AZ

Tramp-Ərdoğan görüşündə Azərbaycan mövzusu...

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edərkən onu yüksək dəyərləndirən açıqlamalar verib.

Oval Ofisdə mətbuat nümayəndələrinin suallarını cavablandıran Tramp, Ərdoğanla uzun müddətdir dost olduqlarını xatırladaraq deyib: “Prezident Ərdoğan çox sayqındır. Öz ölkəsində, Avropada və bütün dünyada hörmət görür. Onu Ağ Evdə qəbul etmək bizim üçün böyük şərəfdir”.

Azərbaycan-Ermənistan arasında sülh

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ərdoğanla Ağ Evdə keçirilən görüş zamanı Azərbaycan-Ermənistan məsələsinə də toxunub.

Trampın sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın Cənubi Qafqazda nüfuzu çox böyükdür və bu, Azərbaycan ilə Ermənistan arasında aparılan sülh prosesinə də təsir göstərir:

“Ərdoğanın bölgədə inanılmaz bir nüfuzu var. Azərbaycan-Ermənistan barış prosesində onun rolu xüsusi əhəmiyyət daşıyır”.

ABŞ lideri əlavə edib ki, Vaşinqton bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq etməyə hazırdır və sülhün təmin olunması üçün regional liderlərin dəstəyi vacibdir.

Zirvənin gündəliyi

Tramp və Ərdoğan arasında keçirilən görüşün əsas mövzuları F-35 və F-16 qırıcıları, Halkbank məsələsi, ticarət əlaqələrinin genişləndirilməsi və regional məsələlər olub. ABŞ prezidenti Türkiyənin “muazzam bir orduya” sahib olduğunu bildirərək, hərbi əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Tramp qeyd edib ki, gün ərzində Ərdoğanla birlikdə nahar edəcək və danışıqlar genişləndiriləcək:

“Türkiyə ilə yüksək həcmdə ticarət edirik və bunu artırmaq niyyətindəyik. Onların konkret ehtiyacları var, bizim də. F-16, F-35 və digər məsələləri müzakirə edəcəyik”.

Qəzzə və Yaxın Şərq mövzusu

ABŞ prezidenti BMT Baş Assambleyası çərçivəsində Ərdoğan və digər liderlərlə Qəzzə barədə danışıqlar apardıqlarını bildirərək, “Razılaşmaya çox yaxınlaşmışıq. Tərəflərin hamısı barış istəyir, bütün girovların azad edilməsini istəyirik” – deyə açıqlama verib.

Suriya ilə bağlı açıqlama

Tramp həmçinin Suriyaya tətbiq olunan sanksiyaların Ərdoğanın xahişi ilə qaldırıldığını açıqlayıb:

“Suriya məsələsində qələbənin məsuliyyəti Ərdoğana aiddir. Bu, Türkiyə üçün qələbədir. Çox ağır sanksiyalar vardı, amma onun istəyilə bu addımı atdım”.

CAATSA sanksiyaları gündəmdə

Tramp, Türkiyəyə qarşı tətbiq olunan CAATSA sanksiyalarının qaldırılmasının gündəmdə olduğunu bildirib:

“Çox yaxında ola bilər. Bu barədə az sonra danışacağıq”.

Xatırladaq ki, CAATSA məhdudiyyətləri 2020-ci ildə Ankaranın Rusiyadan S-400 zenit-raket sistemləri alması səbəbilə tətbiq olunmuşdu.

Regional təsir və Rusiya-Ukrayna müharibəsi

Tramp, Ərdoğanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna lideri Volodimir Zelenski tərəfindən hörmətlə qarşılandığını vurğulayıb: “Hər kəs Ərdoğana hörmət edir. Əgər istəsə, böyük təsir göstərə bilər. Onun bölgədə inanılmaz nüfuzu var”.

Zirvədə iştirak edən heyət

Görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, MİT rəhbəri İbrahim Kalın, prezidentin baş müşaviri Akif Çağatay Kılıç və Vaşinqtondakı səfir Sedat Önal iştirak edib.

 

Musavat.com

Seçilən
18
21
musavat.com

10Mənbələr