AZ

Britaniyalı investorların və şirkətlərin Azərbaycana marağı böyükdür - Ferqus Auld

Britaniyalı investorların və şirkətlərin Azərbaycana marağı böyükdür və biz bu imkanların reallığa çevriləcəyinə inanırıq.

Day.Az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Trend-ə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld bildirib.

O, Bakı İqlim Fəaliyyəti Həftəsində ikinci dəfədir ki, iştirak etdiyini və bundan məmnunluğunu qeyd edib:

"Bakı İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) ilk dəfə ötən il keçirilmişdi və çox mühüm bir başlanğıc oldu. Bu il isə daha geniş və daha uğurlu şəkildə təşkil olunub. Azərbaycanın COP29-a ev sahibliyi etməsi böyük nailiyyətdir və bu, yalnız hökumətlərin deyil, həm də biznesin və fərdlərin iqlim çağırışına cavab verməsi baxımından mühüm fürsətdir. Əlbəttə ki, bərpaolunan enerji sektorunda ambisiyaların mövcudluğu bizi sevindirir. İnvestisiya cəlbi və genişləndirilmə istiqamətində planlar var. Vacib olan odur ki, verilən bütün öhdəliklər yerinə yetirilsin. Fikrimcə, Azərbaycanın həm quruda, həm dənizdə günəş, külək və hidroenerji sahəsində çox böyük potensialı var və daha sürətli addımlar atıla bilər".

O, Azərbaycannın bərpa olunan enerji sahəsində Böyük Britaniya ilə qarşılıqlı təcrübələrindən yararlanma imkanlarından da danışıb:

"Məsələn, bp şirkəti Cəbrayılda yerləşən "Şəfəq" günəş elektrik stansiyasına sərmayə yatırır. Bu layihə həm də Səngəçal terminalının dekarbonizasiyasına töhfə verəcək. Britaniyalı investorların və şirkətlərin Azərbaycanda marağı böyükdür və biz bu imkanların reallığa çevriləcəyinə inanırıq".

Seçilən
42
1
day.az

2Mənbələr