ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış günü başa çatıb.
"APA-Economics" xəbər verir ki, COP29 çərçivəsində ölkənin Bakı Maliyyə Məqsədi kimi tarixi nailiyyətə imza atması və karbon bazarları sahəsində ambisiyalı qərarların qəbul olunması fonunda Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət və şirkət rəsmilərinin, eləcə də gənclər və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gələrək bu nailiyyətləri əməli fəaliyyətə çevirmələrinə imkan yaradır.
Məlumata görə, “SOCAR Green”, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, “Kristal”, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Rotas Consulting” və “ANEWZ” Televiziya Kanalının tərəfdaşlığı ilə keçirilən iqlim həftəsi davamlı inkişaf üzrə qlobal dialoqa mühüm töhfə verir.
Həftənin ilk günü nazirlərin iştirakı ilə keçirilən açılış mərasimi və beynəlxalq iqlim liderlərinin, o cümlədən BMT Baş katibinin xüsusi nümayəndəsi və “Hamı üçün dayanıqlı enerji” (“Sustainable Energy for All”) təşəbbüsünün baş direktoru Damilola Oqunbiyinin, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri Mariya Fernanda Espinozanın COP29-un nəticələrini əks etdirən əsas çıxışları ilə yadda qaldı. Bunun ardınca isə “yaşıl” iqtisadiyyat, KOB-lar üçün bacarıqların inkişafı, iqlim qanunvericiliyi və ədalətli keçid mövzularında sessiyalar keçirildi. Sözügedən sessiyalar çərçivəsində qlobal öhdəliklərin Azərbaycanda konkret fəaliyyətə çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planlarının (NAP) transformasiyası, “yaşıl” maliyyənin səfərbər edilməsi və aidiyyəti qurumların gücləndirilməsi kimi mövzular müzakirə olundu.
Bunlarla yanaşı, həftənin birinci günündə sıfır səviyyəli emissiyaya keçid üçün iqlim qanunvericiliyi və aidiyyəti institutların gücləndirilməsinə həsr olunmuş parlament səviyyəli dəyirmi masa da təşkil olundu. Dəyirmi masada deputat və ekspertlər iqlim qanunvericiliyi sahəsində ən yaxşı təcrübələr, eləcə də müstəqil məsləhət şuralarının rolu və özəl sektor investisiyalarının cəlb edilməsi barədə fikir mübadiləsi apardılar. Sessiyada “GLOBE” təşkilatının Paris Sazişinin 6-cı maddəsi və karbon bazarları üzrə deputatlar üçün bələdçi kitabının Azərbaycan dilində nəşri təqdim olundu. Bu nəşr parlament üzvləri üçün sıfır səviyyəli emissiya siyasətinin tətbiqi və effektiv nəzarət mexanizmləri ilə bağlı məlumatlarla zəngindir.Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev:
“COP29-da Azərbaycan çoxtərəfli sistemin nəticə verə biləcəyini sübut etdi. Biz maliyyə üzrə yeni məqsədlər müəyyən etdik, karbon bazarlarına çıxış üçün şərait yaratdıq və həm təsirlərin yumşaldılması, həm də adaptasiya sahəsində ambisiyalı öhdəliklər yaratmağa müvəffəq olduq. Lakin təkcə razılaşmaların olması kifayət deyil. Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 irsini davam etdirmək, sözdən əmələ keçmək və COP30 ərəfəsində yerli liderliyin qlobal müstəvidə işlərin gedişatını necə stimullaşdıra biləcəyini nümayiş etdirmək əzmimizin güzgüsüdür”.
COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai:
“COP29-un irsi kağız üzərində deyil, real həyatda görülən işlərlə ölçülür. Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət orqanları və şirkətlərdən tutmuş, gənclər və yerli icmalara qədər cəmiyyətin bütün seqmentlərini səfərbər etməklə götürülən öhdəliklərin real nəticələrə çevrilməsini gündəmə gətirir. Azərbaycan Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi etməklə göstərir ki, inklüziv fəaliyyət və geniş əməkdaşlıq ədalətli və effektiv keçidi sürətləndirməyin yeganə yoludur”.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev:
“COP29-da Azərbaycan bütün dünyanı bir araya gətirmək və iqlim diplomatiyasının ən mürəkkəb məsələləri xüsusunda konsensus formalaşdırmaq bacarığını nümayiş etdirdi. Bu qərarların nə qədər vacib olduğu öz yerində, ancaq onların qəbul olunduğu ötən ilki mürəkkəb geosiyasi mühit və digər obyektiv çətinliklər həmin qərarların tarixi əhəmiyyətini daha da artırdı. Bakıda əldə etdiyimiz mühüm nailiyyətlər iqlim fəaliyyətinin növbəti onilliyi üçün münbit zəmin yaratdı. İndi isə Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq iqlim ictimaiyyətinin müxtəlif seqmentlərindən olan nümayəndələri bir araya gətirməklə həm Azərbaycanın özündə, həm də regionda konkret nəticələr üçün mühüm katalizator rolunu oynayacaq.”
Tədbir boyu Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 nəticələrinin Azərbaycan tərəfindən ölkədə tətbiq edilməsi üzrə dialoq platformasına çevriləcək. Bu dialoq təmiz enerji və “yaşıl” maliyyənin genişləndirilməsindən tutmuş kənd təsərrüfatı, su və şəhərlərdə davamlılığın gücləndirilməsinə qədər müxtəlif sahələri ehtiva edəcək. Azərbaycan bu müzakirələrə ev sahibliyi etməklə göstərmək istəyir ki, qlobal öhdəliklər milli transformasiyaya təkan verə və həm ölkə, həm də tərəfdaşlar üçün təcrübə mübadiləsi, öyrənmə və birgə inkişaf platformasını təmin edə bilər.
Qeyd edək ki, həftə ərzində COP29-un Prezidenti Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, digər qurumların rəhbərləri də daxil olmaqla, Azərbaycanın iqlim liderləri ölkədə bərpa olunan enerji, “yaşıl” maliyyə, kənd təsərrüfatı və su sektorlarında iqlimə davamlılıq üzrə milli prioritetləri təqdim edəcəklər. COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai qeyri-dövlət iştirakçılarının səfərbər edilməsi, qlobal iqlim fəaliyyəti, özəl sektor və vətəndaş cəmiyyətinin COP prosesində iştirakı, KOB-lar, yaşıl bacarıqların inkişafı və digər mövzular ətrafında aparılan müzakirələrə rəhbərlik edəcək. Həmçinin, gənclərin iqlim mövzusuna marağını nəzərə alaraq, COP29-un gənclər çempionu Leyla Həsənova gənclərin Bakı İqlim Fəaliyyəti Həftəsində fəal iştirakı üçün xüsusi proqram təqdim edəcək.
Beynəlxalq ekspertlərin onlayn müraciəti, o cümlədən UNFCCC-nin Baş katibi Saymon Still, COP30-un Prezidenti Andre Korrea du Laqo, BMT Baş Assambleyasının sabiq sədri Çaba Köröşi, Latviyanın sabiq prezidenti Raymonds Veyonis və BMT-nin maliyyələşdirmə üzrə xüsusi elçisi Dr. Mahmud Mohieldinin virtual çıxışları zamanı COP29 irsinin təşviqində qlobal əməkdaşlığın oynadığı rol vurğulanacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.