AZ

İnkişaf edən ABŞ Azərbaycan münasibətləri itkin vətəndaşlarımızın taleyinin müəyyən edilməsində mühüm rol oynayacaq

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

3890 Azərbaycan vətəndaşının itkin düşməsi səbəbilə Azərbaycan BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı iki ildən bir qəbul olunan qətnamə təşəbbüsü ilə çıxış edib. Azərbaycan hesab edir ki, BMT-nin itkin düşmüş şəxslər üzrə Xüsusi məruzəçisinin mandatının yaradılması bu həssas məsələyə qlobal diqqətin artırılmasına və onun daha effektiv şəkildə həllinə töhfə verə bilər.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı çıxışı gözləniləndir, çünki itkin düşmüş şəxslərin taleyi Azərbaycan dövlət rəhbərini daim düşündürür və bu istiqamətdə mühüm addımlar atılır.

Tahir Rzayev

“Məsələ dəfələrlə ölkə prezidenti tərəfindən ən mötəbər tribunalardan səsləndirilmişdir. Çox təəssüflər olsun ki, uzun illər bu məsələyə beynəlxalq təşkilatlar, eləcə də BMT tərəfindən laqeyd münasibət göstərilmişdi.

Torpaqlarımız işğaldan azad edildikdən sonra itkin düşmüş bir çox şəxslərin cəsədləri tapılır və məlum olur ki, onlar ermənilər tərəfindən qətlə yetiriliblər. Lakin itkin düşmüş şəxslər bir çoxu hələ də Ermənistan ərazisindədir və əldə olunan gizli məlumatlar göstərir ki, onlar uzun illər orada istismar edilib, incidilib və ağır işlərə məhkum ediliblər”-Tahir Rzayev qeyd edib ki, əgər bu gün BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçi mandatının yaradılması təsis olunursa, sözsüz ki, bu məsələyə diqqət artırılmalıdır.

“Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyən, qəti addımlar atan, vətəndaşların hüququnu müdafiə edən və milli mövqedən çıxan bir dövlət kimi öz ölkəsinin inkişafı, təhlükəsizliyi, eləcə də suverenliyinin möhkəmlənməsi üçün bütün tədbirləri həyata keçirməyə qadirdir. Son illər əldə olunan nailiyyətlər, eləcə də beynəlxalq aləmdə qazanılan uğurlar bunu deməyə əsas verir.

ABŞ görüşləri bir daha göstərdi ki, Azərbaycan prezidenti öz siyasətində ardıcıldır, qətiyyətlidir. ABŞ ilə yaxınlaşma, xüsusilə bu ölkənin prezidenti Trampın Azərbaycan prezidentin fəaliyyətinə verdiyi yüksək qiymət ümid yaradır ki, bundan sonra dünyanın ən böyük dövləti BMT-nin müəyyən tədbirlərinə istiqamət verməyə qadirdir. Azərbaycanın dünya dövlətləri tərəfindən daha geniş müdafiə olunması itkinlərin taleyinin müəyyən edilməsində mühüm rol oynayacaq.

Vətəndaşlarımızın itkin düşmüş şəxslərin taleyi hər birimizi maraqlandırır və arzu edirik ki, bu adamların cəsədləri yox, özləri yerləri məlum edilib Azərbaycana qaytarılsın. Əlbəttə ki, bu da olacaq. Çünki Vaşinqtonda qəbul edilən bəyannamə, üçtərəfli razılaşmalar və bir çox məsələlərin müsbət həlli göstərir ki, gələcəkdə Ermənistanla Azərbaycan arasında münasibətlər öz axarına düşəcək, sülh müqaviləsinə imza atılmaqla bərabər, itkin düşmüş şəxslərin də taleyinə aydınlıq gətiriləcək”-deyən deputat vurğulayıb ki, bu istiqamətdə BMT-nin müvafiq orqanları da öz səylərini artırmalı, təsir dairələrini genişləndirməlidirlər.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
icma.az

1Mənbələr