“Emirates” aviaşirkəti sərnişinlərə xatırladıb ki, 2025-ci il oktyabrın 1-dən etibarən təyyarələrdə portativ enerji yığıcı qurğuların – yəni poverbankların daşınması və istifadəsi ilə bağlı yenilənmiş qaydalar qüvvəyə minəcək. Yeni qaydalara əsasən, uçuş zamanı poverbanklardan istifadə qadağan olunacaq.“Qafqazinfo”nun xarici mediaya istinadən verdiyi məlumata görə, aviaşirkətin rəsmi saytında bildirilir ki, hər sərnişin yalnız bir ədəd, tutumu 100 vatt-saata qədər olan xarici akkumulyator götürə bilər.Bu qurğu yalnız əl yükündə daşına bilər və qeydiyyatdan keçmiş baqaja verilməsi qadağandır.Bundan əlavə, uçuş zamanı poverbankdan istifadə və ya onu enerji ilə doldurmaq icazəli deyil. Qurğu yalnız oturacağın altına və ya qarşıdakı oturacağın cibinə yerləşdirilməlidir. Baqaj rəfinə qoyulmasına icazə verilmir.Şirkət bildirir ki, zədələnmiş və ya həddindən artıq doldurulmuş akkumulyatorlar yanğın, partlayış və ya zəhərli qaz sızması kimi təhlükələr yarada bilər. Bu səbəbdən yeni tədbirlər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.“Emirates”in daha əvvəl yayımladığı məlumatda qeyd olunur ki, təyyarəyə ayrıca qablaşdırma şəraitində maksimum 15 ədəd fərdi elektron cihaz (noutbuk, planşet, mobil telefon və s.) gətirməyə icazə verilir. Litium batareyaları iri həcmdə olan “ağıllı” çamadanlar, giroskuterlər və mini-siqveylərin daşınması isə tamamilə qadağandır.Digər bir BƏƏ aviaşirkəti olan “Etihad” da “Bluetooth” texnologiyası ilə işləyən portativ səsgücləndiricilərin daşınması ilə bağlı xəbərdarlıq yayıb. Şirkət nümayəndələrinin sosial şəbəkələrdə verdiyi açıqlamaya görə, bu qurğular həm əl yükündə, həm də baqajda daşına bilər. Lakin onlar da 15 icazə verilən elektron cihazın ümumi limitinə daxildir.Bununla yanaşı, baqajda daşınan bütün cihazlar tamamilə söndürülməli və təhlükəsiz şəkildə qablaşdırılmalıdır. Əlavə akkumulyatorlar, poverbanklar və elektron siqaretlərin qeydiyyatlı baqaja qoyulması isə qəti şəkildə qadağandır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta