AZ

Fransanın sabiq prezidenti Nikola Sarkoziyə beş il həbs cəzası verildi

Sarkozi Qəddafidən maliyyə dəstəyi almaqda təqsirli bilinib...

Poliqon xəbər verir ki, Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini “Liviya işi” çərçivəsində təqsirli bilib. İttiham aktına əsasən, Sarkozi 2007-ci il seçki kampaniyasını maliyyələşdirmək üçün Liviya diktatoru Müəmmar Qəddafidən milyonlarla avro qəbul edib.

70 yaşlı sabiq dövlət başçısı cinayətkar birlikdə iştirakda və qeyri-qanuni maliyyə vəsaitinin qəbulunda günahkar sayılaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Lakin hökmün icrası dərhal həyata keçirilməyib – məhkəmə cəzanın icrasını bir ay sonraya təxirə salıb. Bu o deməkdir ki, Sarkozi məhkəmə zalında həbs olunmayacaq, lakin yaxın həftələrdə prokurorluğa çağırılaraq həbsin başlama tarixi ona bildiriləcək.

Bu, Fransanın sabiq lideri barədə çıxarılan üçüncü məhkumluq hökmüdür. Daha əvvəl o, korrupsiya və qanunsuz dinləmə işlərində təqsirli bilinərək real həbs cəzasına məhkum edilib, lakin həmin cəza ev dustaqlığı ilə əvəz olunmuşdu.

“Le Monde” qəzetinin məlumatına görə, apellyasiya şikayəti belə, Sarkozinin təyin olunmuş müddət ərzində məhkumluq prosesinə başlamasına mane olmayacaq. Məhkəmə hökmdə qeyd edib ki, bu iş “vətəndaşların onları təmsil edənlərə inamını ciddi şəkildə sarsıda biləcək xüsusilə ağır halları” əhatə edir.

Məhkəmənin qərarı ilə Nikola Sarkozi həmçinin 100 min avro məbləğində cərimə ödəməyə məcbur edilib.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr