Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.
Senzor.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX-nın Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində avtomobillə sərhəd xəttinə doğru hərəkət edən 2 (iki) naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb və xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "90-BJ-616" dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətə hərəkət edən Xaçmaz rayon sakinləri – 1987-ci il təvəllüdlü Mövsümov Elşad Ramin oğlu və 1997-ci il təvəllüdlü Rəhimov Murad Mehman oğlu şübhəli şəxs qismində saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılan şəxslər əraziyə ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəni götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.