AZ

Azad edilmiş torpaqlarımızın dirçəlişi və Böyük Qayıdış ədalətin təntənəsinə çevriləcək

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa, Vətəndir!" misraları boşuna deyilməyib, təsadüfən yazılmayıb. Bu misralardakı böyük həqiqət qəhrəmanlarımızın yurd sevgisindən, onların Vətən uğrunda şəhadətindən doğub. 27 Sentyabr - Anım Günü də məhz bu həqiqətin təsdiqidir. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda edərək, onu böyük Vətənə çevirən gerçək qəhrəmanlarımızın sevgi və sayğı ilə anıldığı gündür. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsindən (və ya İkinci Qarabağ müharibəsindən) beş il keçir. Azərbaycan xalqı şanlı Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir. 44 gün davam edən Vətən müharibəsinin gətirdiyi böyük Qələbə uzun illər ərzində yürüdülən uzaqgörən siyasətin, möhkəm təməllər üzərində qurulmuş strategiyanın, peşəkar ordu quruculuğunun və sarsılmaz iqtisadi gücün məntiqi nəticəsi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər sayəsində Qarabağ və Şərqi Zəngəzur torpaqları işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.Beş il öncə bütün dünya Azərbaycan xalqının yurd sevgisinə, Azərbaycan Ordusunun döyüş gücünə və əzmkarlığına şahidlik etdi. Zaman keçdikcə bu qalibiyyət savaşının möhtəşəm nəticələri öz əhəmiyyətini daha aydın şəkildə göstərir. Bəli, 44 günlük Vətən müharibəsi və onun nəticələri obyektiv tarixi gerçəklikdir. 27 sentyabrdan başlanan böyük Zəfər yolu 8 noyabr 2020-ci ildə tarixi Qələbəmizlə və 10 noyabr Üçtərəfli Bəyanatı (Ermənistanın kapitulyasiyası) ilə yekunlaşdı. 44 gün davam edən müharibənin hər dəqiqəsi tarixə döndü, ən yeni tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqının yaddaşına misilsiz qəhrəmanlıq və qürur günü kimi həkk olunan 27 sentyabr günü tariximizin dönüş nöqtəsidir. Məhz həmin gün başlanan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 30 il davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev bu günü əbədiləşdirmək məqsədilə 2 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı imzalamaqla 27 sentyabrın hər il “Anım Günü” kimi qeyd olunmasını rəsmiləşdirdi. Beləliklə, Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycan xalqının azadlıq uğrunda iradəsinin, milli birlik və həmrəyliyimizin rəsmi simvoluna çevrildi.27 Sentyabr – Anım Günü, həmçinin gələcək nəsillərə müstəqil dövlətçilik, suverenlik uğrunda mübarizəyə və Vətənin müdafiəsinə həmişə hazır olmaq dərsidir. Bu baxımdan, Anım Günü həm də nəsillərin varisliyini ifadə edir, xalqımızın mübarizə əzmini, milli birliyini və qəhrəmanlığını təcəssüm etdirən mənəvi məktəb rolunu oynayır. 27 sentyabrdan başlayan 44 günlük yol bütövlükdə Azərbaycanın hərbi və siyasi iradəsinin, xalq-iqtidar birliyinin parlaq təzahürü oldu. Müharibə günlərində həm xalqımız, həm də siyasi qüvvələrimiz Prezident və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək tarixi birlik nümayiş etdirdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə, dəmir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Həmin günlərdə biz həddindən artıq məkrli, namərd düşmənlə üz-üzə idik. İşğalçı Ermənistan rəhbərliyi 44 gün ərzində bir neçə dəfə təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə aldı, dinc şəhərlərimizi bombaladı, çox sayda müharibə cinayətləri törətdi. Lakin bütün mənfur cəhdlərinə baxmayaraq işğalçılar rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilmədilər. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. 