AZ

İtkin şəxslərlə bağlı BMT-nin xüsusi məruzəçisi - Azərbaycanın təklifi nə vaxt real olacaq?..


Xəyal Bəşirov: “BMT bu istiqamətdə öz üzərinə düşən addımları atmalı və bu məsələ ilə bağlı məruzəçinin təyin edilməsi barədə qərar qəbul etməlidir”

Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın sayı 4 minə yaxındır. Belə ki, həmin müharibədə 719 nəfəri mülki şəxs, 3171 nəfəri isə hərbçi olmaqla 3890 nəfər itkin düşüb.

Azərbaycan uzun illərdir ki, əsir və itkin düşən, girov götürülən vətəndaşlarımızın nəməlum taleyindən narahatlıq keçirir. Söz yox ki, itkin düşmüş şəxslərin taleyi təkcə ölkəmiz üçün aktual olmamalıdır, bu, beynəlxalq aləmi, xüsusilə də BMT və digər təsisatları da ciddi düşündürməlidir. Heç şübhəsiz, bu məsələdə beynəlxalq qurumların öz səylərini daha da gücləndirməsi, bu müstəvidə daha sistemli işlər görməsi zərurətə çevrilib.

Məlumdur ki, Azərbaycan tərəfi BMT-yə müraciət edərək, bu qurumu itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçilik institutunun yaradılmasına çağırıb.

Azərbaycanın 3890 nəfər itkin şəxsi var ki, onlar Birinci Qarabağ müharibəsində itkin düşüb, girov götürülüblər.

Qeyd etdiyimiz kimi, Azərbaycan bir müddət öncə BMT-yə təklif edib ki, itkin düşmüş şəxslər üzrə BMT-nin məruzəçisi mandatı təsis edilsin.

Çox maraqlı və vacib məsələdir. Azərbaycanın bir müddət əvvəl etdiyi təkliflə bağlı BMT tərəfindən hələ bir addım atılmayıb. Bu mandatın təsis olunması müharibələrdə itkin düşmüş şəxslərin axtarışı ilə bağlı doğrudan da böyük nəticə verə bilər.

