AZ

Regionun taleyini dəyişən Zəfərin başlanğıcı – Anım Günü

Azərbaycan xalqı Vətən müharibəsinin başlandığı Anım gününü qeyd edir. 

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si xüsusi qeyd edilir.

Bununla əlaqədar olaraq saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

5 ildir ki, 27 sentyabr Azərbaycan tarixinə müqəddəs və əlamətdar gün kimi düşüb. 2020-ci il sentyabrın 27-də Azərbaycan silahlı qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ermənistan ordusunun  təxribatına qarşı əks-həmlə əməliyyatına başladı. 

Azərbaycan dövlətinin  Ermənistanın işğalı altındakı əraziləri azad etmək üçün keçirdiyi hərbi əməliyyatlar regionda 30 ilə yaxın davam edən status-kvonun dəyişməsi demək idi. 

Ermənistanın keçmiş Dağlıq Qarabağ və ətraf yeddi rayonu Azərbaycana qaytarmaq istəməməsi, sülh danışıqlarının nəticə verməməsi və ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti ərazilərin azad edilməsi üçün güc tətbiqini yeganə vasitəyə çevirmişdi. Ona görə də Azərbaycan beynəlxalq hüququn prinsiplərini əsas götürərək ərazi bütövlüyünü bərpa edilməsi prosesini həyata keçirdi. 

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən hərbi əməliyyatlar tarixə Vətən müharibəsi adı ilə düşüb. Ordu-Prezident-xalq formuluna əsaslanan milli həmrəyliyin yaranması ərazilərin 30 ilə yaxın davam edən işğalının aradan qaldırılmasında mühüm rol oynadı. Beləliklə,  Azərbaycan silahlı qüvvələri 44 gün ərzində Ermənistan işğalına son qoydu. 

Nəhayət, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalayaraq, öz qoşunlarını Azərbaycan ərazisindən çıxartmağa razı oldu. Bölgədə təhlükəsizliyi təmin etmək üçün üçün Rusiyanın sülhməramlı qüvvələri müvəqqəti olaraq Qarabağa yerləşdirildi. 

44 günlük müharibə öz nəticələrinə görə Cənubi Qafqazda tamamilə yeni  geosiyasi və geoiqtisadi dəyişikliklər yaradıb. Ərazilərin azad edilməsi növbəti mərhələdə Azərbaycanda erməni separatizminin ləğvinə aparan yolu açmış oldu. 

Azərbaycan ordusu ətraf yeddi rayonu, Şuşa şəhərini, Hadrut qəsəbəsi, Xocavənd rayonunun 80 faizini düşməndən təmizləsə də qondarma rejimin qalıqları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında separatçı fəaliyyətini davam etdirməklə ikinci erməni dövləti yaratmaq xülyasını həyata keçirməyə çalışırdılar. 

Vətən müharibəsində Azərbaycanın qələbəsi sonrakı mərhələdə Ermənistanla  aparılan sülh danışıqlarında da üstünlüyü təmin edən amilə çevrilib. İşğal dövründə ərazilərin dinc yolla  qaytarılması təklifi ilə razılaşmayan Ermənistan müharibədən sonra diplomatik müstəvidə Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalıb. Artıq tərəflər arasında paraflanmış sülh sazişi Azərbaycanın maraqlarını ifadə edir. 

Vətən müharibəsinin yaratdığı  geosiyasi reallıqlar regional münasibətlərin yenidən formalaşmasına səbəb olub. Cənubi Qafqazın geosiyasi oyunçusuna çevrilən Azərbaycan bölgədəki proseslərə ciddi təsir göstərmək imkanı əldə edib. 

Bu, bir tərəfdən Azərbaycanın qalib dövlət kimi yeni güc mərkəzi rolunda meydana çıxması ilə bağlıdırsa, eyni zamanda yerləşdiyi coğrafi mövqeyi ilə şərtlənir. Belə ki, işğal faktının aradan qalxması və sülhün təmin olunması regionu Şimal-Cənub və “Bir kəmər-Bir yol”, “Transxəzər” kimi nəqliyyat-ticarət dəhlizlərinin qovşağına çevirib. 

Avropanı Mərkəzi Asiya və Çinlə əlaqələndirən nəqliyyat daşımaları Azərbaycan üzərindən həyata keçiriləcək. Bu marşrutun əsas komponenti olan “Orta dəhliz”in reallaşmasında Azərbaycanın siyasi səyləri mühüm rol oynayıb. Ermənistan son beş ildə Zəngəzur dəhliznin açılmasına mane olmaqla bu prosesi ləngitsə də, sonda Azərbaycanın siyasi iradəsi ilə barışmalı oldu. 

Avqustun 8-də Ermənistan Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan və ABŞ prezidentinin təklif etdiyi “Tramp marşrutu” layihəsini imzalayıb. Kommunikasiyaların blokdan açılması daha böyük meqalayihələrin həyata keçirilməsinə şərait yarada bilər. Bu da Azərbaycanın  regional proseslərdə rolunu daha da artıracaq. 

Seçilən
9
cebheinfo.az

1Mənbələr