27 Sentyabr – Anım Günü şəhidlərimizin mübarizə və qəhrəmanlığının rəmzidir. Həmin gün başlanan böyük mübarizə son 200 ildə davamlı olaraq haqqı tapdanan, torpaqları qəsb olunan, lakin öz haqqını qorumaq əzmindən heç vaxt dönməyən bir xalqın ədalətli mübarizəsi idi. Prezident İlham Əliyevin bugünlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 80-ci sessiyasında etdiyi çıxışı zamanı vurğuladığı kimi Azərbaycan uzun illər işğal və ədalətsizlikdən əziyyət çəkdiyi, ikili standartlarla üz-üzə qaldığı halda, BMT nizamnaməsinə, müvafiq qətnamələrinə və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini özü bərpa etdi. Bizim xalqımız heç zaman müharibə istəməyib. Dövlətimiz daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışıb. Ancaq xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal edən təcavüzkar Ermənistan rəhbərliyinin "Miatsum", "böyük Ermənistan" kimi davakar daşnak ideologiyalarına əsaslanaraq işğalçı siyasəti davam etdirməsi və davamlı təxribatlara yol verməsi bizim üçün savaşdan başqa bir yol qoymadı, müharibəni qaçılmaz etdi. Bədnam Minsk Qrupunun açıq ermənipərəst siyasət yürütməsi və beynəlxalq ictimaiyyətin ikili standartlara əsaslanan yanaşmaları tarixi ədaləti yalnız öz gücümüzlə bərpa edə biləcəyimizi göstərdi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun peşəkarlığı və xalqımızın əzmi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz torpaq bütövlüyünü bərpa etdi.44 günlük müharibə zamanı və ondan sonrakı günlərdə Prezident İlham Əliyev həm də diplomatik müstəvidə yorulmadan mübarizə apardı və eləcə də dünya mediası ilə sıx əməkdaşlıq quraraq Ermənistanın dezinformasiya siyasətinin qarşısını aldı, beynəlxalq ictimaiyyətin müharibə həqiqətləri ilə bağlı obyektiv məlumatlandırılmasını təmin etdi. Dünyanın aparıcı beynəlxalq təşkilatlarının tribunasından Azərbaycanın haqq səsini dünyaya çatdıran Prezident İlham Əliyev Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, BMT Baş Assambleyasında və digər nüfuzlu platformalarda etdiyi çıxışlarında Ermənistanın işğalçı siyasətini davamlı şəkildə ifşa etdi, dünya birliyini isə ədalətə və beynəlxalq hüquqa sadiq olmağa çağırdı.2025-ci il sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışında da Cənab Prezident, "Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı dünya quraq” çağırışı ilə bir daha beynəlxalq ictimaiyyətə müraciət etdi. Bu çağırış qalib Azərbaycan dövlətinin haqlı mövqeyinin və beynəlxalq hüquqa söykənən siyasətinin BMT-nin ali kürsüsündən ifadəsi olmaqla yanaşı, həmçinin qlobal sülhə, ədalətə, sabitlik və əməkdaşlığa dəvətin bariz nümunəsidir. Müharibə meydanında qalib olan Azərbaycan bu gün həm də sülhün və ədalətin carçısı kimi çıxış edir. Prezident İlham Əliyevin vurğuladığı kimi indi Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Beləliklə, bu gün Azərbaycan BMT qətnamələrini BMT-nin heç bir dəstəyi olmadan, sırf öz hərbi gücünün sayəsində yerinə yetirən, beynəlxalq hüququn icrasını təmin edən yeganə dövlətdir. Bu isə məhz 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərin nəticəsində mümkün olub. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi və dəmir iradəsi bu qalibiyyəti bizə yaşatdı. Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Eyni zamanda, Cənubi Qafqazda yeni reallıqlar yaratdıq. İndi o möhtəşəm başlanğıcdan, taleyimizi dəyişən tarixi gündən – 27 sentyabr 2020-ci ildən beş il ötür. Bu Qələbəni bizə bəxş edən fədakar şəhidlərimiz, qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Şəhidlərimizin, qazilərimizin yenilməz döyüş ruhu gələcək nəsillərimiz üçün əsl qəhrəmanlıq nümunəsidir. Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların fədakarlığını dərin hörmət və ehtiramla anırıq. Biz bundan sonra daim qalib ölkə və qürurlu xalq kimi yaşayacağıq. Azad edilmiş torpaqlarımızın dirçəlişi və Böyük Qayıdış isə ədalətin təntənəsinə çevriləcək. Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
50
newscenter.az

10Mənbələr