AZ

Azərbaycanlı professor “Dünyanın ən nüfuzlu alimləri” siyahısında 

İstanbul Ticarət Universitetinin professoru, tətbiqi mexanika və kompozit konstruksiyalar sahəsində beynəlxalq miqyasda tanınmış alim Abdulla Sofiyev (Avey) növbəti dəfə Stanford Universitetinin təşəbbüsü ilə aparılan və “Elsevier” nəşriyyatı tərəfindən 2024 cü ildə  dərc edilən hərtərəfli araşdırmanın nəticələrinə əsasən “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil edilib. 

"Sherg.az"ın xəbərinə görə, professor həm “Karyeraya təsir”, həm də “İllik təsir” göstəriciləri üzrə dünyanın 2 faiz ən nüfuzlu alimləri sırasında yer alıb. Bu siyahı 2025-ci ilin sentyabr ayında çap edilib. 

Professor Abdulla Sofiyevin nəticəsi dünyanın fərqli universitetlərində və Azərbaycanda çalışan bütün Azərbaycanlı alimlər arasında ən yaxşı nəticədir. Bu uğur yalnız professor Sofiyevin fərdi elmi nailiyyətlərini deyil, eyni zamanda İstanbul Ticarət Universiteti ilə yanaşı, onun əməkdaşlıq etdiyi digər elmi müəssisələrin, xüsusilə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq səviyyədə nüfuzunun artmasına da xidmət edir. Belə ki, professor Sofiyev son illərdə hər iki universitetdə apardığı fundamental və tətbiqi tədqiqatlarla onların elmi-innovativ potensialının güclənməsinə, beynəlxalq elmi əlaqələrin inkişafına mühüm töhfələr verib. 
Professor Sofiyevin araşdırmaları əsasən nanokompozit və funksional dərəcələndirilmiş materiallardan hazırlanan çoxqatlı konstruksiyaların qeyri-xətti rəqslvr, dayanıqlıq və stabilite problemlərinə həsr olunub. Onun 300-dən artıq elmi məqaləsi nüfuzlu beynəlxalq jurnallarda dərc edilib. Bunların 190-dan çoxu yüksək impakt faktorlu SCİ göstəricisinə malik jurnallarda işıq üzü görüb. Əsərlərinə verilmiş minlərlə istinad onun elmi nüfuzunun qlobal miqyasda tanındığını təsdiqləyir.
Alim pedaqoji fəaliyyətində də mühüm nəticələr əldə edib. O, 16 magistr və 5 elmlər doktoru yetişdirib, Azərbaycan və Türkiyə elmi mühitində yeni bir elmi məktəbin formalaşmasına zəmin yaradıb. Bununla yanaşı, alim “Tətbiqi Mexanika” və “Kompozit Strukturlar” kimi mötəbər beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür.
Bundan başqa, A.Sofuyev Almaniyanın Karlsrue Texnologiya İnstitutunda, Türkiyənin müxtəlif universitetlərində, TÜBİTAK və NATO tərəfindən dəstəklənən layihələrdə uğurla iştirak etmişdir. Bu layihələr regionun elmi potensialının inkişafı və beynəlxalq əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
1961-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olan Abdulla Heydər oğlu Sofiyev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirmiş, daha sonra Azərbaycan Texniki Universiteti, Ondokuz Mayıs və Süleyman Dəmirəl universitetlərində müxtəlif akademik vəzifələrdə çalışıb. O, 2019-2024-cü illərdə ardıcıl olaraq Stanford Universitetinin hazırladığı siyahıya daxil edilmiş və öz sahəsində dünyanın ən nüfuzlu 100 alimindən biri kimi dəyərləndirilib. 
Professor Abdulla Sofiyevin İstanbul Ticarət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində paralel olaraq apardığı elmi fəaliyyət Azərbaycan və Türkiyə elminin beynəlxalq müstəvidə daha da möhkəmlənməsinə xidmət edir və gələcək nəsillər üçün nümunəvi elm yolu formalaşdırır.
Seçilən
61
sherg.az

1Mənbələr