AZ

Buskets nə işlə məşğul olacaq?

Serxio Busketsin karyerası ilə bağlı vacib qərar vermək ərəfəsində olduğunu xəbər vermişdik. Artıq yaşıl meydanı tərk etməyə hazırlaşan məşhur ispaniyalı futbolçunun yaxın gələcəklə bağlı planı da məlum olub.

“İnter Mayami”nin yarımmüdafiəçisi qərarını dekabrda - MLS-də mövsüm başa çatanda açıqlayacaq. ABŞ klubunda 2023-cü ilin yayından çıxış edən 37 yaşlı futbolçu yaşıl meydanı tərk edəndən sonra da futbol sahəsində işləyəcək.

Bunu jurnalistlərə onunla birgə İspaniya yığmasında oynamış Fransesk Fabreqas bildirib. “Komo”nun baş məşqçisi qısa açıqlamasında “Serxio məşqçi olmaq istəyir. Ona bu sahədə uğurlar diləyirəm” deyib.

“Barselona”nın yetirməsi olan Buskets bu komandanın heyətində meydana çıxdığı 722 oyunda 18 qol vurub və 46 məhsuldar ötürmə verib. Milli komanda ilə dünya və Avropa çempionu olan futbolçunun cari mövsümdə MLS-də meydana çıxdığı 38 oyunda 8 məhsuldar ötürmə verdiyini də xatırladaq.

Seçilən
4
1
football-plus.az

2Mənbələr