Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2007-ci il seçki kampaniyasını maliyyələşdirmək üçün Liviya diktatoru Müəmmər Qəzzafidən milyonlarla avro alınmasında - “Liviya işi” adlandırılan cinayətkar sövdələşmədə iştirak etməkdə təqsirli bilib.
70 yaşlı sabiq prezident 5 il müddətinə azadlıqdan məhrum edilməklə şərti cəza alıb. Bu isə o deməkdir ki, Sarkozi məhkəmədə həbs edilməyib və bir ay müddətində həbsxanaya göndəriləcək.
Xatırladaq ki, bu, eks-prezidentin üçüncü cinayət işidir və o, əvvəllər həbs cəzası alıb, lakin cəzası ev dustaqlığı ilə əvəzlənib.
Yerli “Le Monde” qəzeti xəbər verir ki, şərti cəza Sarkozinin bir ay ərzində prokurorluğa çağırılacağı və ona saxlanma tarixi barədə məlumat veriləcəyi deməkdir. Apellyasiya bu hökmün icrasını dayandırmayacaq.
Fransız nəşri əlavə edir ki, məhkəmə "vətəndaşların onları təmsil edənlərə inamını sarsıda biləcək müstəsna ciddi halları" əsas gətirərək cəzanı təxirə salıb.
Hakim həmçinin Sarkozinin 100 min avro cərimə ödəməsinə qərar verib.
Məhkəmə onu yalnız bir ittiham üzrə təqsirli bilib. Sarkozi, daha üç maddə üzrə – seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi, Liviya dövlət vəsaitlərinin sui-istifadəsi və korrupsiya sxemində passiv iştiraka görə bəraət qazanıb.
Müstəntiqlərin fikrincə, 2005-ci ildə o vaxtkı daxili işlər naziri olmuş Sarkozi ilə Qəzzafi arasında "korrupsiya müqaviləsi" bağlanıb. Sarkozinin seçki qərargahı xarici kampaniyanın maliyyələşdirilməsinə qoyulmuş qadağanı pozaraq 50 milyon avro alıb və bunun müqabilində fransız siyasətçi Qəzzafinin beynəlxalq təcrid statusundan çıxmasına kömək vəd edib.
Sarkozi daha sonra seçkilərdə qalib gəlib və Fransa prezidenti olub.
Hakim Natali Qavarino qərarında bildirib ki, Sarkozi maliyyə vəsaiti əldə etmək üçün köməkçilərinə Qəzzafi ilə əlaqə saxlamağa icazə verib. Bununla belə, məhkəmə Sarkozinin seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsindən faydalandığına dair kifayət qədər sübut tapmayıb.
Sarkozi bütün ittihamları rədd edib və cinayət təqibini siyasi motivli adlandırıb. Onun apellyasiya şikayəti verəcəyi gözlənilir.
İş üzrə istintaq 2013-cü ildə, Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslamın Sarkozini atasının pulundan seçki kampaniyasını maliyyələşdirməkdə ittiham etməsindən iki il sonra başlayıb.
İttihamlar qismən uzun illər Fransa və Yaxın Şərq ölkələri arasında vasitəçilik etmiş livanlı iş adamı Ziad Tacəddinin ifadəsinə əsaslanıb. Sarkozinin özündən başqa, işdə daha 11 fiqurant var. Onlardan bəziləri təqsirli bilinib, bəziləri isə bəraət alıb.
Bu, 2007-2012-ci illərdə Fransa prezidenti olmuş 70 yaşlı Sarkoziyə qarşı üçüncü məhkəmə prosesidir.
2021-ci ildə o, korrupsiyaya və nüfuz alverinə görə bir il həbs və iki il şərti həbs cəzasına məhkum edilib. Bu, sabiq dövlət başçısı ilk real həbs cəzası idi və sonradan cəza ev dustaqlığı ilə əvəz edilib.
Eks-prezident 2021-ci ilin sentyabrında ayrı bir iş üzrə təqsirli bilinib və yenidən şərti cəza alıb.
Nikola Sarkozi hər üç ittihamı rədd edib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"