Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Vladimir Putinin təşəbbüsü ilə keçirilən Qlobal Atom Forumuna qatılıb. Forumda bir çox ölkələrdən nümayəndələr, o cümlədən nazirlər, iri şirkətlərin top-menecerləri, alimlər iştirak edir. Maraqlıdır ki, Paşinyan bu tədbirə qatılmaq xatirinə, həmin vaxt ABŞ-də keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakdan vaz keçib. Bunun özü hazırda Putinlə görüşün Paşinyan üçün nədən bu qədər vacib olduğuna dair suallar doğurur…
Görüşə gəlincə, onun rəsmi hissəsində Putin Paşinyandan razılığını bildirib. O deyib ki, “bütövlükdə Rusiya ilə Ermənistan arasında münasibətlər sabit və yaxşı inkişaf edir”: "Ticarət dövriyyəsi demək olar ki, 11 milyard dollardır — hesab edirəm ki, bu, respublikanın (Ermənistanın-red.) xarici ticarət dövriyyəsinin 34 faizini təşkil edir. Bizim statistikaya görə, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 11,7 milyard dollardır. Bu, 2024-cü il üçün rekord göstəricidir. Bütün digər sahələrdə də əlaqələr inkişaf edir. Bir-birimizi bu yaxınlarda görsək də, həmişə müzakirə edəcəyimiz şeylər var…”
Lakin Putindən fərqli olaraq, Paşinyan qarşılıqlı ticarət dövriyyəsindən o qədər də məmnun olmadığını deyib. O qeyd edib ki, ötən iki illə müqayisədə bu il ölkələr arasında dövriyyə azalıb: "Siz qarşılıqlı ticarəti də qeyd etdiniz. Lakin bu il bir qədər azalma olub və bu, müəyyən qlobal proseslərə görədir. Amma hesab edirəm ki, bu mövzu üzərində işləmək vacibdir ki, qarşılıqlı ticarətimiz 2023 və 2024-cü illər üçün müəyyən etdiyimiz tempdə artmağa davam etsin. Və əlbəttə ki, bizim münasibətlərimizin çox zəngin gündəliyi var və bizim həmişə müzakirə edəcəyimiz çox şey var”.
Təbii ki, Paşinyan və Putin deməsə də, 2023-cü və 2024-cü illərdə Ermənistan-Rusiya ticarətindəki sıçrayış Ermənistandan Ukraynada işğalçılıq müharibəsi aparan Rusiyaya hərbi yönümlü elektronika avadanlıqlarının ötürülməsi olub. Sanksiyalar altında olan Rusiyanın hərbi sənayesini təmin etmək üçün Ermənistan tərəfindən Avropadan, ABŞ-dən və digər dövlətlərdən məişət avadanlıqları kimi alınan mallar Rusiyaya ixrac edilib. Orada isə həmin avadanlıqlardakı elektronika çıxarılaraq, raketlərdən PUA-lara qədər bir çox silahlarda istifadə olunub. Lakin görünür, Paşinyan azalmanı “qlobal proseslərlə” əlaqələndirsə də, Qərb bu xətti qismən də olsa bağlamaq qərarına gəlib və Ermənistanın “qulağını burub”. Ya da Rusiya idxal üçün başqa kanallar tapıb…
Putin görüşün rəsmi hissəsində Ermənistanın atom enerjisi ilə təminatı məsələsinə də toxunub: “Ermənistanda uzun müddətdir ki, AES var və forumda özünüz də qeyd etdiyiniz kimi, o, ölkənin elektrik enerjisinin 30 faizini təmin edir.
Bu, əhəmiyyətli rəqəmdir, 30 faiz - bütün elektrik enerjisinin üçdə biri - atom elektrik stansiyası tərəfindən istehsal olunur. “Rosatom” hazırda bu atom elektrik stansiyasının ömrünü uzatmaq üçün çalışır. Ona görə də sizin forumda iştirakınız təbii ki, tamamilə məntiqlidir”.
İstisna etmək olmaz ki, atom enerjisi məsələsi Paşinyanın Moskva səfərinin yalnız görünən tərəfidir. O da məlumdur ki, “Rosatom” Ermənistandakı atom elektrik stansiyasının ömrünü uzatmağa çalışdığı kimi, Paşinyan da öz hakimiyyətinin ömrünü uzatmağa çalışır. Bu isə digər amillərlə yanaşı, həm də Rusiyanın regiondakı, xüsusilə Ermənistanın özündəki fəaliyyətlərindən asılıdır.
Paşinyanla Putin media qarşısındakı çıxışlarında da qeyd etdilər ki, “müzakirə ediləsi məsələlər çoxdur”. Bu isə Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton anlaşmasından tutmuş, rus qoşunlarının Ermənistandakı varlığına və Ermənistanda gələn il keçiriləcək seçkilərə qədər bir çox məsələləri əhatə edə bilər. Bu müzakirələrdə Azərbaycanın və Türkiyənin adının çəıkilməsi də şübhəsizdir…
Putinin Paşinyanla “hansı dildə” danışmasına və ona real münasibətinə gəlincə, buna misal olaraq Paşinyanın səfəri ərəfəsində Moskvanın mərkəzindəki Ermənistan səfirliyi qarşısında keçirilən etiraz aksiyasını göstərmək olar. Müharibə başlayandan bəri bütün kütləvi aksiyalara qadağa qoyan Kremlin bu aksiyaya nədən “göz yumması” sualı açıq qalır. Bu sualın yeganə məntiqə uyğun cavabı isə yalnız həmin tədbirə Kremlin özü tərəfindən xeyir-dua verilməsi ola bilər. Odur ki, Paşinyanın bu Moskva səfərinin ilk növbədə özü üçün nə dərəcədə uğurlu olduğunu elə də uzaq olmayan zaman göstərəcək…
C.Məmmədli
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.