BMT, demək olar ki, hər məsələ ilə bağlı məruzəçilər təyin edir, amma bu qədər insan müharibədə itkin düşüb, onlarla bağlı xüsusi məruzəçi mandatı niyə təsis etmir? Yaxud niyə də belə bir məruzəçi təyin olunmasın? Bu olduqca zəruridir, nəzərə alsaq ki, müharibələrdə yüzlərlə, minlərlə insan itkin düşür, girov götürülür və 30 illə o şəxslər haqda hər hansı bir məlumat olmur, ailələri, yaxınları narahatlıqla, intizarla yol gözləyir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin siyahısı bizə məlum olsa da və bu siyahı müxtəlif beynəlxalq qurumlara, o cümlədən də BMT-yə təqdim edilsə də, amma onların axtarışı sahəsində ortada elə də ciddi nəticələr yoxdur. Ermənistan məsuliyyətdən yayınır, faktları inkar etməyə cəhd edir, hətta belə qələmə verməyə çalışır ki, guya bu itkinlərdən, əsir və girovlardan xəbərsizdilər. Beynəlxalq münasibət, beynəlxalq tələb və təzyiq olmasa Ermənistan bu yöndə hər hansı bir addım atmayacaq. Amma BMT bu istiqamətdə məruzəçi mandatı təsis edərsə vəziyyət tamamilə dəyişər. Azərbaycanla yanaşı dünyanın digər yerlərində də müharibələr, münaqişələr nəticəsində itkin düşən şəxslər çoxdur. Bu baxımdan, BMT-nin belə bir institut təsis etməsi çox böyük zərurətə çevrilib.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, zaman-zaman Azərbaycan Prezidenti və digər rəsmi, səlahiyyətli şəxslər bu mövzunu gündəmə gətirib, bu problemi qaldırıblar: “Azərbaycan-Ermənistan müharibəsi dönəmində 4 minə yaxın vətəndaşımızın itkin düşməsi ilə bağlı problemə Ermənistan tərəfindən lazımı cavab verilməyib. BMT-nin, dünyanın ən nəhəng təşkilatı olmaqla yanaşı, həm də fəaliyyət istiqamətləri var. Bu fəaliyyət istiqamətlərindən biri də itkin düşmüş şəxslərlə bağlı problemlərin həlli ilə bağlıdır. Biz indiki şəraitdə nə üçün bu problemin aktuallığını qoruyub saxlayırıq? Çünki bilirik Azərbaycan Ermənistanla keçmiş Qarabağ münaqişəsindən sonra sülh istiqamətində çox ciddi uğurlu addımlar atıb. Demək olar ki, biz hər növbəti gün əvvəlki günə nisbətən Cənubi Qafqazda Ermənistanla birlikdə sülhə daha çox yaxınlaşırıq. 8 avqustda Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində Əliyev və Paşinyanın iştirakı, ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı. ATƏT-in Minsk Qrupunun de-yure buraxılması üçün müraciət olundu. Bundan sonra Ermənistana münasibətdə bizim bir şərtimiz qalıb ki, Ermənistan Konstitusion əsasda Azərbaycana qarşı ərazi iddialarından əl çəkməklə bağlı addım atsın, belə olduqda biz artıq sülh müqaviləsini imzalaya bilərik. İndi sual yaranır ki, belə bir məqamda Azərbaycanın bu problemi qaldırması nə dərəcədə aktualdır, nə dərəcədə proseslərə təsir göstərəcək? Bunu təbii, Azərbaycan dövləti, onun rəhbəri, müvafiq qurumlarımız ətraflı düşünüblər ki, əgər Azərbaycan Ermənistanla birdəfəlik keçmiş münaqişə səhifəsini arxada qoyub, düşmənçilik siyasətinə son qoyursa, Ermənistanla dayanıqlı və əbədi sülhə nail olmaq istəyirsə bu halda biz Ermənistanla hər hansı bir qaranlıq səhifə saxlamamalıyıq. Ciddi və əhəmiyyətli qaranlıq səhifələrdən biri də 4 minə yaxın Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlıdır. Həmin o şəxslərlə bağlı dəfələrlə Ermənistana çağrışlar etmişik ki, onların müqəddəratı, onların taleyi ilə bağlı məlumatları bizə versin. Amma Ermənistan bu istiqamətdə addım atmayıb. Normal münasibətlər qurmaq istəyiriksə bizim aramızda belə problemlər qalmamalıdır. Azərbaycan dövləti öz itkininin taleyini düşünür, 3890 nəfər 3890 ailə deməkdir. 4 minə qədər ailənin nisgili, kədəri üzərində sülhə nail olmaq, təbii ki, o qədər də doğru və real görünmür.

Bu məsələdə həm Ermənistan dövləti öz üzərinə düşəni etməlidir, real addımlar atmalıdır, həm də Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul olduğu və 27 il müddətində bu qətnamələrin kağız üzərində qaldığı, Baş Assambleyasının 2 qətnamə qəbul etdiyi, sədri tərəfindən 5 bəyanatın verildiyi BMT bu istiqamətdə üzərinə düşənləri etməlidir”.

X.Bəşirov qeyd etdi ki, BMT öz nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin, o cümlədən, keçmiş Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün addım atmalı idi, amma heç bir addım atmayan BMT heç olmasa bu mərhələdə Azərbaycanın 4 minə yaxın insanın taleyi ilə bağlı Ermənistandan məlumat alacaq nümayəndə təyin etsin: “BMT bu istiqamətdə öz üzərinə düşən addımları atmalı və bu məsələ ilə bağlı məruzəçinin təyin edilməsi barədə qərar qəbul etməlidir. İtkin düşən şəxslərlə bağlı BMT-nin məruzəçisi mandatı təsis edilərsə bu çox faydalı olar. Bu addım atılacaqsa biz sülhü daha tez əldə edəcəyik. O halda bizim Ermənistanla aramızda heç bir problemli məsələ qalmayacaq. Bu qurum bu istiqamətdə səylərini gücləndirməlidir. Əks halda Azərbaycanla Ermənistan arasında bu problem gələcəkdə də mövcudluğunu davam etdirəcək”.

İradə SARIYEVA

Seçilən
60
45
baki-xeber.com

10Mənbələr