AZ

Putinin inadı hakimiyyət dəyişikliyi ilə nəticələnəcək - Rəy

Yazını böyüt
Yazını kiçilt

Beş saatdan çox çəkən Vladimir Putin və Aleksandr Lukaşenko görüşündən sonra Lukaşenkonun Ukraynaya qarşı açıq təhdid xarakterli açıqlaması və paralel olaraq Rusiya-Ukrayna müharibəsinin "Slavyan üçlüyü" formatında həlli təklifi təbii ki, Rusiyanın indiki düşdüyü çox çətin vəziyyətdən çıxış cəhdidir. Səslənən "Slavyan üçlüyü"nün əsas məqsədi ABŞ-ı Qərbi prosesdən kənarlaşdırmaq və nəticə etibarı ilə Ukraynanı istəklərinə tabe etməkdir.

Bu barədə hafta.az-a siyasi şərhçi Vüqar Dadaşov bildirib.

Qeyd efib ki, Ukrayna heç bir halda Lukaşenkonun "Slavyan üçlüyü" təklifini qəbul etməyəcək.

Ekspert hesab edir ki, bu təklif Putinin Lukaşenko vasitəsilə Ukraynaya, Prezident Zelenskiyə bir təzyiq, psixoloji təsir kimi ortaya atılıb. Ümumən isə Lukaşenkonun açıq təhdidləri, hətta III Dünya müharibəsinə işarəsi, Rusiyanın düşdüyü ağır hərbi və siyasi vəziyyətinin sübutu kimi qiymətləndirilir:

"Putinin Lukaşenko vasitəsilə belə bir təşəbbüslə çıxış etməsinə Amerika Prezidenti Donald Trampın Rusiyaya münasibətinin dəyişməsi təsirsiz ötüşməyib. Bu kontekstdə, artıq ABŞ-ın və eləcə də Qərb ölkələrinin Ukraynaya uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərini və hətta Kremlə belə zərbə endirməsinə icazə verməsi və artıq müəyyən hücumların həyata keçirilməsi Putini çox narahat edir. Vəziyyətə Trampın hansı addımlar atacağı - yeni sanksiyalara, yaxud hərbi kontekstdən çıxış edəcəyinə də qeyri-müəyyənlik hiss olunur. Ona görə də Putin prosesin gedişatını nəzarətə götürmək üçün Lukaşenko vasitəsilə "Slavyan üçlüyü" mexanizmindən istifadə etməyə çalışır. Rusiya-Ukrayna müharibəsi Lukaşenkonu da çox narahat edir. Rusiya üçün uğursuz nəticə, onun müttəfiqi Lukaşenko hakimiyyəti üçün ciddi və real təhlükələr vəd edir. Bir neçə həftə əvvəl ABŞ-ın Belarusa yaxınlaşma istəyinin də nəticəsiz sonluğu Lukaşenkonu şəxsən aktivləşməyə məcbur edə bilər.

ABŞ Prezidentinin Rusiyaya qarşı münasibətinin dəyişməsi açıq görünürsə də, Tramp hələ də məsələnin sülh yolu ilə həll ediləcəyinə inamını tam itirməyib. Bir neçə gün əvvəl Trampın prezident seçkiləri öncəsi Rusiya-Ukrayna müharibəsinin həllinə dair verdiyi açıqlamasında yanıldığını deməsi əlbəttə ki, Rusiya-Ukrayna müharibəsinin ədalətli bitməsi və ya dayandırılması imkanının çox aşağı olmasını göstərir. Sözsüz ki, Rusiya Putin hakimiyyəti dövründə müharibədən geri çəkilməyəcək. Ancaq Putin komandasının daxilində müharibə əleyhdarları da artmaqdadır. Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefasının səbəbi də budur. Siyasi elita arasında fikir ayrılıqları Putin hakimiyyəti üçün ciddi risklər vəd edir. Proseslərin analizi göstərir ki, Putinin inadı Rusiyada hakimiyyət dəyişikliyinə gətirə bilər ki, bu ehtimal getdikcə artır, hətta paralel siyasi sistemin belə, dəyişmə ehtimalı da çoxalır".

V.Dadaşov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə ABŞ-Türkiyə münasibətləri fonunda baxmaq daha doğrudur. Onun fikrincə, Ərdoğanın ABŞ-a səfəri və Trampla görüşü, Trampın Suriya məsələsindən tutmuş digər açıqlamaları təkcə ikitərəfli məsələ deyil:

"Rusiyanın hazırkı hakimiyyəti üçün olduqca vacib “nəfəslik” rolunu oynayan Türkiyəyə ABŞ-ın çox isti münasibəti Rusiya əleyhinə yönəldilə bilər. F-16 və hətta F-35 təyyarələri ilə bağlı razılaşmalar Türkiyə-Rusiya münasibətlərinə güclü təsir edə biləcək əsaslardan biridir. Təbii ki, Trampın cənab Ərdoğana qarşı şəxsi münasibəti də rol oynayır, ancaq ABŞ-ın milli və dövlət maraqları əsas şərt olaraq öndədir. Hətta, ABŞ və bəzi NATO dövlətləri Türkiyəni Rusiyaya əsas hərbi təzyiq kimi görür. ABŞ istisna olmaqla, NATO-nun Türkiyəsiz ciddi hərbi imkanları yoxdur. Rusiyanın da Avropada NATO dövlətlərinin hava məkanını pozması, NATO-nu Türkiyənin də Rusiyaya qarşı müharibəyə qoşulmasına istəkli olmasını göstərir. Ancaq, Ərdoğanın bu planlara münasibəti nisbi xarakterdir".

V.Dadaşov eyni zamanda bildirib ki, Rusiya NATO dövlətlərinin hava məkanını pozması ilə kollektiv Qərbi Rusiya-Ukrayna müharibəsindən yayındırmağı hədəfləyə bilər:

"Hələ ki, NATO-nun hərbi cavabı adekvat olmasa da, Qərbdən son açıqlamalar Rusiyaya qarşı ciddi təzyiqlərin planlandığına işarədir. Ukrayna müharibəsi ilə Rusiyanı özündən asılı vəziyyətə salan Çin müharibənin davamına maraqlıdır və prosesə söz sahibidir. Rusiya Ukraynada başladığı müharibə ilə çıxılmaz tələdədir. Həm Putin hakimiyyəti, həm də xarici aktorlar üçün Ukrayna müharibəsi zərurətə çevrilib".

Seçilən
3
hafta.az

1Mənbələr