AZ

Payızdan zövq alacağınız 5 yer

Payız bəzən xoş olmayan hava ilə yanaşı, səyahətsevərlərə səfərlərini nağıla çevirən parlaq rənglər də gətirir.

Bizim.Media xarici mediaya istinadla Avropada payız gözəlliklərindən həzz almaq üçün ən yaxşı beş məkan barədə xəbər verir.

Bern, İsveçrə

İsveçrənin paytaxtı Bern elə bir nağıl şəhərini xatırladır ki, sanki uşaq kitabının üz qabığından düşüb: daş döşəməli küçələr, zəngin bəzədilmiş fəvvarələr, möhtəşəm kilsə və məşhur orta əsr saat qülləsi. Şəhər Alp dağları ilə əhatə olunub və burada iynəyarpaqlı meşələr payızda parlaq sarı rəngə boyanır. Turistlərə Bern funikulyoru ilə Gurten dağının zirvəsinə qalxmağı tövsiyə edirlər. Burada meşə yolları ilə gəzmək və Alp mənzərəsindən həzz almaq mümkündür.

Voss, Norveç

Bergenə yaxın bu kiçik şəhər əsasən qış istirahəti və xizək kurortları ilə tanınır. Lakin o, payızda da gözəl məkan sayılır. Ən diqqətəlayiq yer Voss gölüdür. Güzgü kimi parıldayan buzlaq suları və qızılı rəngdə ağcaqayınlarla əhatələnmiş sahil turistləri valeh edir. Şəhər mərkəzindən qondola ilə Hanguren panoramasına qalxaraq gölə yuxarıdan baxmaq olar. Burada çoxlu gəzinti yolları var, meşələr isə ağcaqayın və şamlarla doludur. Həmçinin payız yarpaqları ilə əhatələnmiş möhtəşəm Tvindefossen şəlaləsini ziyarət etməyə dəyər.

Yanina, Yunanıstan

Görünüşünə görə çoxları Yunanıstanı yalnız yay istiqaməti kimi görür, amma Yanina payızda xüsusi cazibəyə malikdir. Bu, göl kənarında yerləşən orta əsr şəhəridir və dağlarla əhatə olunub. Pamvotis gölü öz kiçik adası ilə seçilir, ora yalnız qayıqla getmək mümkündür. Burada sərin payız gəzintisi etmək, qədim Bizans monastırlarını ziyarət etmək olar. Şəhərin mərkəzində isə daş döşəməli küçələrdə yerləşən Yanina qalası diqqəti cəlb edir.

Bled, Sloveniya

Avropanın ən gözəl Alp göllərindən birinin sahilində yerləşən Bled açıqca nağıl mənzərəsini xatırladır: kristal təmiz göl, kiçik adadakı orta əsr kilsəsi və dağın başındakı möhtəşəm qala. Payızın sentyabr-oktyabr ayları səfər üçün ən yaxşı vaxtdır: hələ hava çox soyumayıb, yarpaqlar isə bütün ənbər çalarlarına boyanır. Bu dövrdə hələ də kanoe və digər açıq hava əyləncələrindən yararlanmaq olar. Bundan əlavə, göl ətrafında yerləşən spa otellərdə istirahət edib, hovuzdan və sağaldıcı prosedurlardan həzz almaq mümkündür.

Vandom, Fransa
 

Mədəniyyət və təbiəti birləşdirən sakit bir məkan axtaranlar üçün Vandom ideal seçimdir. Bu kiçik şəhər Luar vadisinin mərkəzində yerləşir və orta əsr memarlığı ilə tanınır. Şəhərin üzərində qədim Vandom qalasının xarabalıqları ucalır, çayın sahilində isə Ronsar parkı yerləşir.


Rəngarəng payız yarpaqları, piyada körpüsü və sakit mənzərəsi ilə gəzinti üçün gözəl yerdir. Burada orta əsr evlərini, qotik Müqəddəs Üçlük abbatlığını və müxtəlif dadlara uyğun bistro və kafe ziyarət etmək olar. (Lent.az)

Bizim.Media

Seçilən
5
1
bizim.media

2Mənbələr