Musavat.com xəbər verir ki, bu gün Fələstin Dövlətinin Azərbaycandakı səfirliyində xüsusi əhəmiyyət daşıyan görüş keçirilib. Görüşdə yaxın günlərdə Qəzzadan Azərbaycana gətirilmiş fələstinli tələbələr iştirak ediblər. Onlar Qəzzadakı vəziyyətlə bağlı təəssüratlarını bölüşüb, yeni mühitdəki ilk təcrübələrindən danışıblar, Azərbaycandakı təhsil imkanları və gələcək planlarını səsləndiriblər.
Görüşün əsas məqsədi tələbələrin yeni mühitə adaptasiyasını asanlaşdırmaq, onların qarşılaşdıqları çətinlikləri dinləmək və dəstək göstərmək olub. Səfirlikdə tələbələrə Azərbaycanın mədəniyyəti, təhsil sistemi və sosial həyatı barədə də geniş məlumat verilib.
Bu təşəbbüs bir daha göstərir ki, Azərbaycan ilə Fələstin arasındakı qardaşlıq və dostluq münasibətləri humanitar sahədə də ardıcıl şəkildə genişlənir. Azərbaycanın bu addımı təkcə humanitar yardım deyil, həm də iki dövlət arasında uzunmüddətli strateji tərəfdaşlığın göstəricisidir.
Qeyd edək ki, bəzi sosial media istifadəçiləri – özlərini “İslam aşiqi” adlandıran qruplar – Azərbaycanı Fələstinə kifayət qədər dəstək verməməkdə ittiham edirlər. Halbuki bu iddialar tamamilə əsassızdır. Azərbaycan Fələstini dövlət kimi tanıyan ilk ölkələrdən biri olub – hələ 1992-ci ilin aprelində Fələstin Dövlətini tanıyıb və bu günədək də bütün beynəlxalq platformalarda onun hüquqlarını müdafiə edir.
Bunun ən son sübutlarından biri də məhz bu təşəbbüsdür – Azərbaycan öz imkanları ilə Qəzzadakı müharibə və humanitar fəlakət zonasında yaşayan tələbələri təhlükəsiz şəkildə Bakıya gətirib və onlara burada təhsil almaq imkanı yaradıb. Fələstin səfirliyinin yaydığı fotolardan da göründüyü kimi, tələbələr artıq Azərbaycanda rahat, əmin və etibarlı şəraitdə yaşayır, təhsillərinə başlayıblar.
Bu fakt bir daha göstərir ki, Azərbaycan təkcə sözlə deyil, əməli addımları ilə də Fələstin xalqının yanındadır.
Musavat.com