AZ

“Uşaq valideynlərini itirməsə də, onların himayəsindən məhrum qala bilər”

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

“Qanunvericilikdə istifadə edilən anlayışların dəqiq, birmənalı və geniş tətbiq edilə bilən olması vacibdir. “Valideynlərini itirmiş” ifadəsi məzmun baxımından yalnız bioloji ölüm faktını nəzərdə tutur. Halbuki, uşaq valideynlərini itirməsə də, onların himayəsindən məhrum qala bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Məsələn, valideynlər məhkəmə qərarı ilə valideynlik hüququndan məhrum edildikdə, azadlıqdan məhrumetmə cəzası çəkdikdə, itkin düşdükdə, fəaliyyət qabiliyyətsizliyi elan olunduqda və ya uşağı tərk etdikdə, uşaq faktiki olaraq valideyn qayğısından, himayəsindən kənarda qalır. Belə hallarda uşağın hüquqi statusu “valideynlərini itirmiş” anlayışına daxil edilmir və bu da hüquqi boşluqlar yaradır.

Beynəlxalq hüquqi normalara baxdıqda, BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20-ci maddəsində valideyn mühitindən məhrum olmuş və ya öz mənafeyi naminə ondan məhrum edilməli olan uşaqların dövlətin xüsusi himayəsinə ehtiyacı olduğu göstərilir. Göründüyü kimi, beynəlxalq sənədlərdə “parental care”, yəni valideyn himayəsi anlayışı əsas götürülür və bu yalnız ölüm faktı ilə məhdudlaşdırılmır. Həmçinin BMT-nin yetim uşaqların hüquqları barədə tövsiyələri də himayəsiz uşaq anlayışını daha geniş mənada izah edir”, - o bildirib.

V.Qafarof qeyd edib ki, milli qanunvericiliyə nəzər saldıqda, Ailə Məcəlləsi və sosial müdafiə ilə bağlı digər qanunlarda uşaqların hüquqlarının qorunması valideynin hüquqdan məhrum edilməsi, uşaqların tərk edilməsi və digər halları da əhatə edi: 

“Bu baxımdan yalnız “valideynlərini itirmiş” ifadəsi bütün halları nəzərə almır, halbuki “valideyn himayəsindən məhrum olmuş” anlayışı həm valideynlərin ölümü, həm də hüquqi və faktiki səbəblərlə valideyn qayğısının olmaması hallarında uşağın statusunu aydın şəkildə müəyyən edir.

Nəticə etibarilə, “valideyn himayəsindən məhrum olmuş” ifadəsi həm hüquqi dəqiqlik yaradır, həm də valideyn ölümü, hüquqlardan məhrum edilmə və digər səbəbləri əhatə etməklə daha geniş hüquqi təminat verir. Bununla yanaşı, bu termin beynəlxalq normalara tam uyğun gəlir və qanun qarşısında bütün himayəsiz uşaqları eyni statusda tanımaqla sosial təminatların tətbiqində ayrı-seçkiliyin qarşısını alır”.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
qafqazinfo.az

3Mənbələr