “Moldova 1” ictimai televiziya kanalında Prezident Maya Sandu bildirib.

Dövlət başçısının sözlərinə görə, Rusiya Kişineuda hakimiyyəti ələ keçirmək və Moldova Respublikasından Avropa İttifaqına qarşı istifadə etmək məqsədilə seçkilərə müdaxiləyə cəhd edib.

"Moldova Respublikası kiçik bir ölkədir, bizim heç bir metalımız və ya digər əsas resurslarımız yoxdur. Rusiya bizə nəzarət etmək istəmirdi, əsas məqsəd Avropa İttifaqı idi. Moldova sadəcə olaraq Avropa İttifaqına zərər verən platforma idi", - deyə Maya Sandu vurğulayıb.

Prezident qeyd edib ki, moldovalıların vicdanlı və cəsarətli səsverməsi Moskvaya birbaşa cavab və digər postsovet dövlətləri üçün nümunədir. "Bu cavabımız, vicdanlı səsimiz və göstərdiyimiz cəsarətlə göstərdik ki, müqavimət göstərə bilərik və Moldovada qərarlar ölkə daxilində qəbul edilir. Əminəm ki, Rusiyanın suverenliyini nəzarətdə saxlamağa və məhdudlaşdırmağa cəhd etdiyi keçmiş Sovet İttifaqının digər ölkələri də bizdən nümunə götürəcəklər", - deyə dövlət başçısı bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

 

Seçilən
15
4
azertag.az

5Mənbələr